e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Cərimələr və digər oxşar ödənişlər

Müqavilələrin pozulmasına görə borclu tərəfindən tanınan və ya məhkəmə qərarı ilə ödənilməli olan dəbbə pulu (cərimə, penya) müəssisənin sair əməliyyat gəlirlərinə və xərclərinə aiddir.

AR Mülki Məcəlləsi

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət

449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.[305]

449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

Maddə 462. Dəbbə pulu anlayışı

Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. ...

....

Məhkəmənin qərarı ilə tanınan və ya borclu tərəfindən gəbul edilən dəbbə pulu (cərimə, penya) məhkəmənin qərar gəbul etdiyi və ya borclunun borcu gəbul etdiyi tarixdə tanınır.

Misal üçün, AR Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə qərarına əsasən müqavilə öhdəliklərinin pozulmasına görə cərimələrin məhkəmə qətnaməsinin gəbul edildiyi gündən 1 ay keçdikdən sonrakı dövrdə mühasibat uçotunda əks olunmalıdır.

Borclunun müqavilə öhdəliklərinin pozulmasına görə cəriməni gəbul edilmə tarixinə cərimə sair əməliyyat gəlirləri kimi tanınır. Nəzərə almaq lazımdır ki, bu gəlirlərin tanınması müvafiq sənədlər ilə təsdiqlənməlidir. Bu cərimənin məbləğini müəyyən etməyə imkan verən borclunun məktubu, ikitərəfli imzalanmış akt və sair müqavilənin pozulmasını təsdiq edən sənədlər ola bilər.

Beləliklə, cərimələrin və digər oxşar ödənişlərin sair əməliyyat gəliri (xərci) kimi tanınması üçün əsas - mülki-hüquq müstəvisində yaranan münasibətlərdir. Cəriməninin gəlir kimi tanınması üçün ya məhkəmə qərarı olmalıdır, və ya borclu cəriməni ödəməyə razı olmalı, cərimənin məbləği ölçülə bilməli və sənədlər ilə təsdiqlənməlidir.

Müəssisəyə ödənilməli olan və gəlir kimi tanınan cərimələrin və digər oxşar ödənişlərin uçotu 611-4 nömrəli hesabda, müəssisə tərəfindən ödənilməli olan və xərc kimi tanınan cərimələr isə 731-4 nömrəli hesabda uçota alınır.

Cərimələr və digər oxşar ödənişlərin uçotu

611-4 №li "Cərimələr və digər oxşar ödənişlər" subhesabında mühasibat uçotu subyektinə ödənilən cərimələr və digər oxşar ödənişlərdən yaranan gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Cərimələr və digər oxşar ödənişlərdən əldə edilmiş gəlirlər yarandıqda 217 №li hesabın müvafiq subhesablarının debeti və 611-4 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

Cərimələr və digər oxşar ödənişlərdən əldə edilmiş gəlirlər debitor borc yaradılmadan ödəniş əsasında uçotda əks etdirildikdə, 221, 222, 223, 225 №li hesabların müvafiq subhesablarının debetində və 611-4 №li subhesabın kreditində əks etdirilir.

611-4 №li "Cərimələr və digər oxşar ödənişlər" subhesabının kreditində yığılmış məbləğlər hesabat dövrünün mənfəəti kimi 611-4 №li subhesabın debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

731-4 №li "Cərimələr və digər oxşar ödənişlər" subhesabında mühasibat uçotu subyekti tərəfindən ödənilən cərimələr və digər oxşar ödənişlərdən yaranan xərclər barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Cərimələr və digər oxşar ödənişlərdən yaranan xərclərə 731-4 №li subhesabın debeti və 521, 522, 523, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Cərimələr və digər oxşar ödənişlər üzrə xərclər kreditor borc yaradılmadan ödəniş əsasında uçotda əks etdirildikdə 731-4 №li subhesabın debetində və 221, 222, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

731-4 №li "Cərimələr və digər oxşar ödənişlər" subhesabının debetində yığılmış məbləğlər hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debetində və 731-4 №li subhesabın kreditində əks etdirilir.

Misal.

A MMC B MMC-ni alınan mallara görə ödənişləri gecikdirdiyinə və müqavilə şərtlərinin pozduğuna görə məhkəməyə verib. Məhkəmə 05.07.2018 tarixinə A MMC-nin iddiasını təmin edib, və qərara əsasən B MMC A MMC-yə alınan mallara görə ödənişləri gecikdirdiyinə görə 3 000 AZN cərimə ödəməlidir.

Eyni zamanda, A MMC məhkəməyə iddia ərizəsini verdiyi zaman 30 AZN dövlət rüsumu ödəmiş və ödəniş təsdiq edən qəbz iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə qərarına əsasən A MMC-nin ödədiyi 30 AZN dövlət rüsumu da B MMC tərəfindən A MMC-yə ödənilməlidir.

B MMC 3 030 AZN cərimə məbləğini və dövlət rüsumu məbləğini A MMC-nin hesablaşma hesabına 15.08.2018 tarixində köçürmüşdür.

Bu əməliyyatlar A MMC-nin və B MMC-nin mühasibat uçotunda aşağıdakı müxabirləşmələr ilə əks olunacaq:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
A MMC-nin uçotunda (gəlirin tanınması)
1 Məhkəməyə verilən iddia ərizəsinə əsasən dövlət rüsumu ödənilir. 731-10 "Digər əməliyyat xərcləri" 244 "Təhtəlhesab məbləğlər" 30
2 Məhkəmə qətnaməsinin gəbul edilməsindən 1 ay sonra cərimə gəlir kimi tanınır. 217 "Digər qısamüddətli debitor borcları" 611-4 "Cərimələr və digər oxşar ödənişlər" 3 000
3 Məhkəmə qətnaməsinin gəbul edilməsindən 1 ay sonra ödənilən dövlət rüsumu gəlir kimi tanınır. 217 "Digər qısamüddətli debitor borcları" 611-10 "Digər əməliyyat gəlirləri" 30
4 B MMC tərəfindən cərimə məbləği və dövlət rüsumu A MMC-nin hesabına ödənlir. 223 "Bank hesablaşma hesabları" 217 "Digər qısamüddətli debitor borcları" 3 030
B MMC-nin uçotunda (xərcin tanınması)
1 B MMC tərəfindən məhkəmənin qərarına əsasən cərimənin xərc kimi tanınması. 731-4 "Cərimələr və digər oxşar ödənişlər" 538 "Digər qısamüddətli kreditor borcları" 3 000
2 B MMC tərəfindən məhkəmənin qərarına əsasən A MMC-nin ödədiyi dövlət rüsumunun xərc kimi tanınması. 731-10 "Digər əməliyyat xərcləri" 538 "Digər qısamüddətli kreditor borcları" 30
3 B MMC tərəfindən məhkəmənin qərarına əsasən cərimənin A MMC-nin hesabına ödənilməsi. 538 "Digər qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 3 030

Vergi uçotu.

AR Vergi Məcəlləsinin 13.2.12 maddəsinə əsasən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ müvafiq tarixlərdə satışdankənar gəlirlərə aid edilir. Gəlirlərin tanınması tarixi məhkəmə qətnaməsinin gəbul edildiyi gündən 1 ay keçdikdən sonra, və ya borclunun cəriməni tanıdığı sənədin (məktub, ikitərəfli akt və s.) tarixinə əsasən olacaqdır.

Bundan başqa, satışdankənar gəlir kimi tanınan cərimə, dəbbə pulları ƏDV məqsədləri üçün verqitutma obyekti deyil.

Eyni zamanda, AR Vergi Məcəlləsinin 119.1.2 maddəsinə əsasən gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına yol verilir. Xərclər məhkəmə qərarına və ya borclunun cəriməni tanıdığı sənədin tarixinə əsasən müəyyən ediləcəkdir.

Lakin, AR Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin gəlirdən çıxılmasına yol verilmir. Onlar vergi ödəyicisinin sərəncamında qalan xalis mənfəət hesabına silinməlidir.

Qeyd: bağlanmış müqavilədən irəli gələn dəbbə pulu qeyri-rezidentə ödəniləcəksə, qeyri-rezidentin digər gəliri kimi 10 faiz dərəcə ilə vergiyə cəlb olunmalıdır.

Yazı sonuncu dəfə 2018-11-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.