e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Keçmiş illər üzrə gəlirlər və xərclər

Bəzən elə olur ki, keçmiş ilin maliyyə hesabatlarının təsdiq edilməsindən sonra, o dövrə aid əlavə gəlirlər və xərclər müəyyən edilir. Belə olduqda, müəssisə cari ilin maliyyə hesabatlarında keçmiş illər üzrə gəlir və xərclər tanımalıdır.

Maliyyə hesbatlarında keçmiş illərin səhvlərinin uçotu və məlumatların açıqlanması "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı 8 N-li Mühasibat Uçotunun Beynəlxalq Standartı ilə tənzimlənir.

Keçmiş dövrlərin səhvləri – müəssisənin bir və ya bir neçə əvvəlki dövrlərini əhatə edən maliyyə hesabatlarında buraxılmış səhvlər və yanlış məlumatların təqdim edilməsidir.

Səhvlər, adətən, müəssisənin ixtiyarında olan etibarlı məlumatdan istifadə edilməməsi və ya yanlış istifadə edilməsi nəticəsində yaranır.

Etibarlı məlumat dedikdə, bu məlumat aşağıdakı şərtləri təmin etməlidir:

  1. məlumat həmin dövrlərin maliyyə hesabatları dərc olunmaq üçün təsdiq edildiyi zaman mövcud olsun; və
  2. məlumatın həmin maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı əldə edilməsi və uçota alınması məntiqi olaraq mümkün hesab edilsin.

Belə səhvlərə daxildir:

  • riyazi;
  • uçot siyasətinin tətbiq edilməsi zamanı buraxılan səhvlər;
  • faktların gözdən qaçırılması və ya səhv izah edilməsi;
  • saxtakarlıq.
Qeyd

Standartda səhvlərin düzəldilməsi və uçot qiymətləndirmələrində dəyişikliklər ayrı-ayrı nəzərə alınır. Səhvlərdən fərqli olaraq, uçot qiymətləndirmələrində dəyişikliklər yeni məlumatların əldə edilməsi və ya yeni hadisələrin baş verməsi zamanı yaranır.

Misal üçün, şərti öhdəlik olan məhkəmə çəkişməsindən yaranan cərimənin ödənilməsi ehtimalı, növbəti ildə fərqli olaraq qiymətləndirilə bilər.

Misal.

31.12.2018 tarixinə müəssisə məhkəməyə verilib. Müəssisəyə qarşı qaldırılan iddianın məbləği 30 000 AZN təşkil edir. Müəssisə bu məhkəmə çəkişməsinin müəssisə üçün mənfi nəticə ilə bitməsi ehtimalını aşağı qiymətləndirir. 2018-ci il üçün hazırlanan maliyyə hesabatlarında müəssisə bu şərti öhdəlik barədə məlumatı izahlı qeydlərdə açıqlamalıdır (qeyd olaraq, müxabirləşmə etmədən).

Lakin, 2019-cu ildə vəziyyət dəyişir. Yeni sübutlar məhkəməyə təqdim edilir. Və nəticədə cərimənin ödənilməsi ehtimalı yüksək olaraq qiymətləndirilir. Belə olduqda, müəssisə 2019-cu ilin maliyyə hesabatlarında 30 000 AZN məbləğində ehtiyat yaradır. Bu zaman, 2018-ci ilin maliyyə hesabatlarında heç bir dəyişiklik edilməməlidir.

Səhvlərin düzəldilməsi

Səhvlər maliyyə hesabatları elementlərinin tanınması, ölçülməsi, təqdim edilməsi və ya açıqlanması üzrə yarana bilər. Maliyyə vəziyyətinin, maliyyə nəticələrinin və ya pul vəsaitləri hərəkətinin müəyyən şəkildə təqdimatına nail olmaq üçün maliyyə hesabatlarında qəsdən əhəmiyyətli və ya əhəmiyyətsiz səhvlər buraxıldıqda, bu maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hesab edilmirlər.

Baş vermiş səhvlər ya cari hesabat dövründə, və ya növbəti hesabat dövründə aşkarlana bilər. Birinci halda aşkar edilmmiş səhvlər maliyyə hesabatı dərc olunmaq üçün razılıq verilənədək düzəldilməlidir. İkinic halda isə aşkar edilmiş əhəmiyyətli səhvlər növbəti hesabat dövrünün maliyyə hesabatlarında təqdim edilmiş müqayisə edilə bilən informasiyalarda düzəldilməlidir.

Səhvlər istifadəçilərin maliyyə hesabatlarına əsaslanan qərarlarına ayrı-ayrılıqda və ya birlikdə təsir edə bildikdə əhəmiyyətli hesab edilir. Əhəmiyyətlilik dərəcəsi məlumat boşluğunun və ya yanlış təqdim edilmiş məlumatın həcmindən və xüsusiyyətindən asılıdır.

Keçmiş dövrlərin əhəmiyyətli səhvlərini, onlar aşkar edildikdən sonra, dərc edilmək üçün razılıq verilmiş maliyyə hesabatlarının ilk məcmusunda retrospektiv qaydada şəkildə aşağdakıları əhatə edərək düzəltməlidir:

  • bu səhvlərin buraxıldığı keçmiş hesabat dövrü (dövrləri) üzrə müqayisəli informasiya yenidən təqdim edilməlidir; və ya
  • əgər bu səhv, təqdim edilmiş ən erkən keçmiş hesabat dövründən əvvəl buraxılmışdırsa, təqdim edilmiş ən erkən hesabat dövrü üzrə aktivlərin, öhdəliklərin və kapitalın hesabat dövrünün əvvəlinə olan qalıqları yenidən hesablanaraq təqdim edilməlidir.
Misal.

2018-cı ilin maliyyə hesabatlarının hazırlanması zamanı müəyyən edilmişdir ki, mühasibat uçotu proqramında baş vermiş texniki nasazlıq səbəbindən 2016-cı ildə istismara verilmiş 100 000 manat ilkin dəyəri olan əsas vəsait üzrə amortizasiya indiyə qədər hesablanmamışdır. Hesablanmamış amortizasiyanın məbləği 2016-cı il üçün 20 000 AZN və 2017-ci il üçün 16 000 AZN təşkil etmişdir.

Belə olduqda, müəssisə aşağıdakı düzəlişləri etməlidir:

  • 2018-ci ilin Maliyyə vəziyyəti haqqında hesabatında "Torpaq, tikili və avadanlıqlar", "Bölüşdürülməmiş mənfəət" və "Vergi öhdəlikləri" maddələrinin saldosunda 01.01.2017 və 01.01.2018 tarixlərinə düzəlişlər edilməlidir.
  • 2018-ci ilin Mənfəət və zərər haqqında hesabatındada "Amortizasiya" və "Mənfəət vergisi üzrə xərclər" maddələri üzrə müqayisəli göstəricilər (2017-ci il üzrə) düzəldilməlidir

Bundan başqa, 2017-ci il üçün "Kаpitalda dəyişikliklər hаqqındа hesabatda" və "Pul vəsaitlərinin hərəkəti hаqqında hesаbаtda" (əgər dolayı metod ilə hazırlanıbsa) düzəlişlər edilməlidir.

Bu cür düzəlişlər Standartda retrospektiv qaydada hesablama kimi müəyyən edilir. Retrospektiv qaydada təkrar təqdimat - maliyyə hesabatları elementlərinin məbləğlərinin tanınması, ölçülməsi və açıqlanmasına dair keçmiş dövrlərin səhvlərini sanki heç olmadığı kimi düzəldilməsidir.

Əhəmiyyətsiz gəlirlər və xərclər

Belə bir nəticəyə gəlmək olar ki, mühasibat uçotunda keçmiş illərin əhəmiyyətsiz gəlir və xərcləri cari ilin gəlir və xərclərinə aid edilir. Lakin, yenədə bu barədə müzakirə aparmaq olar.

611-5 №li "Keçmiş illər üzrə gəlirlər" subhesabında mühasibat uçotu subyektinin əvvəlki illərdə səhvən gəlirlərin azaldılması, xərclərin artırılması, habelə qiymətləndirilmə nəticəsində ehtiyatların aşağı dəyərlə tanınması ilə əlaqədar olaraq aparılan düzəlişlərə görə yaranan gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman aşağıdakı mühasibat yazılışları verilir:

  • əvvəlki dövrlərdə azaldılmış gəlirlərlə bağlı düzəlişlərin dəyərinə 171, 172, 173, 174, 174, 176, 177, 211, 212, 213, 214, 215, 216, 217 №li hesabların müvafiq subhesablarının debeti və 611-5 №li subhesabın krediti üzrə;
  • əvvəlki dövrlərdə azaldılmış gəlirlərlə bağlı düzəlişlərə görə hesablanan əlavə dəyər vergisinə 171, 172, 173, 174, 174, 177, 211, 212, 213, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti üzrə, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • əvvəlki dövrlərdə xərclərin artırılması ilə əlaqədar olaraq aparılan düzəlişlərə görə yaranan məbləğlər 411, 412, 413, 414, 432, 433, 434, 435, 511, 512, 513, 514, 515, 521, 522, 523, 532, 533, 535, 536, 537, 538, 541, 542, 545 №li hesabların müvafiq subhesablarının debeti və 611-5 №li subhesabın krediti üzrə;
  • əvvəlki dövrlərdə xərclərin artırılması ilə əlaqədar olaraq aparılan düzəlişlərə görə hesablanan əlavə dəyər vergisinə 432, 433, 435, 532, 535, 536, 538, 545 №li hesabların müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;
  • qiymətləndirilmə nəticəsində ehtiyatların aşağı dəyərlə tanınması ilə əlaqədar olaraq aparılan düzəlişlərə görə yaranan məbləğlər 201, 204, 205, 206, 207, 231, 245 №li hesabların müvafiq subhesablarının debeti və 611-5 №li subhesabın krediti üzrə.

Keçmiş illər üzrə gəlirlərə hesabat dövrünün mənfəəti kimi 611-5 №li subhesabın debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

731-5 №li "Keçmiş illər üzrə xərclər" subhesabında mühasibat uçotu subyektinin əvvəlki illərdə səhvən gəlirlərinin artırılması, xərclərinin azaldılması, habelə qiymətləndirilmə nəticəsində ehtiyatların yuxarı dəyərlə tanınması ilə əlaqədar olaraq aparılan düzəlişlərə görə yaranan xərcləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman aşağıdakı mühasibat yazılışları verilir:

  • gəlirlərin artırılması ilə bağlı düzəlişlərin dəyərinə 731-5 №li subhesabın debeti və 171, 172, 173, 174, 174, 176, 177, 211, 212, 213, 214, 215, 216, 217 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • gəlirlərin artırılması ilə bağlı düzəlişlərə görə hesablanan əlavə dəyər vergisinə 521, 545 №li hesabların müvafiq subhesablarının debeti və 171, 172, 173, 174, 174, 177, 211, 212, 213, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • xərclərin azaldılması ilə əlaqədar olaraq aparılan düzəlişlərə görə yaranan məbləğlər 731-5 №li subhesabın debeti və 411, 412, 413, 414, 432,433, 434, 435, 511, 512, 513, 514, 515, 521, 522, 523, 532, 533, 535, 536, 537, 538, 541, 542, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • xərclərin azaldılması ilə əlaqədar olaraq aparılan düzəlişlərə görə hesablanan əlavə dəyər vergisinə 241-1 №li subhesabın debeti və 432, 433, 435, 532, 535, 536, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • qiymətləndirilmə nəticəsində ehtiyatların yuxarı dəyərlə tanınması ilə əlaqədar olaraq aparılan düzəlişlərə görə yaranan məbləğlər 731-5 №li subhesabın debeti və 201, 204, 205, 206, 207, 231, 245 №li hesabların müvafiq subhesablarının krediti üzrə.

Keçmiş illər üzrə xərclərə hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 731-5 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

Vergi uçotu

Vergi uçotunda səhvlər tapıldıqda onlar baş verdikləri dövrdə düzəldilməlidir. Həmən hesabat dövrü üçün göndərilən bəyannaməyə dəqiqləşdirmə verilir.

Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, əgər hər-hansı bir keçmiş illərin gəliri cari ildə müəyyən edilibsə, o zaman, vergi və ya cari vergi ödəməsi AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Yazı sonuncu dəfə 2018-11-21 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.