e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Verilmiş güzəştlər (endirim)

Adətən güzəştlər (endirimlər) daimi müştərilər, böyük həcmdə mallar alan müştərilər və ya vaxtından tez ödəniş edən müştərilərə təqdim edilir.

603 №li "Verilmiş güzəştlər" hesabında mühasibat uçotu subyekti tərəfindən satılmış mallar, görülmüş işlər və göstərilmiş xidmətlər üzrə verilmiş güzəştlər barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Verilmiş güzəştlər 603 №li hesabın müvafiq subhesablarının debeti və 171, 172, 173, 175, 177, 211, 212, 213, 215, 217 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Bu zaman verilmiş güzəştlərlə bağlı hesablanılmış əlavə dəyər vergisi üzrə 521, 545 №li hesabların müvafiq subhesablarının debeti və 171, 172, 173, 175, 177, 211, 212, 213, 215, 217 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Verilmiş güzəştlər üzrə yaranmış məbləğlər 801 №li hesabın müvafiq subhesablarının debetində və 603 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

Misal. Satılan mallara verilmiş güzəştlər (endirim).

Cari ilin yanvar ayında Elektroniks MMC tərəfindən Home MMC-yə ədədi 118 AZN-dən (ƏDV daxil) 100 əd tozsoran satılmışdır. Alqı-satqı müqaviləsinin məbləği 11 800 AZN (ƏDV daxil) təşkil etmişdir.

Hər bir tozsoranın maya dəyəri 80 AZN təşkil edir.

100 əd alınan tozsoranlara görə Home MMC-yə 5% endirim edilmişdir.

Elektroniks MMC-nin mühasibi aşağıdakı müxabirləşmələri edəcəkdir:


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Tozsoranların satışı 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601-1 "Malların satışı" 10 000
2 Tozsoranların satışı - ƏDV 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 521-3 "Vergi öhdəlikləri - ƏDV" 1 800
3 100 əd alınan tozsoranlara görə verilmiş 5% güzəşt 603 "Verilmiş güzəştlər" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 500
4 100 əd alınan tozsoranlara görə verilmiş 5% güzəşt - ƏDV 521-3 "Vergi öhdəlikləri - ƏDV" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 90
5 Satılan tozsoranların maya dəyəri silinir 701 "Satışın maya dəyəri üzrə xərclər" 205 "Mallar" 8 000
6 100 əd alınan tozsoranlara görə verilmiş 5% güzəşt mənfəətə silinir 801 "Ümumi mənfəət (zərər)" 603 "Verilmiş güzəştlər" 500
7 Satılan tozsoranlara görə alıcıdan pulun ödənilməsi 223 "Bank hesablaşma hesabları" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 9 500
8 Satılan tozsoranlara görə alıcıdan pulun ödənilməsi-ƏDV 226 "ƏDV sub-uçot hesabı" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 1 710

Onu da qeyd edək ki, verilən güzəştlərin uçotda əks olunması güzəştin verilmə tarixindən asılıdır - ya satış zamanı, və ya satışdan sonra. Belə ki, əgər güzəşt satış zamanı verilirsə, o zaman, satıcı güzəşti(endirimi) nəzərə alaraq uçotda satışdan olan gəliri əks etdirə bilər.

Yox, əgər güzəşt(endirim) satışdan sonra verilibsə, o zaman, satışı güzəşt(endirim) nəzərə almadan uçota almaq olar. Belə olduqda, güzəşt(endirim) sonradan 603-ci hesabda nəzərə alınır. Misal üçün, müqavilə şərtlərinə əsasən alıcı ödənişi mallar çatdırılandan sonra növbəti gün etdikdə.

Vergi uçotu

Vergi uçotunda satılan mallara verilmiş güzəştlər ilə diqqətli olmaq lazımdır. İlk öncə malların alıcısı ilə güzəşt(endirim) şərtlərini özündə əks etdirən müqavilə bağlanmalıdır.

Belə ki, müqavilədə aydın göstərilməlidir ki, güzəşt(endirim) verilən zaman malların yeni qiyməti yaranır: köhnə qiymət - güzəşt(endirim).

Misal. Güzəştin(endirimin) sənədləşdirilməsi.

Cari ilin yanvar ayında Elektroniks MMC ilə Home MMC arasında müqavilə imzalanmışdır. Müqavilənin şərtləri aşağıdakı kimi idi:

ALQI-SATQI MÜQAVİLƏSİ

(...)

5. Malın qiyməti

Tozsoranların 1 əd qiyməti 118 AZN təşkil edir (ƏDV daxil)

6. Endirimlər

100 - 150 ədəd tozsoran alındıqda alıcıya 5% güzəşt(endirim) verilir.

151 - 250 ədəd tozsoran alındıqda alıcıya 8% güzəşt(endirim) verilir.

251 ədəd və ondan çox tozsoran alındıqda alıcıya 10% güzəşt(endirim) verilir.

(...)

Satılan mallara endirim edən zaman vergi uçotunda "bazar qiyməti" tətbiqinə əsas verən hallar nəzərə alınmalıdır. Eyni mal 30 gün ərzində 30 faizdən aşağı qiymətə satıldıqda vergitutma məqsədləri üçün əsas kimi güzəştli faktiki satış qiyməti deyil, bazar qiyməti, yəni güzəşt verilən dövrədək tətbiq olunan qiymət əsas götüləcəkdir. Buna əsasən təqdim edilən mal vergitutma məqsədləri üçün bazar qiyməti ilə nəzərə alınmalı və həmin qiymətə elektron qaimə-faktura təqdim olunmalıdır. Belə ki, AR Vergi Məcəlləsinin 14.6.1 maddəsinə əsasən:

14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);

14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;

14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması);

14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;

14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri;

14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;

14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;

14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır.



Yazı sonuncu dəfə 2019-03-18 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.