e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Audit yoxlaması

Audit - müəssisədə uçotun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlamasını AR Auditorlar Palatasının verdiyi lisenziyaya əsasında sərbəst auditorlar və ya auditor təşkilatları apara bilər.

Audit yoxlaması yoxlanılan müəssisənin hesabına aparılır.

Audit yoxlamasının sonunda yoxlamanı aparan auditor audit rəyi verir.

Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.

Audit yoxlaması 2 növ olur:

  • məcburi
  • könüllü (müəssisənin öz təşəbbüsü ilə)

Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

Məcburi audit

"Auditor xidməti haqqında" AR Qanununun 2-ci maddəsinə əsasən öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir.

Beləliklə, ilk öncə gəlin öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektlərini nəzərdən keçirək. Bunun üçün biz AR Mülki Məcəlləsinə müraciət etməliyik:

Maddə 91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə
...

91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

Maddə 99. Açıq səhmdar cəmiyyəti

99.2. Açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur:
...

Maddə 100. Qapalı səhmdar cəmiyyəti
...

100.3. Qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur.
...

Maddə 107. Səhmdar cəmiyyətində idarəetmə
...

107.6. Bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

AR Mülki Məcəlləsindən gördüyümüz kimi, səhmdar cəmiyyətləri (açıq və qapalı) illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) dərc etməyə borcludur. Və nəticə olaraq da bu hesabtların auditi məcburidir. Bundan başqa, Məhdud Məsuliyyətli Cəmiyyətlər (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).

Bundan başqa, AR Nazirlər Kabinetinin 01.10.2014 tarixli 321 N-li qərarına əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların siyahısı verilmişdir. Bu siyahıda olan "İctimai əhəmiyyətli müəssisələr" maliyyə hesabatlarını dərc etdirməyə borclu olduqları üçün, onların da maliyyə hesabatlarının auditi məcburidir.

Və son olaraq, qeyd edək ki, "Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə "Daxili audit haqqında" Azərbaycan Respublikası Qanununun mərhələlərlə tətbiqi müddətləri"nin təsdiq edilməsi barədə" AR Nazirlər Kabinetinin Qərarında məcburi audit keçirilməli olan qurumların siyahısı verilibdir:

  • Banklar;
  • Büdcədənkənar fondlar;
  • İctimai əhəmiyyətli qurumlar;
  • Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar tətbiq edən hüquqi şəxslər (holdinqlər);
  • Təbii inhisar fəaliyyəti subyektləri (elektrik enerjisi, qaz və su təminatı ilə məşğul olan iri müəssisələr);
  • Bank olmayan kredit təşkilatları;
  • Sığorta (təkrar sığorta) təşkilatları;
  • Maliyyə-sənaye qrupları;
  • Fondlar;
  • Səhmdar cəmiyyətlərində və məhdud məsuliyyətli cəmiyyətlər;
  • Bələdiyyələr və bələdiyyə müəssisələri;

Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları-ın 5.2 bəndinə əsasən AR Vergilər Nazirliyi ildə bir dəfə mart ayının 31-dək maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər istisna olmaqla) siyahısını AR Maliyyə Nazirliyinə,

  • investisiya fondlarının və onların idarəçilərinin,
  • sığorta şirkətlərinin,
  • qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin
siyahısını isə AR Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.

Audit məcburi olduğu müəssisə və təşkilatlarda maliyyə hesabatlarının auditinin keçirilməməsi "Auditor xidməti haqqında" Qanunun tələblərinin pozulması və auditdən yayında deməkdir. Və bu yayınma AR İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb olunur.

AR İnzibati Xətalar Məcəlləsi.

Maddə 464. Məcburi auditdən yayınma

"Auditor xidməti haqqında" AR Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə -

vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.

Onu da qeyd etmək lazımdır ki, AR Vergi Məcəlləsinin 16.1.4 maddəsinə əsasən vergi ödəyicisinin vəzifələrindən biri də, vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını təqdim etməkdir. Vergi Məcəlləsinin 23.1.4 maddəsinə görə əgər vergi ödəyicisi auditor tərəfindən məcburi yoxlanılıbsa vergi orqanlarının auditor rəyini tələb etmək hüququ vardır.

Könüllü audit (təşəbbüslü audit)

Əgər müəssisədə məcburi audit keçirilmirsə, müəssisə auditi könüllü (təşəbbüslü audit) keçirə bilər.

Müəssisə özünü vergi yoxlamasında yarana bilən risklərdən sığortalamaq üçün könüllü audit keçirə birlər. Çünki auditorlar yoxlama zamanı müəssisənin mühasibat və vergi uçotunda etdiyi səhvləri tapıb onları düzəltməyə köməklik göstərirlər.

Bundan başqa, auditin keçirilməsini müəssisənin təsisçiləri sifariş edirlər ki, müəssisə rəhbərlərinin və baş mühasibin gördüyü işləri qiymətləndirsinlər. Audit müəssisə rəhbərinin tələbi ilə də keçirilə bilər, misal üçün, baş mühasibin dəyişməsi zamanı.

Auditin sifarişçiləri sırasında müəssisəyə investisiya yatırmaq istəyən müəssisə və sadə vətəndaşlar da ola bilər. Bu zaman, onları yatırım etdikləri müəssisənin maliyyə vəziyyəti, ödəmə qabiliyyəti və likvidliyi maraqlandırır.

Könüllü audit zamanı sifarişçi özü gərar verir ki auditorlar nəyi və necə yoxlayacaqlar. Sifarişçinin gərarına görə audit yoxlaması kompleks şəkildə (bütün maliyyə hesabatlarının auditi), qismən (ayrı-ayrı uçot sahələri üzrə, ayrı vergi növü üzrə və s.) keçirilə bilər.



Yazı sonuncu dəfə 2020-06-27 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.