e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Satışın maya dəyəri üzrə xərclərin uçotu

Gəlirlərin uçotda əks etdirilməsi ilə eyni vaxtda satılmış malların (məhsulların, xidmətlərin, işlərin) maya dəyəri də silinməlidir.

Satışın maya dəyəri üzrə xərclərin uçotu Hesablar Planının 70-ci maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin fəaliyyəti zamanı görülmüş işlərin, göstərilmiş xidmətlərin, tikinti müqavilələri üzrə xərclərin, satılmış malların (hazır məhsulun) dəyəri, habelə sair satışın digər maya dəyəri xərclərinin hərəkəti üzrə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 701 №li "Satışın maya dəyəri üzrə xərclər" hesabı açılır.

701 №li "Satışın maya dəyəri üzrə xərclər" hesabı üzrə aşağıdakı subhesablar açılır:

  • 701-1 №li "İşlərin (xidmətlərin) maya dəyəri üzrə xərclər";
  • 701-2 №li "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri";
  • 701-3 №li "Satılmış malların (hazır məhsulun) balans dəyəri";
  • 701-4 №li "Sair satışın maya dəyəri üzrə xərclər".

701-1 №li "İslərin (xidmətlərin) maya dəyəri üzrə xərclər" subhesabında mühasibat uçotu subyekti tərəfindən işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar çəkilmiş xərclərin dəyəri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 701-1 №li subhesabın debeti və 202-1, 202-2, 202-3, 202-4, 202-5 №li subhesabların krediti üzrə mühasibat yazılışı verilir.

İşlərin (xidmətlərin) maya dəyəri üzrə xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və 701-1 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

701-2 №li "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri" subhesabında mühasibat uçotu subyekti tərəfindən həyata keçirilmiş tikinti müqavilələri ilə əlaqədar çəkilmiş xərclərin dəyəri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 701-2 №li subhesabın debeti və 203-1, 203-2, 203-3, 203-4, 203-5 №li subhesabların krediti üzrə mühasibat yazılışı verilir.

Tikinti müqavilələri üzrə xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və 701-2 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

701-3 №li "Satılmış malların (hazır məhsulun) balans dəyəri" subhesabında mühasibat uçotu subyekti tərəfindən satılmış mallarla (hazır məhsulla) əlaqədar çəkilmiş xərclərin dəyəri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 701-3 №li subhesabın debeti və 204, 205 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Satılmış malların (hazır məhsulun) dəyərinə 801 №li hesabın müvafiq subhesablarının debeti və 701-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

701-4 №li "Sair satışın maya dəyəri üzrə xərclər" subhesabında mühasibat uçotu subyekti tərəfindən 701-1-701-3 №li subhesablarda əks etdiilməyən əsas əməliyyat gəlirləri üzrə xərclərin dəyəri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 701-4 №li subhesabın debeti və 202-1, 202-2, 202-3, 202-4, 202-5 №li subhesabların krediti üzrə mühasibat yazılışı verilir.

Sair satışın maya dəyəri üzrə xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və 701-4 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

Mühasibat uçotu subyekti tərəfindən mübadilə nəticəsində satılmış mallarla (hazır məhsulla), görülmüş işlərlə və göstərilmiş xidmətlərlə əlaqədar onların ilkin dəyərinə 701 №li hesabın müvafiq subhesablarının debeti və 202, 203, 204, 205 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Satılan hazır məhsulun maya dəyəri silinir 701 "Satışın maya dəyəri" 204 "Hazır məhsul" -
2 Görülmüş işlərin, göstərilmiş xidmətlərin maya dəyəri silinir 701 "Satışın maya dəyəri" 202 "İstehsalat xərcləri" -
3 Satılmış malların maya dəyəri silinir 701 "Satışın maya dəyəri" 205 "Mallar" -
4 Satılmış mallara aid kommersiya xərcləri silinir 701 "Satışın maya dəyəri" 711 "Kommersiya xərcləri" -


Yazı sonuncu dəfə 2018-08-16 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.