e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Royalti gəliri

Gəlirlər üzrə" Kommersiya Təşkilatlari üçün 6 № li Milli Mühasibat Uçotu Standarti

Royalti – müəssisələrin uzunmüddətli aktivlərinin (patentlərin, ticarət nişanlarının, müəlliflik hüquqlarının, kompüter proqram təminatının və sair oxşar aktivlərinin) istifadəsinə görə ödənişlərdir.

Royalti formasında yaranan gəlir aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə müvafiq müqavilənin mahiyyətinə uyğun olaraq, hesablama metodu əsasında tanınmalıdır.:

  1. əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal olunduqda;
  2. gəlirin məbləğini etibarlı əsasla qiymətləndirmək mümkün olduqda.
Misal.

A MMC müəlliflik hüququ ona məxsus proqram təminatının satışından 50 000 AZN dəyərində royaltı almışdır.

Royalti formasında yaranan gəlir, adətən müvafiq müqavilələrin şərtlərinə uyğun olaraq hesablanır və tanınır. Lakin, bəzi hallarda müqavilənin mahiyyətini nəzərə alaraq, bu gəlirin başqa sistematik və məqsədəmüvafiq əsasda ( hadisə və əməliyyatların hüquqi formasına deyil, iqtisadi mahiyyətinə görə üstünlüyün verilməsi prinsipinə uyğun olaraq) tanınması daha məqsədəuyğundur

601-4 №li "Royalti gəliri" subhesabında mühasibat uçotu subyektinin adi əməliyyat fəaliyyəti zamanı əqli mülkiyyət hüququ ilə bağlı verilən lisenziya müqabilində satışa, yaxud əqli mülkiyyətdən istifadəyə əsaslanan royaltidən əldə edilən gəlirinin dəyəri əks etdirilir.

Royalti gəlirinin dəyərinə 171, 172, 173, 174, 175, 177, 211, 212, 213, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 601-4 №li hesabının krediti üzrə mühasibat yazılışı verilir.

Royalti gəlirinin dəyərinə görə hesablanılmış əlavə dəyər vergisinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Royalti gəlirinin dəyəri mühasibat uçotu subyektinə ödənildikdə 221, 222, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının debeti və 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Royalti gəliri 601-4 №li hesabın debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Royalti gəliri üzrə hesablanmış xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və 701 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Vergi uçotu

AR Vergi Məcəlləsinin 99.3.4 maddəsinə əsasən royalti qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir növünə aiddir.

AR Vergi Məcəlləsi, Maddə: 13.2.23

Royalti — ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

Rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Royaltidən gəlir əldə edən fiziki şəxslərdən vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Sosial sığorta haqqında AR Qanununun 15-ci maddəsinə əsasən royalti gəliri üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

Yazı sonuncu dəfə 2019-02-07 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.