e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Malların qaytarılması

Bəzi hallarda alıcılar aldığı malları satıcıya qaytarırlar. Bu müxtəlif səbəblərdən baş verə bilər (misal üçün, alqı-satqı müqaviləsinin şərtləri satıcı tərəfindən pozulduqda).

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında AR Qanununa əsasən istehlakçılar aşağıdakı hüquqlara malikdir:

  • malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;
  • istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;
  • malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;
  • malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;
  • qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;
  • öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;
  • ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.

Hər-bir halda müqavilə şərtləri pozulmaya da bilər, lakin satıcı malları qaytarmağa hazırdır. Gəlin baxaq bu əməliyyatlar satıcının və alıcının mühasibat uçotunda nə cür əks olunmalıdır.

Malların qaytarılması satıcının mühasibat uçotunda.

Əgər alqı-satqı müqaviləsinin şərtləri yerinə yetirilməyibsə, alıcı aldığı malları geri qaytara bilər. Bu aşağıdakı halllarda baş verə bilər:

  • mallar müqavilədə göstərilən miqdardan az daxil olduqda (AR Mülki Məcəlləsi, Maddə 578);
  • göndərilən malların çeşidi sifariş ilə üst-üstə gəlmədiqdə (AR Mülki Məcəlləsi, Maddə 580);
  • göndərilən mallar keyfiyyətsiz və zay olduqda (AR Mülki Məcəlləsi, Maddə 587);
  • mallar tap komplektləşməmiş vəziyyətdə göndərildikdə (AR Mülki Məcəlləsi, Maddə 592);
  • müqavilədə göstərilən digər hallar;

602 №li "Satılmış malların qaytarılması və ucuzlaşdırılması" hesabında mühasibat uçotu subyekti tərəfindən satılmış malların qaytarılması və ucuzlaşdırılması barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Satılmış malların qaytarılması və ucuzlaşdırılması üzrə məbləğlər 602 №li hesabın müvafiq subhesablarının debeti və 171, 172, 173, 211, 212, 213 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Bu zaman malların qaytarılması və ucuzlaşdırılması ilə bağlı hesablanılmış əlavə dəyər vergisi ilə əlaqədar 521, 545 №li hesabların müvafiq subhesablarının debeti və 171, 172, 173, 211, 212, 213 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir.

Əgər satınalan mühasibat uçotu subyekti malların dəyərini ödəmişdirsə, mühasibat uçotu subyekti satılmış malların qaytarılması və ucuzlaşdırılması ilə əlaqədar pul vəsaitlərinin qaytarılmasını həyata keçirərsə, əvvəllər gəlir kimi tanınmış məbləğ 602 №li hesabın müvafiq subhesablarının debeti və 221, 222, 223, 225 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Bu zaman malların qaytarılması və ucuzlaşdırılması ilə bağlı hesablanılmış əlavə dəyər vergisi ilə əlaqədar 521 №li hesabın müvafiq subhesablarının debeti və 221, 222, 223, 225 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir.

Satılmış malların qaytarılması və ucuzlaşdırılması üzrə yaranmış məbləğlər 801 №li hesabın müvafiq subhesablarının debetində və 602 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

Malların qaytarılması zamanı, qaytarılmış malların dəyərində storno yazılışlarından da mühasibat uçotunda istifadə etmək olar.

Misal. Malların qaytarılması.

Cari ilin yanvar ayında Elektroniks MMC tərəfindən Home MMC-yə ədədi 118 AZN-dən (ƏDV daxil) 50 əd tozsoran satılmışdır. Alqı-satqı müqaviləsinin məbləği 5 900 AZN (ƏDV daxil) təşkil etmişdir.

Hər bir tozsoranın maya dəyəri 80 AZN təşkil edir.

Aprel ayında Home MMC 5 ədəd zay tozsoranı geri qaytarmışdır.

Elektroniks MMC-nin mühasibi aşağıdakı müxabirləşmələri edəcəkdir:


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
Yanvar ayında
1 Tozsoranların satışı 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601-1 "Malların satışı" 5 000
2 Tozsoranların satışı - ƏDV 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 521-3 "Vergi öhdəlikləri - ƏDV" 900
3 Satılan tozsoranlara görə alıcıdan pulun ödənilməsi 223 "Bank hesablaşma hesabları" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 5 000
4 Satılan tozsoranlara görə alıcıdan pulun ödənilməsi-ƏDV 226 "ƏDV sub-uçot hesabı" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 900
5 Satılan tozsoranların maya dəyəri silinir 701 "Satışın maya dəyəri üzrə xərclər" 205 "Mallar" 4 000
Aprel ayında
6 5 əd zay tozsoranın qaytarılması 602 "Satılmış malların qaytarılması və ucuzlaşdırılması" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 500
7 5 əd zay tozsoranın qaytarılması - ƏDV 521-3 "Vergi öhdəlikləri - ƏDV" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 90
8 5 əd qaytarılan zay tozsoranın maya dəyəri storno edilir 701 "Satışın maya dəyəri üzrə xərclər" 205 "Mallar" -400
9 5 əd qaytarılan zay tozsoranın pulu alıcıya geri qaytarılır 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 223 "Bank hesablaşma hesabları" 500
10 5 əd qaytarılan zay tozsoranın pulu alıcıya geri qaytarılır - ƏDV 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 226 "ƏDV sub-uçot hesabı" 90

Vergi uçotu

ƏDV məqsədləri üçün vergitutma obyektini malların təqdim edilməsi, yəni mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi təşkil edir.

Bu baxımdan da, hesabat ayı daxilində müvafiq qaydada rəsmiləşdirməklə istehlakçı tərəfindən alınan və geri qaytarılan mallar təqdim olunmuş hesab edilmir və onların dəyəri ƏDV bəyannaməsində göstərilmir.

Malın satışı ilə geri qaytarılması ayrı-ayrı aylarda baş verdikdə isə mal satılan ayda onun dəyəri bəyannamənin "ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar" adlı 301-ci sətri, geri qaytarılan ayda isə "ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə azaldılan dövriyyə" adlı 319-cu sətrində göstərilməlidir.

Malların qaytarılması alıcının mühasibat uçotunda.

Əgər alqı-satqı müqaviləsinin şərtləri yerinə yetirilməyibsə, alıcı aldığı malları geri qaytara bilər. Bu aşağıdakı halllarda baş verə bilər:

  • mallar müqavilədə göstərilən miqdardan az daxil olduqda (AR Mülki Məcəlləsi, Maddə 578);
  • göndərilən malların çeşidi sifariş ilə üst-üstə gəlmədiqdə (AR Mülki Məcəlləsi, Maddə 580);
  • göndərilən mallar keyfiyyətsiz və zay olduqda (AR Mülki Məcəlləsi, Maddə 587);
  • mallar tap komplektləşməmiş vəziyyətdə göndərildikdə (AR Mülki Məcəlləsi, Maddə 592);
  • müqavilədə göstərilən digər hallar;

Malların qaytarılması zamanı, alıcı qaytarılmış malların dəyərində storno yazılışlarını mühasibat uçotunda əks etdirməlidir.

Misal. Malların qaytarılması.

Cari ilin yanvar ayında Elektroniks MMC tərəfindən Home MMC-yə ədədi 118 AZN-dən (ƏDV daxil) 50 əd tozsoran satılmışdır. Alqı-satqı müqaviləsinin məbləği 5 900 AZN (ƏDV daxil) təşkil etmişdir.

Aprel ayında Home MMC 5 ədəd zay tozsoranı geri qaytarmışdır.

Home MMC-nin mühasibi aşağıdakı müxabirləşmələri edəcəkdir:


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
Yanvar ayında
1 Tozsoranların alışı 205 "Mallar" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 5 000
2 Tozsoranların alışı - ƏDV 241 "Əvəzləşdirilən vergilər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 900
3 Alınan tozsoranlara görə pulun ödənilməsi 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 5 000
4 Alınan tozsoranlara görə pulun ödənilməsi - ƏDV 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 226 "ƏDV sub-uçot hesabı" 900
5 Alınan tozsoranlara görə ƏDV-nin əvəzləşdirilməsi 521-3 "Vergi öhdəlikləri - ƏDV" 241 "Əvəzləşdirilən vergilər" 900
Aprel ayında
6 5 əd zay tozsoranın qaytarılması storno edilir 205 "Mallar" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" - 500
7 5 əd zay tozsoranın qaytarılması storno edilir - ƏDV 241 "Əvəzləşdirilən vergilər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" -90
8 5 əd qaytarılan zay tozsoranın pulu satıcı tərəfindən geri qaytarılır 223 "Bank hesablaşma hesabları" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 500
9 5 əd qaytarılan zay tozsoranın pulu satıcı tərəfindən geri qaytarılır - ƏDV 226 "ƏDV sub-uçot hesabı" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 90
10 5 əd qaytarılan zay tozsoranlara görə ƏDV-nin əvəzləşdirilməsi storno edilir 521-3 "Vergi öhdəlikləri - ƏDV" 241 "Əvəzləşdirilən vergilər" -90

Malların geri qaytarılmasının sənədləşməsi.

Pərakəndə ticarət və topdan satış sahələrində fəaliyyət göstərən müəssisənin mallar alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, yararlılıq müddətinin bitməsinə və ya digər səbəblərə görə geri qaytarıldıqda, tərəflər arasında "Malların qaytarılması aktı" (Forma N MQA-1) tərtib edilir.

İctimai iaşə fəaliyyəti göstərən müəssisə malları mərasimlərin təşkili ilə bağlı həmin mərasimlərin təşkilatçılarına malların istifadə edilməyən hissəsinin sonradan geri qaytarılmasını nəzərdə tutan müqavilə əsasında təqdim etdikdə, istifadə olunmayan mallar müqavilə şərtlərinə uyğun olaraq geri qaytarıldığı zaman müəssisə onları anbara və ya malların saxlandığı digər təsərrüfat subyektlərinə (obyektlərə) mədaxil edir. Malların mərasimlərin təşkilatçılarına təqdim edilməsi sənədlərlə, malların istifadə edilməmiş hissəsinin geri qaytarılması isə tərəflər arasında imzalanmış "Malların qaytarılması aktı" (Forma N MQA-1) ilə sənədləşdirilir.

Yazı sonuncu dəfə 2019-01-15 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.