e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri

Keyfiyyət xüsusiyyətləri maliyyə hesabatlarında təqdim olunan informasiyanı istifadəçilər üçün daha faydalı edən atributlardır. Anlaşıqlıq, münasiblik, etibarlılıq və müqayisəlilik əsas dörd keyfiyyət xüsusiyyətləridir:

1. Anlaşıqlılıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın əsas xüsusiyyəti onun istifadəçilər tərəfindən tez başa düşülməsindədir. Eyni zamanda, istifadəçilər biznes, iqtisadi fəaliyyət və mühasibatlıq haqqında zəruri biliklərə malik olmalı və informasiyanı kifayət qədər dərindən öyrənməyə hazır olmalıdırlar. İstifadəçilərin iqtisadi qərarlar qəbul etmək üçün əhəmiyyətinə görə maliyyə hesabatlarında əks etdirilməli olan mürəkkəb məsələlərlə bağlı informasiya, sadəcə olaraq müəyyən istifadəçilər tərəfindən çətin başa düşüləcəyi səbəbindən hesabatdan çıxarılmamalıdır;

2. Münasiblik: Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməklə istifadəçilərin iqtisadi qərarlar qəbul etmələrinə təsir edən informasiya münasib hesab olunur. İnformasiyanın münasibliyi onun xarakterinə və əhəmiyyətliliyinə təsir göstərir:

  • Əhəmiyyətlilik: İnformasiyanın təqdim edilməməsi və ya təhrif edilməsi istifadəçilər tərəfindən maliyyə hesabatları əsasında qəbul edilmiş iqtisadi qərarlara təsir edə bilərsə, informasiya əhəmiyyətli sayılır. Əhəmiyyətlilik təqdim edilməmiş və ya təhrif edilmiş informasiyanın həcmindən asılıdır;

3. Etibarlılıq: Faydalı olmaq üçün informasiya etibarlı olmalıdır. Tərkibində əhəmiyyətli səhvlər və qərəzli olmayan informasiya etibarlılıq keyfiyyətinə malikdir:

  • Düzgün təqdimat: Etibarlı olmaq üçün maliyyə hesabatlarında təqdim edilməli olan və ya təqdim edilməsi gözlənilən əməliyyatlar və digər hadisələr üzrə informasiyalar düzgün təqdim olunmalıdır;
  • Mahiyyətin formadan üstünlüyü: Maliyyə hesabatlarında əks etdirilən əməliyyatların və digər hadisələrin düzgün olması üçün həmin əməliyyatlar və hadisələr onların iqtisadi mahiyyətinin hüquqi formasından üstünlüyü prinsipi əsasında təqdim olunmalıdır;
  • Neytrallıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün məlumatlar neytral, yəni, qərəzsiz olmalıdır. Maliyyə hesabatlarını hazırlayanlar tərəfindən təqdim olunan informasiya, onların öncədən müəyyən olunmuş nəticənin əldə edilməsi üçün istifadəçinin qərarına təsir etdikdə, informasiya neytral hesab oluna bilməz;
  • Ehtiyatlılıq: Ehtiyatlılıq - qeyri-müəyyən şəraitdə qiymətləndirmə zamanı aktiv və ya gəlirlərin artırılmamasının, öhdəlik və xərclərin azaldılmamasının təmin olunması məqsədi ilə diqqətli yanaşmanın tətbiqidir. Qeyri-müəyyən şəraitdə aktiv və gəlirin mümkün dəyərlərindən ən aşağı, öhdəlik və xərcin isə ən yüksək qiyməti istifadə edilməlidir. Ehtiyatlılıq prinsipinə riayət olunması gizli kapital ehtiyatlarının və həddən artıq həcmdə hesablanmış qiymətləndirilmiş öhdəliklərin yaradılmasını, habelə aktivlərin və gəlirlərin qəsdən azaldılmasına və ya öhdəliklərin və xərclərin qəsdən artırılmasına əsas vermir;
  • Tamlıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün bu informasiya, onun əhəmiyyətliliyi və ona çəkilən xərclər nəzərə alınmaqla, dolğun olmalıdır;

4. Müqayisəlilik: Müxtəlif dövrlər üçün mühasibat uçotu subyektinin maliyyə vəziyyətindəki və fəaliyyətinin nəticələrindəki meylləri müəyyən etmək baxımından istifadəçilər mühasibat uçotu subyektinin maliyyə hesabatlarını müqayisə edə bilməlidirlər. İstifadəçilər həmçinin müxtəlif mühasibat uçotu subyektlərinin müvafiq maliyyə vəziyyətini, fəaliyyətinin nəticələrini və maliyyə vəziyyətindəki dəyişikləri qiymətləndirmək üçün mühasibat uçotu subyektlərinin maliyyə hesabatlarını müqayisə edə bilməlidirilər. Oxşar əməliyyatların və digər hadisələrin maliyyə təsirlərinin ölçülməsi və göstərilməsi mühasibat uçotu subyekti üzrə və onun mövcud olduğu dövr üçün və müxtəlif mühasibat uçotu subyektləri üçün eyni üsulla həyata keçirilməlidir.

Yazı sonuncu dəfə 2018-06-25 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.