e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hesabat ilinin sonuna əməliyyatlar

Hər ilin sonunda dekabr ayının 31 tarixinə maliyyə hesabatları hazırlanır. Bu tarixə artıq müəssisənin hesabat ili üzrə sonuncu əməliyyatı mühasibat uçotu kitablarında əks olunur. İlin bağlanması prosesi 2 hissədən ibarət olur:

  • müəssisənin gəlirləri və xərcləri əks olunan hesablar bağlanır (bu 60-ci və 70-ci hesablardır).
  • hesabat ili ərzində əldə edilən maliyyə nəticəsi keçmiş illərin bölüşdürülmamiş mənfəəti (zərərinə) əlavə edilir.

Qeyd etdiyimiz kimi, ilin bağlanmsı üçün 60-ci və 70-ci maddələr üzrə hesabların hamısı bağlanmalıdır:

Ümumi mənfəətin (zərərin) uçotu Hesablar Planının 80-ci maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin hesabat dövrü ərzində maliyyə-təsərrüfat fəaliyyəti üzrə ümumi mənfəəti (zərəri) barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 801 №li "Ümumi mənfəət (zərər)" hesabı açılır.

Yaranan gəlirlər üzrə məbləğlər hesabat dövrünün mənfəəti kimi 601, 611, 621, 631, 641 №li hesabların müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Xərclər üzrə yaranan məbləğ hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 701, 711, 721, 731, 741, 751, 761 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Mühasibat uçotu subyekti illik maliyyə-təsərrüfat fəaliyyətini mənfəətlə başa vurarsa aşağıdakı mühasibat yazılışları verilir:

  • cari mənfəət vergisi üzrə xərclərə görə 801 №li hesabın müvafiq subhesablarının debeti və 901 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • təxirə salınmış mənfəət vergisi üzrə xərclərə görə 801 №li hesabın müvafiq subhesablarının debeti və 902 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • hesabat dövrünün xalis mənfəətinə görə 801 №li hesabın müvafiq subhesablarının debeti və 341 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

Mühasibat uçotu subyekti illik maliyyə-təsərrüfat fəaliyyətini zərərlə başa vurarsa bu zaman 341 №liv hesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Əsas əməliyyat gəlirlərinin silinməsi 601 "Satış" 801 "Ümumi mənfəət (zərər)" -
2 Sair əməliyyat gəlirlərinin silinməsi 611 "Sair əməliyyat gəlirləri" 801 "Ümumi mənfəət (zərər)" -
3 Satışın maya dəyəri üzrə xərclərin silinməsi 801 "Ümumi mənfəət (zərər)" 701 "Satışın maya dəyəri üzrə xərclər" -
4 Kommersiya xərclərinin silinməsi 801 "Ümumi mənfəət (zərər)" 711 "Kommersiya xərcləri" -
5 İnzibati xərclərin silinməsi 801 "Ümumi mənfəət (zərər)" 721 "İnzibati xərclər" -
6 Sair əməliyyat xərclərinin silinməsi 801 "Ümumi mənfəət (zərər)" 731 "Sair əməliyyat xərcləri" -


Yazı sonuncu dəfə 2018-07-30 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.