e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mənfəət vergisi

Müəssisənin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc rarsındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir.

Lakin, nəzərə almaq lazımdır ki, mühasibat mənfəətivergi mənfəəti var, və onlar bir-birlərindən fərqlənə bilərlər. Bu səbəbdən də, müəssisədə mühasibat uçotu və vergi uçotu ayrı-ayrılıqda aparıla bilər. Əgər mühasibat mənfəətini müəyyən etmək üçün gəlir və xərclər mühasibat uçotu standartları ilə müəyyən edilirsə, vergi mənfəətini müəyyən edəcək gəlir və xərcləri Azərbaycan Respublikasının vergi qanunvericiliyi müəyyən edir.

Bu səbəbdən də, mühasibat mənfəətinin öz mənfəət vergisi, vergi mənfəətinin də öz mənfəət vergisi olacaqdır. Lakin, vergi orqanlarına təqdim edilən mənfəət vergisi bəyannaməsində olan mənfəət vergisi vergi uçotu lə müəyyən edilən və Azərbaycan Respublikası vergi qanunvericiliyi ilə müəyyən edilən mənfəət vergisi olacaqdır.

Misal.

Müəssisə 350 000 AZN dəyərində və istismar müddəti 4 il olan avadanlıqlar alıbdır. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə amortizasiya hesablayır. Vergi uçotunda isə AR Vergi Məcəlləsinə əsasən bu avadanlıqlara illik 20% olmaq şərtilə azalan qalıq metodu vasitəsilə amortizasiya hesablanmalıdır.

Beləliklə, cari ildə mühasibat uçotunda bu avadanlıqlara hesablanan amortizasiya xərcləri olacaqdır:

350 000 / 4 = 87 500

vergi uçotunda isə amortizasiya xərcləri olacaqdır:

350 000 * 20% = 70 000

Beləliklə, avadanlıqların ilk istifadə ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 AZN, vergi uçotunda isə 70 000 AZN olacaqdır. Fərq 17 500 AZN təşkil edir.

Bəs bu mühasibat və vergi mənfəət vergisinin arasındakı olan fərqlər uçotda nə cür əks olunacaqdır? Gəlin baxaq:

Mənfəət vergisinin mühasibat uçotu və maliyyə hesabatlarında əks olunması IAS 12 "Mənfəət vergisi" ilə tənzimlənir.

Uçot mənfəəti vergi xərclərinin çıxılmasından əvvəl dövr üzrə mənfəət və ya zərərdir.

Vergi mənfəəti (vergi zərəri), vergi orqanları tərəfindən təşkil olunan qaydalara uyğun olaraq müəyyən olunan, mənfəət vergisinin ödənildiyi (əvəzinin alındığı) dövr üzrə mənfəət və ya zərərdir.

Mənfəət vergisinə daxildir cari vergilər və təxirə salınmış vergilər.

Cari vergi dövr üzrə vergi mənfəəti (vergi zərəri) ilə əlaqədar ödənilməli (əvəzi alınmalı) mənfəət vergisi məbləğidir.

Təxirə salınmış vergi öhdəlikləri vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisi məbləğidir.

Təxirə salınmış vergi aktivləri aşağdakılar ilə əlaqədar gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi məbləğidir:

  1. çıxılan müvəqqəti fərqlər;
  2. gələcək dövrə keçirilən istifadə olunmamış vergi zərərləri; və
  3. gələcək dövrə keçirilən istifadə olunmamış vergi kreditləri.

Müvəqqəti fərqlər aktiv və ya öhdəliyin maliyyə vəziyyəti haqqında hesabatda olan balans dəyəri ilə onun vergi bazası arasında olan fərqlərdir. Müvəqqəti fərqlər:

  1. aktiv və ya öhdəliyin balans dəyərinin əvəzinin alındığı və ya ödənildiyi gələcək dövrlərin vergi mənfəətininin (vergi zərərinin) müəyyən olunmasında vergi tutulan məbləğlər ilə nəticələnən müvəqqəti fərqlər olan vergi tutulan müvəqqəti fərqlər; ya da
  2. aktiv və ya öhdəliyin balans dəyərinin əvəzinin alındığı və ya ödənildiyi gələcək dövrlərin vergi mənfəətininin (vergi zərərinin) müəyyən olunmasında çıxılan məbləğlər ilə nəticələnən müvəqqəti fərqlər olan çıxılan müvəqqəti fərqlər ola bilər.

Vergi xərcləri (vergi gəlirləri) cari vergi xərcləri (cari vergi gəlirləri) və təxirə salınmış vergi xərclərindən (təxirə salınmış vergi gəlirlərindən) ibarətdir.

Aktivin vergi bazası, müəssisə aktivin balans dəyərinin əvəzini aldıqda daxil olacaq vergi tutulan iqtisadi səmərələrə qarşı vergi məqsədləri üçün çıxılacaq məbləğdir. Bu iqtisadi səmərələr vergi tutulan olmazsa, aktivin vergi bazası onun balans dəyərinə bərabərdir.

Öhdəliyin vergi bazası, gələcək dövrlərdə həmin öhdəliklə əlaqədar vergi məqsədləri üçün çıxılan hər hansı məbləğ çıxılmaqla, onun balans dəyəridir. Gəlirin avans olaraq alındığı halda, yaranan öhdəliyin vergi bazası, gələcək dövrlərdə vergi tutulmayacaq hər hansı gəlir məbləği çıxılmaqla, onun balans dəyəridir.

Mənfəət vergisini mühasibat uçotunda mühasib aşağıdakı kimi əks etdirməlidir:

  • mühasibat mənfəətinə vergi hesablamalı;
  • vergi məbləğinə düzəliş etmək ki, o qanunvericiliyinə görə hesablanan vergi məbləği ilə bərabər olsun.

Mühasibat mənfəətinə hesablanan mənfəət vergisi şərti olaraq mənfəət vergisi üzrə xərclər adlandırılır.

AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.

Misal.

Müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 AZN olmuşdur. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amotizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 AZN, vergi uçotunda isə 70 000 AZN olmuşdur. Fərq 17 500 AZN təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 AZN olacaqdır. Vergi mənfəəti olacqdır - 217 500 AZN, mənfəət vergisi isə 43 500 AZN.

Mənfəət vergisinin dərəcəsi Vergi Məcəlləsində 20% müəyyən edilibdir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Hesabat ilinin vergi uçotuna əsasən mənfəət vergisi müəyyən edilir: 217 500 * 20% = 43 500 901 "Cari mənfəət vergisi üzrə xərclər" 521-1 "Vergi öhdəlikləri - Mənfəət vergisi" 43 500
2 Hesabat ilində mühasibat uçotuna əsasən mənfəət vergisi - 200 000 * 20% = 40 000, vergi uçotuna əsasən - 43 500. Bunların arasındakı fərq məbləğinə təxirə salınmış mənfəət vergisi yaradılır. 161 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri" 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" 3 500 AZN
3 Hesabat ilinin mənfəət vergisi mənfəətdən çıxılır 801 "Ümumi mənfəət (zərər)" 901 "Cari mənfəət vergisi üzrə xərclər" 43 500
4 Təxirə salınmış mənfəət vergisi üzrə xərclər hesabı bağlanır 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" 801 "Ümumi mənfəət (zərər)" 3 500
5 Hesabat ilinin xalis mənfəəti müəyyən edilir 801 "Ümumi mənfəət (zərər)" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 160 000


Yazı sonuncu dəfə 2018-11-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.