e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmək intizamı məsuliyyəti

Baş mühasibin və ya mühasibin əmək intizamı məsuliyyəti onların öz vəzifələrini lazımi qaydada yerinə yetirmədiyinə görə yaranır.

Belə ki, baş mühasib və ya mühasib ilə əmək müqaviləsi bağlandıqda müqavilədə onun vəzifə öhdəlikləri qeyd edilir. Baş mühasibin və ya mühasibin vəzifə öhdəlikləri AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının "15" noyabr 2005-ci il tarixli 24-2 N-li qərarı ilə təsdiq edilmiş Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası-nda öz əksini tapmışdır.

Baş mühasibin və ya mühasibin bu vəzifəyə təyin edilməsi sənədləşdirilməlidir. Belə ki, keçmiş baş mühasib yeni baş mühasibə öz işlərinin təhvil-təslimi aktı ilə təhvil verməlidir. Bu keçmiş mühasibin öz vəzifələrini lazımi qaydada aparmasını təmin edir, və yeni mühasibin yeni vəzifəyə hansı vəziyyət ilə başlamasını sənədləşdirir.

Mühasib əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, AR Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

  • töhmət vermək;
  • sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
  • kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
  • işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsini ləğv etmək.

AR Əmək Məcəlləsi, Maddə 10

İntizam tənbehinin verilməsi şərtləri

Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

Misal.

İşçiyə işə gecikməyə görə xəbərdarlıq edilmişdir. Növbəti gün müəssisə rəhbəri cəzanın çox yumuşaq olduğunu hesab edərək işçiyə töhmət verilməsini əmr etmişdir. İşçi bu cəzanın qanunsuz olduğunu hesab edərək əmək müfəttişliyinə müraciət etmişdir. Müfəttişlik müəssisə rəhbərinin hərəkətlərinin qanunsuz olduğunu təsdiq etmişdir.

İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.

Yazı sonuncu dəfə 2018-12-02 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.