e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Korporativ kartlar

Korporativ kartlar - şirkətin məsrəflərinin səmərəli və rahat idarə olunması, təsərrüfat fəaliyyəti ilə bağlı hesablaşmaların aparılması və ezamiyyət xərclərinin (mehmanxana, avtomobil icarəsi, bilet sifarişi və s. ), təsərrüfat məsrəflərini, nümayəndəlik xərclərini ödəməyə imkan verir.

Korporativ kartların fiziki və hüquqi şəxslərə verdiyi üstünlüklər aşağıdakılardır:

  • Qeyri-iş günü və qeyri-iş saatlarında nağd vəsaitlərdən istifadə etmək imkanı;
  • Ezam olunan əməkdaşların hesabına operativ pul yatırılması imkanı;
  • Hər bir əməkdaşın məsrəfinə müəssisənin birbaşa nəzarəti;
  • Oğurluq və pulların itirilməsi riskinin azaldılması;
  • Hesabatı təqdim olunmalı olan məbləğlərin verilməsi ilə bağlı əməliyyat məsrəflərinin və vaxtının azalması.
  • Xarici ezamiyyətlər zamanı xarici valyutanın alınması zərurəti olmur (pul vəsaitlərinin konvertasiyası üzrə bütün əməliyyatlar avtomatik olaraq həyata keçiriləcək);
  • Standart nağsız ödənişə nisbətən hesablaşma və haqqı ödənilmiş malın/xidmətin alınmasının tezləşməsi;
  • Sərhədi keçərkən deklarasiya tərtib olunması zərurətinin olmaması.
  • Sığorta, gömrük, büdcə və rüsum ödənişlərinin həyata keçirilməsi.

Korporativ kartlardan istifadə qaydaları AR Mərkəzi Bankının İdarə Heyətinin 16/3 nömrəli 10.07.2012 tarixli qərarı ilə təsdiqlənibdir.

Belə ki, qaydalara əsasən emitent (bank) hüquqi şəxs və ya fərdi sahibkarla bağladığı müqavilə əsasında korporativ kart emissiya edir. Müqavilədə nəzərdə tutulduğu halda hüquqi şəxsə və ya fərdi sahibkara kart hesabı üzrə bir neçə korporativ kart verilir.

Bundan başqa, korporativ kartları əldə etmək üçün müəssisə kart hesabını vergi müfəttişliyində qeydiyyatdan keçirməlidir.

Korporativ kart hüquqi şəxsin və fərdi sahibkarın ezamiyyə, nümayəndəlik və digər xərclərinin, habelə dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına icbari ödənişlərin ödənilməsində istifadə olunur.

Korporativ kart dividend, əmək haqqı, pensiya, təqaüdlərin ödənilməsi və digər sosial xarakterli ödənişlər üçün istifadə oluna bilməz.

Kart vasitəsilə əməliyyatların aparılması

Kart istifadəçisi kart vasitəsilə aşağıdakı əməliyyatları həyata keçirmək hüququna malikdir:

  • mal, iş və xidmətlərin dəyərinin ödənilməsi;
  • vergi, rüsum, habelə dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına digər icbari ödənişlərin aparılması;
  • valyuta mübadiləsinin aparılması;
  • nağd pul vəsaitinin alınması;
  • nağdsız formada öz kart hesabından vəsaitin başqa kart hesabına köçürülməsi;
  • pul köçürməsi;
  • qanunvericiliyə zidd olmayan və işgüzar dövriyyədə tətbiq olunan digər əməliyyatlar.

Dövlət büdcəsi və büdcədənkənar vəsaitlər üzrə mərkəzləşdirilmiş (vahid) xəzinə hesabına ödənişlərin aparılması zamanı sənəddə büdcə təşkilatı və ya büdcədənkənar dövlət fondunun rekvizitləri, büdcə gəlirlərinin təsnifatı və büdcə səviyyəsinin kodu qeyd edilir.

Kartların istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmalar müvafiq olaraq kart təşkilatının qaydalarına və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirilir.

Kartla təmassız ödənişlər yalnız belə əməliyyatları dəstəkləyən avadanlıqlar vasitəsilə həyata keçirilir.

Emitent (və ya ekvayer) tərəfindən daha aşağı limit müəyyən edilmədikdə POS-terminal vasitəsilə 50 (əlli) manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kod daxil edilməklə aparılır.

Kartla bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsilə nağd pul vəsaitinin əldə olunması yalnız kart istifadəçisi tərəfindən PİN-kodun daxil edilməsi ilə həyata keçirilir.

Kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi ölkə daxilində olmaqla xidmət mərkəzi tərəfindən həyata keçirilir.

Kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar haqqında xidmət mərkəzləri arasında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin bu əməliyyatlar üzrə banklar arasında yekun hesablaşmaların aparılması Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

Banklar və xidmət mərkəzləri ilə ölkə xaricində fəaliyyət göstərən kart təşkilatları arasında ölkə daxilində kartlar vasitəsilə aparılan əməliyyatlar barədə birbaşa məlumat mübadiləsi aparıla bilər, bu şərtlə ki, həmin əməliyyatların belə mübadilə olmadan həyata keçirilməsi mümkün olmasın.

Kart hesablarında olan pul vəsaitlərinin uçotu 223 "Bank hesablaşma hesabları" hesabının tərkibində olan subhesablarda aparıla bilər. Subhesabları aşağıdakı kimi adlandırmaq olar:

  • "Debet korporativ kartlar"
  • "Kredit korporativ kartlar"

Korporativ kartlar vasitəsi ilə əməliyyatlar aşağıdakı kimi mühasibat uçotunda əks oluna bilərlər:

N Əməliyyatın məzmunu Debet Kredit
1 Korporativ karta pul daxil edilir 223.5 "Debet korporativ kartlar" 223.1 "Bank hesablaşma hesabı"
2 Müəssisənin işçisi tərəfindən nağdsız qaydada kart vasitəsi ilə müəssisənin məsrəflərini ödəmək üçün ödəniş edilmişdir. 244 "Təhtəlhesab məbləğlər" 223.5 "Debet korporativ kartlar"
3 Müəssisənin işçisi korporativ kartdan bankomat vasitəsi ilə nağd pul çıxartmışdır 244 "Təhtəlhesab məbləğlər" 223.5 "Debet korporativ kartlar"
4 Müəssisənin işçisinin (təhtəlhesab şəxsin) avans hesabatı əsasında xərclər əks olunur 721 "İnzibati xərclər" 244 "Təhtəlhesab məbləğlər"
5 Korporariv kartdan istifadəyə görə bank xidmət haqqı 731 "Sair əməliyyat xərcləri" 223.5 "Debet korporativ kartlar"


Yazı sonuncu dəfə 2019-02-15 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.