e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Məzənnə fərqləri üzrə gəlirlər və xərclər

Müəssisələr xarici şirkətlər ilə müqavilə bağlayıb alqı-satqı, xidmətlərin göstərilməsi və işlərin görülməsi əməliyyatları etdikdə məzənnə fərqləri yaranır. Belə ki, məzənnə fərqləri aşağıdakı hallarda yaranır:

  • müqavilədə malların (işlərin, xidmətlərin) qiyməti xarici valyutada verilib;
  • mallar (işlər, xidmətlər) xarici valyutada və ya manatla ödənilib;
  • xarici valyutanın məzənnəsi dəyişib.

Müəssisənin xarici valyuta ilə həyata keçirdiyi əməliyyatların, habelə xarici ölkələrdə aparılan fəaliyyətlərinin müəssisənin maliyyə hesabatlarında əks etdirilməsi və maliyyə hesabatlarının təqdimat valyutasına çevrilməsi qaydaları IAS 21 "Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri" Mühasibat Uçotunun Beynəlxalq Standartı ilə müəyyən edilir.

Xarici valyutanın manata çevrilməsi aşağıdakı tarixlərdə aparılır:

  • əməliyyat tarixinə;
  • hesabatların hazırlanması tarixinə;
  • xarici valyutaların məzənnələrinin dəyişilməsi tarixinə.

Bu hallara ayrı-ayrılıqda nəzər yetirək:

Xarici valyuta manata əməliyyat tarixinə aşağıdakı hallarda çevrilməlidir:

  • alınmış əsas vəsaitlərin və qeyri-maddi aktivlərin ilkin dəyəri (103 və 113-cü hesablar);
  • alınmış ehtiyatların dəyəri (201, 205, 206, 207-ci hesablar)
  • nizamnamə kapitalının dəyəri (301-ci hesab);
  • uzunmüddətli maliyyə qoyuluşları (181, 182, 183-cü hesablar)
Qeyd: Gələcəkdə xarici valyuta məzənnələri dəyişildikdə bu hesablarda olan dəyərlər yenidən hesablanmır.

Pul vəsaitləri əməliyyat tarixinə və hesabatların hazırlanması tarixinə xarici valyutadan manata çevrilməlidir. Pul vəsaitlərin aiddir:

  • kassada olan pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (221 və 225-ci hesablar);
  • bank hesablarında olan pul vəsaitləri (222, 223, 224)
  • debitor və kreditor borclar (171-176, 211-217, 431-435, 531-538 )
  • qısamüddətli qiymətli kağızlar (231-234)
  • qısamüddətli və uzunmüddətli maliyyə aktivləri və öhdəlikləri.

İlk öncə Standartda istifadə edillən əsas anlayışları nəzərdən keçirək:

Hesabat tarixinə məzənnə – balans hesabatı tarixinə spot mübadilə məzənnəsidir.

Məzənnə fərqi – hər hansı bir valyuta vahidinin fərqli məzənnələr ilə digər valyuta vahidinə dəyişilməsindən yaranan fərqdir.

Mübadilə məzənnəsi – bir valyutanın digər valyuta ilə mübadiləsi əmsalıdır.

Xarici valyuta – müəssisənin əməliyyat valyutasından fərqli olan hər hansı digər valyutadır.

Xarici əməliyyat – fəaliyyətləri hesabat verən müəssisənin yerləşdiyi ölkədən başqa ölkədə həyata keçirilən və ya hesabat verən müəssisənin istifadə etdiyi valyutadan fərqli valyutaya əsaslanan hesabat verən müəssisənin törəmə müəssisəsi, asılı müəssisəsi, birgə razılaşma və ya filialı olan müəssisələr nəzərdə tutulur.

Əməliyyat valyutası – müəssisənin fəaliyyət göstərdiyi əsas iqtisadi mühitin valyutasıdır.

Monetar maddələr – əldə saxlanılan valyuta vahidləri və sabit və ya müəyyən edilə bilən valyuta vahidləri miqdarında alınmalı və ya ödənilməli olan aktiv və ya öhdəliklərdir.

Təqdimat valyutası - maliyyə hesabatlarının təqdim edildiyi valyutadır.

Spot məzənnəsi – dərhal mübadilə üçün mövcud olan məzənnədir.

Xarici valyutada olan əməliyyatlar əməliyyat tarixinə olan məzənnəyə uyğun olaraq manat ilə uçot sənədlərində əks etdirilməlidir. Misal üçün, xaricdən 10.12.2015 tarixində 10 000$ məbləğində mallar idxal olunubsa, onlar 10.12.2015 tarixində olan 1.0492 məzənnə ilə uçot sənədlərində qeydə alınmalıdır (10 000$ * 1.0492 = 10 492 AZN).

Məzənnə fərqi xarici valyutanın manata qarşı olan AR Mərkəzi Bankının təyin etdiyi məzənnəsinin dəyişilməsi nəticəsində yaranır.

Xarici valyutada olan əməliyyatlar mühasibat sənədlərində iki dəyərdə qeyd edilir: xarici valyutada və Mərkəzi Bankın əməliyyat tarixinə təyin etdiyi məzənnə ilə hesablanan manat ilə. Xarici valyutaların məzənnəsi hər zaman dəyişildiyi üçün mühasibat hesabatlarında da valyuta maddələrinin manat dəyəri də dəyişir.

Kurs fərqi aşağıdakı əməliyyatlardan yaranır:

  • xarici valyutada uçota alınan debitor və kreditor borcların ödənilməsi nəticəsində.
  • xarici valyutada uçota alınan əmlak və öhdəliklərin (kassa və bank hesabatlarında olan pul vəsaitlərinin, pul sənədlərinin, debitor və kreditor borcların və s. ) mühasibat hesabatlarında hesabat tarixinə dəyərinin yenidənhesablanması nəticəsində.
Misal.

Müəssisə tərəfindən 10.12.2015 tarixində 10 000$ dəyərində olan mallar alınmışdır. 10.12.2015 tarixinə manatın ABŞ dollarına olan məzənnəsi 1.0492-dir. Bu mallar üzrə borc xarici malgöndərən şirkətə 22.12.2015 tarixində ödənilməlidir. Ödəniş tarixinə ABŞ dollarının manata olan məzənnəsi 1.5511 təşkil edir. Bu əməliyyatdan müəssisənin mənfi məzənnə fərqi yaranacaqdır. Belə ki, 10.12.2015 tarixinə olan 1.0492 məzənnə ilə müəssisənin kreditor borcu 10 492 AZN təşkil edirdisə, 22.12.2015 tarixinə bu borc ödənilən zaman olacaqdır 10 000$ * 1.5511 = 15 511 AZN. Müəssisənin bu əməliyyatdan olan mənfi məzənnə fərqi olacaqdır: 15 511 – 10 492 = 5 019 AZN. Və ya 10 000$ * (1.5511-1.0492) = 5 019 AZN.

Misal.

Müəssisənin xarici valyuta hesabına 09.09.2015 tarixində xarici müştərisindən 5 000 EUR məbləğində pul vəsaiti daxil olmuşdur. 09.09.2015 tarixində EUR/AZN məzənnəsi AR Mərkəzi Bank tərəfindən 1.1717 məbləğində təyin edilmişdir. Mühasibat balansı tərtib edilən 31.12.2015 tarixinə EUR/ AZN məzənnəsi 1.7046 məbləğində təyib edilibsə, bu zaman, müəssisənin xarici valyuta hesabında olan pul vəsaitinin 31.12.2015 tarixinə yenidənhesablanması nəticəsində müəssisədə müsbət məzənnə fərqi yaranacaqdır. Məzənnə fərqi bu cür hesablanacaqdır: 5 000 EUR * (1.7046 – 1.1717) = 2 664.50 AZN

Misallardan gördüyümüz kimi məzənnə fərqi müsbət – müəssisənin xeyrinə, və ya mənfi – müəssisənin ziyanına ola bilər. Məzənnə fərqi nəticəsində balansın aktivinin manat ekvivalenti artırsa, passivi isə dəyişilməz qalırsa, bu zaman, müsbət məzənnə fərqi yaranır. Və əksinə, məzənnə fərqi nəticəsində balansın passivinin manat ekvivalenti artırsa, aktiv hissəsi dəyişilməz qalırsa, bu zaman, mənfi məzənnə fərqi yaranır.

Mühasibat balansında xarici valyutada olan maddələr yenidənqiymətləndirilmə məqsədləri üçün iki qrupa bölünür:

  • monetar maddələr
  • və qeyri-monetar maddələr.

Monetar maddələrə aiddir:

  • banklarda və başqa kredit təşkilatlarında xarici valyuta hesablarında olan pul qalıqları;
  • kassada xarici valyutada olan pul vəsaiti;
  • xarici valyutada olan sair pul vəsaitləri (pul sənədləri daxil olmaqla);
  • qiymətli kağızlar;
  • xarici valyutada olan debitor və kreditor borclar.

Mühasibat balansı tərtib edilən zaman xarici valyutada olan monetar maddələr hesabat tarixinə olan məzənnə ilə hesablanır.

Qeyri-monetar maddələr aşağıdakılardır:

  • əsas vəsaitlər
  • ehtiyatlar
  • gələcək dövrlərin xərcləri
  • bitməmiş istehsal və s.

Qeyri-monetar maddələr mühasibat balansında tanındığı tarixin məzənnəsi ilə hesablanır. Bu maddələr üzrə məzənnə fərqi hesablanmır.

Misal.

Müəssisə tərəfindən 10.12.2015 tarixində 10 000$ dəyərində olan mallar alınmışdır. 10.12.2015 tarixinə ABŞ dolları/AZN məzənnəsi 1.0492 idi. Alınan mallar müəssisə balansına 1.0492 məzənnəsi ilə 10 492 AZN məbləğində uçota alınnacaqdır. Mühasibat balansı tərtib edilən tarixə 31.12.2015 tarixinə ABŞ dolları/AZN məzənnəsi 1.5578 olsada ehtiyatlar hesabında olan mallar yenidənhesablanmayıb 10 492 AZN kimi qalacaq.

Məzənnə fərqinin hesablanması üçün çox vacidir ki, əməliyyatın tarixi düzgün müəyyən edilsin. Əməliyyatın tarixi onun iqtisadi və hüquqi mahiyyəti əsasında müəyyən edilir. Adətən, əməliyyatın tarixi, müəssisənin mühasibat uçotunda əmlakın və ya öhdəliyin tanınması hüququ yaranan tarixə aid edilir. Xarici valyuta ilə hazırlanan müqavilələrdə əmlakın, öhdəliklərin tanınma vaxtları qeyd edilməlidir ki, məzənnə fərqinin hesablanmasında heç bir anlaşılmazlıq halları olmasın.

Mühasibat uçotu

Hesabat ilində xarici valyutanın Azərbaycan manatına nisbətdə rəsmi məzənnəsinin dəyişməsindən əmələ gələn mənfi məzənnə fərqi - 731-8 "Məzənnə xərcləri" və müsbət məzənnə fərqi - 611-8 "Məzənnə fərgləri üzrə gəlirlər" subhesabında uçota alınır.

Hesabat ili ərzində 731-8 "Məzənnə xərcləri"611-8 "Məzənnə fərgləri üzrə gəlirlər" hesablarında pul vəsaitlərini və debitor və kreditorlarla hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilmədə mənfi və müsbət məzənnə fərqləri əks etdirilir. Hesabat ilinin sonunda 731-8 "Məzənnə xərcləri"611-8 "Məzənnə fərgləri üzrə gəlirlər" subhesablarında toplanılan məzənnə fərqləri müəyyən edilir ki, bu da öz növbəsində 801 "Ümumi mənfəət (zərər)" hesabına silinir (qanunvericilik və normativ aktlara müvafiq olaraq silinməyən məbləğlərdən başqa).

731-8 "Məzənnə xərcləri"611-8 "Məzənnə fərgləri üzrə gəlirlər" subhesabları üzrə analitik uçot valyuta hesabları, təhtəlhesab şəxslər və s. üzrə hər bir növ məzənnə fərqinə görə; debitor və kreditorlarla hesablaşmalarla əlaqədar məzənnə fərqləri isə hər bir borca görə aparılır.

Xarici valyutadan ibarət pul vəsaitləri və onlarla aparılan əməliyyatlar xarici valyutanın pul-hesablaşma sənədlərinin yazıldığı tarixə qüvvədə olan məzənnə üzrə yenidən hesablanması yolu ilə müəyyən edilən məbləğdə – manatla uçota alınır. Eyni zamanda bu vəsaitlər və əməliyyatlar valyuta hesablaşmaları və ödəmələrində əks etdirilir.

Valyuta hesablarındakı valyutaların (növlər üzrə) AR Mərkəzi Bankının məzənnələrinə uyğun olaraq hər dəfə yenidənqiymətləndirildiyi zaman dövr üzrə artan məzənnə fərqi həmin valyutaların istifadə məqsədləri nəzərə alınmaqla müvafiq hesablarda uçota alınır.

Bank hesabları, öhdəlikləri və hesablaşmaları üzrə xarici valyuta əməliyyatları, eləcə də xarici valyuta ilə daxil olmuş material qiymətliləri, qeyri-maddi aktivlər, qiymətli kağızlar və əmlakın digər növləri mühasibat uçotunda, əməliyyatın aparılma tarixində AR Mərkəzi Bankının qüvvədə olan valyuta məzənnələri üzrə xarici valyutanın yenidən haqq-hesab edilmə yolu ilə qiymətləndirilərək müəyyən edilmiş məbləğdə manatla əks etdirilir. Eyni zamanda göstərilən yazılışlar valyuta hesablaşmalarının və tədiyyələrinin analitik uçotunda da göstərilir.

Müsbət və mənfi məzənnə fərqləri üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1.1 Kassada olan xarici valyutaların qalıq məbləğlərinin məzənnə fərqi
Müsbət
Mənfi
221
611.8
731.8
221
-
1.2 Bank valyuta hesablarında pul vəsaitləri üzrə manatın məzənnə fərqi.
Müsbət
Mənfi
223
611.8
731.8
223
-
1.3 Hesablaşması valyuta ilə aparılan, sifarişçilərlə təhvil verilmiş işlər üzrə məzənnə fərqi (məzənnənin düşməsi və ya qalxması)
Müsbət
Mənfi
211
611.8
731.8
211
-
1.4 Tədarük üzrə malsatanlara olan borcun qeydiyyatdan keçdiyi tarixdən, ödənildiyi ana qədər, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədər məzənnə fərqi yarandıqda 731.8
531
531
611.8
-
1.5 Xarici valyuta ilə kreditlərin məzənnə fərqi:
Müsbət
Mənfi
401,501
611.8
731.8
401,501
-
1.6 Xarici valyutada alınmış borclar üzrə müsbət məzənnə fərqi əks etdirildikdə:
Müsbət
Mənfi
404,504
611.8
731.8
404,504
-
1.7 Mənbələri aşağıdakılardan ibarət olan satışdan kənar gəlirlər
Müsbət
Mənfi
222,244,245
611.8
731.8
222,244,245
-
1.8 İlin sonunda toplanan məzənnə fərqinin 801-ci hesaba silinməsi
Mənfəət
Zərər
611.8
801
801
731.8
-

Vergi uçotu

Azərbaycan Respubikasının Vergi Məcəlləsində, maddə 13.2.12-ci maddəsinə əsasən xarici valyuta əməliyyatları üzrə müsbət və mənfi məzənnə fərqləri, satışdankənar gəlirlər kimi tanınır və maliyyə nəticələrinə aid edilir.

Vergi Məcəlləsində məzənnə ilə bağlı olan bilməyimiz vacib olan bir başqa maddə 69-dur – "Xarici valyutanın manatla hesablanması". Bu maddəyə əsasən, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün AR Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi AR Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə AR Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

Misal.

Müəssisə xarici şirkətə 10.12.2015 tarixində 150 000$ məbləğində mal satmışdır. Müəssisə gəlir və xərclərini hesablama metodu ilə uçota alır. Xarici şirkət aldığı mallara görə 150 000$ məbləği nə vaxt ödəcəyindən asılı olmayaraq müəssisə 2015-ci ildə 150 000*1.0492 = 157 380 AZN gəlir tanımalıdır.

Bundan başqa, gəlir (mənfəət) vergisinin ödəyicisi olan müəssisənin hesabında (o cümlədən bank hesabında) olan vəsaitlərin qalığı xarici valyutada olduqda həmin xarici valyuta ilə vergi ilinin sonuna olan qalıqların bu valyutanın hesabat dövrünün sonuna olan rəsmi məzənnə əsasında hesablanmış manat ekvivalenti ilə dəyərinin mühasibat balansında əvvəlki məzənnə ilə əks olunan dəyəri arasındakı fərq müvafiq qaydada mənfəət vergisi bəyannaməsi təqdim etməli olan şəxsin maliyyə nəticələrinə aid edilir.

Sadələşdirilmiş vergi ödəyicisi üçün isə bank hesabında mövcud xarici valyuta ehtiyatları üzrə artan məzənnə fərqi satışdankənar gəlir kimi vergitutma obyektini təşkil edərək sadələşdirilmiş vergiyə cəlb olunur, azalan məzənnə fərqi isə digər xərclər kimi nəzərə alınmır.

Misal.

Müəssisə mənfəət vergisi ödəyicisidir. Müəssisənin bankdakı xarici valyuta hesabına 03.12.2018 tarixində 100 000 avro pul daxil olmuşdur. 03.12.2018 tarixinə AR Mərkəzi Bankın məlumatına görə 1 avro = 1.9294 manata bərabər idi, və bu məbləğ manat ekvivalenti ilə 192 940 manat təşkil edirdi.

31.12.2018 tarixinə AR Mərkəzi Bankın məlumatına görə 1 avro = 1.9468 manata bərabər oldu. Beləliklə, ilin sonu ilə müqayisədə müəssisənin bank hesabındakı 100 000 avro 194 680 manata bərabər oldu, və müəssisənin 1 740 manat məbləğində müsbət məzənnə fərqi yarandı. Beləliklə, müəssisə 2018-ci il dövrü üzrə 1 740 manat məbləğində müsbət məzənnə fərqi üzrə gəlir tanımalıdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Müəssisənin bankdakı xarici valyuta hesabına 100 000 avro pulun daxil olması 223-3 "Bank hesablaşma hesabları - Avro" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 192 940
2 31.12.2018 tarixinə məzənnə fərqinin hesablanması nəticəsində gəlirin əks olunması 223-3 "Bank hesablaşma hesabları - Avro" 611.8 "Məzənnə fərgləri üzrə gəlirlər" 1 740
3 Hesabat dövrünün yekulnlarına görə məzənnə fərqi üzrə gəlirin mənfəət(zərər) hesabına silinməsi 611.8 "Məzənnə fərgləri üzrə gəlirlər" 801 "Ümumi mənfəət (zərər)" 1 740


Yazı sonuncu dəfə 2019-01-23 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.