e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmək haqqı və onun ödənilməsi

Əmək haqqı işçilərə aşağıdakı formalarda verilə bilər:

  • nəğd pul ilə
  • işçinin bankdakı hesabına köçürülə bilər
  • natura formasında

AR Əmək Məcəlləsi, Maddə 174:                                    

Maddə 174. Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi
  1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.
  2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.
  3. İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, məişətdə işlədilən digər gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.
  4. Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi - manatla ödənilir.

Mövcud qaydalara görə kassadan əmək haqqı üç gün müddətində ödənməlidir. Həmin vaxt bitdikdən sonra kassir əmək haqqını almayan hər bir şəxsin soyadı qarşısında "deponentləşdirilib" sözü yazır və ödəmə cədvəlini toplamaqla faktiki olaraq ödənilmiş və ödənilməmiş pul məbləğini cədvəldə əks etdirir. Üç gün ərzində ödənilməmiş pul məbləği bankdakı hesablaşma hesabına qaytarılır. "Deponent" qaydasında banka qaytarılan pul məbləği işçilərin tələbi əsasında bankdan alınır və ödənilir.

Əmək haqqının ödənilməsi Ödəmə cədvəli və ya Hesablama-ödəmə cədvəli ilə həyata keçirilə bilər. Hesablama-ödəmə cədvəlinin tərtib olunmasında ilkin sənədlər olmaq etibarı ilə işçinin iş vaxtında iştirakı uçotu tabeli, əmək haqqı üzrə toplama cədvəli, mühasibat uçotunda əks olunmuş bütün əlavə ödənişlər, keçən ayın hesablaşma cədvəli, məhkəmə və digər orqanlar tərəfindən təqdim olunmuş icra vərəqələri, kassa sənədləri üzrə ödənmiş avanslar, məzuniyyət üzrə ödəmələr və əmək haqqının hesablanması ilə əlaqədar olan digər sənədlərdən istifadə olunur.

Əmək haqqının ödənilməsi üzrə müxabirləşmələr aşağıdakı kimidir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Əmək haqqının kassadan ödənilməsi 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 221 "Kassa" 1 000
2 Əmək haqqının işçilərin hesablaşma hesabına və ya karta köçürülməsi 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 223 "Bank hesablaşma hesabları" 5 000


Yazı sonuncu dəfə 2019-02-12 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.