e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Kommersiya xərcləri

Kommersiya xərcləri - malların satışı, xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə əlaqədar çəkdiyi xərclərdir.

Kommersiya xərclərinə aid edilə bilər:

  • taralara və hazır məmulatların qablaşdırılması xərcləri;
  • məhsulların göndərmə stansiyalarına (tərsanələrə) və müştəriyə çatdırılması çatdırılması, nəqliyyat vasitələrinə yüklənməsi xərcləri;
  • satış təşkilatlarına və digər vasitəçi təşkilatlara ödənilən komisyon haqqları;
  • satış yerlərində məhsulun mühavizə edildiyi binaların saxlanmasına və icarəsinə olan xərclər;
  • marketinq şöbəsinin işçilərinin və satıcıların əmək haqqı xərcləri və sosial sığorta ayırmaları;
  • satış və marketinq sahəsində istifadə olunan uzunmüddətli aktivlər üzrə amortizasiya xərcləri;
  • reklam xərlcəri;
  • nümayəndəlik xərcləri;
  • sair analoji xərclər.

"Ehtiyatlar" adlı 2 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı-na əsasən saxlama (anbar) məsrəfləri (istehsal prosesində növbəti mərhələyə keçid üçün lazım olan məsrəflər istisna olmaqla) və satış məsrəfləri ehtiyatların ilkin dəyərinə daxil edilməməli və yarandığı dövrdə xərc kimi tanınmalıdır.

Misal üçün, malların satıcının ambarından alıcının ambarına çatdırılması satış məsrəfləri hesab edilir, və yarandığı dövrdə xərc kimi tanınmalıdır.

Kommersiya xərclərinin tərkibinə daxil olan qablaşdırma xərcləri müvafiq növ məhsulların maya dəyərinə birbaşa əlavə edilə bilər. Misal üçün, qazlı su istehsalı ilə məşğul olan müəssisədə hazırlanan məhsulun(butulkalar) üzərinə istehsal sexində plenka vurulursa (bir kasetdə 6 butulka), o zaman, bu plenka vurma xərcləri mıhsulun maya dəyərinə aid edilə bilər. Lakin, bu məhsulların iri həcmdə yüklənməsi və daşınması üçün istifadə edilən poddonlar onların maya dəyərinə daxil edilə bilməz. Qablaşdırma xərclərinin məhsulun maya dəyərinə daxil edilməsi məhsulların texniki xüsusiyyətlərindən asılıdır.

Kommersiya xərclərinin uçotu

Kommersiya xərclərinin uçotu Hesablar Planının 71-ci maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin kommersiya fəaliyyətində istifadə olunmuş xammal və material xərcləri, kommersiya fəaliyyəti ilə məşğul olan işçi heyəti ilə bağlı xərclər və işçi heyəti ilə bağlı xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları, kommersiya fəaliyyəti ilə bağlı aktivlərin amortizasiya xərcləri və kommersiya fəaliyyəti ilə bağlı digər xərclər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 711 №li "Kommersiya xərcləri" hesabı açılır.

711 №li "Kommersiya xərcləri" hesabı üzrə aşağıdakı subhesablar açılır:

  • 711-1 №li "Kommersiya xərcləri kimi tanınan xammal və material xərcləri";
  • 711-2 №li "Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclər";
  • 711-3 №li "Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları";
  • 711-4 №li "Kommersiya xərcləri kimi tanınan aktivlər üzrə amortizasiya xərcləri";
  • 711-5 №li "Kommersiya xərcləri kimi tanınan digər xərclər".

711-1 №li "Kommersiya xərcləri kimi tanınan xammal və material xərcləri" subhesabında mühasibat uçotu subyektinin kommersiya xərcləri kimi tanınan xammal və materiallarla əlaqədar çəkilmiş xərclərin dəyəri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 711-1 №li subhesabın debeti və 201, 207 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

711-2 №li "Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclər" subhesabında mühasibat uçotu subyektinin kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə çəkilmiş xərclərin dəyəri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 711-2 №li subhesabın debeti və 191, 242, 411, 441, 511, 514, 523, 533, 541 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

711-3 №li "Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları" subhesabında mühasibat uçotu subyektinin kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 711-3 №li subhesabın debeti və 522 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

711-4 №li "Kommersiya xərcləri kimi tanınan aktivlər üzrə amortizasiya xərcləri" subhesabında mühasibat uçotu subyektinin kommersiya fəaliyyəti ilə bağlı aktivlərin amortizasiya xərclərinın dəyəri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 711-4 №li subhesabın debeti və 102, 112, 122, 132 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

711-5 №li "Kommersiya xərcləri kimi tanınan digər xərclər" subhesabında mühasibat uçotu subyektinin kommersiya fəaliyyəti ilə bağlı digər xərclərinin dəyəri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 711-5 №li subhesabın debeti və 191, 221, 222, 223, 224, 225, 244, 412, 413, 414, 432, 434, 435, 445, 512, 513, 515, 521, 523, 532, 535, 537, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Kommersiya xərcləri kimi tanınan xammal və material xərclərinə, işçi heyəti üzrə xərclərə, işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmalarına, aktivlər üzrə amortizasiya xərclərinə və digər xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və 711-1, 711-2, 711-3, 711-4, 711-5 №li subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Vergi uçotu

Kommersiya xərclərinin vergi uçotunda əsas məsələlər bu xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsi, və bu səbəbdən onlara görə ödənilən ƏDV-nin azalmaya verilib-verilməməsi məsələlərdəndir.

Bildiyimiz kimi, AR Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılır. Bu səbəbdən də, kommersiya xərclərinin (reklam, nümayəndəlik, komisyon və s. xərclərin) həqiqətən də gəlirin əldə edilməsi ilə bağlı olması təsdiq edilməlidir. O təsdiq edildikdən sonra o gəliri azaldan xərclərə aid edilə bilər, və ona görə ödənilən ƏDV əvəzləşdirməyə verilə bilər.

Misal üçün, AR Vergi Məcəlləsində nümayəndəlik xərcləri barədə ayrıca bir müddəa verilməyib. Gəlirdən çıxılmayan və gəlirdən məhdudlaşdırılmaqla çıxılan xərclərin tərkibində də nümayəndəlik xərcləri barədə konkret məzmunlar göstərilməyib. Əgər gəlirin alınması ilə bağlı sənədləşdirilmiş məlumat əsasında nümayəndəlik xərcləri çəkilmişdirsə, həmin xərcləri gəlirdən çıxmaq olar. Əks halda, bu xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Yazı sonuncu dəfə 2018-08-16 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.