e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Agent vasitəsi ilə satış

Agent vasitəsi ilə satış (və ya komissiyon qaydada satış, agent müqaviləsi əsasında) dedikdə mallara olan mülkiyyət hüququnun agentə (komissiyonçuya) keçmədən satışı nəzərdə tutulur.

Belə ki, malların alqı-satqı müqavilələri ilə satışı, malların onların üzərində tam mülkiyyət hüququnun alıcıya keçdiyini nəzərdə tutur. Lakin, agent vasitəsi ilə satış zamanı, qeyd etdiyimiz kimi, mülkiyyət hüququ agentə keçmir, və mallar mal sahibinin (komitentin) mülkiyyətində qalır.

Agent – öz adından və ya digər şəxsin adından həmin digər şəxsin tapşırığı ilə və onun maraqlarının təmin olunması naminə müəyyən hərəkətləri yerinə yetirmək hüququ olan, vəkil edilmiş şəxs, vasitəçi kimi çıxış edən fiziki və ya hüquqi şəxs, vətəndaş və ya təşkilat. İqtisadi münasibətlər zamanı agent qismində brokerlər, maklerlər, dilerlər, komisyonçular çıxış edirlər. Vəkil edilmiş vəzifəli şəxslərə də agent deyilir (məsələn, sığorta agenti).

Agent vasitəsi ilə satış əməliyyatları keçirmək üçün agent (komisyonçu) və komitent (mal sahibi) arasında komissiya müqaviləsi (Mülki Məcəllənin 44-cü fəslinə uyğun olaraq) bağlanılır.

AR Mülki Məcəlləsi,

Maddə 808. Komissiya müqaviləsi

808.1. Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur.

808.2. Çıxarılmışdır.

808.3. Komissiya müqaviləsi müəyyən müddətə və ya qüvvədə olma müddəti göstərilmədən, icra ərazisi göstərilməklə və ya göstərilmədən, komitentin onun mənafeləri üçün və onun hesabına bağlamağı komisyonçuya tapşırdığı əqdləri bağlamaq hüququnu üçüncü şəxslərə verməmək öhdəliyi nəzərdə tutulmaqla və ya nəzərdə tutulmadan, komissiya predmeti olan malların çeşidi barəsində şərtlər qoyulmaqla və ya qoyulmadan bağlana bilər.

Malların satışı ilə bağlı agent(vasitəçi) müqaviləsində 2 növ hesablaşmalar nəzərdə tutula bilər:

  • agentin hesablaşmalarda iştirakı ilə;
  • agentin hesablaşmalarda iştirakı olmadan.

Əgər agent(vasitəçi) hesablaşmalarda iştirak edirsə, o zaman, satışdan olan gəlir agentin(vasitəçinin) hesablaşma hesabına və ya kassasına daxil olur. Agent isə, öz növbəsində, bu pullardan ona düşən komissiyanı tutub, qalan pulları malların sahibininə (komitentə) köçürür.

Yox, əgər agent(vasitəçi) hesablaşmalarda iştirak etmirsə, o zaman, satışdan olan gəlir malların sahibinin (komitentin) hesablaşma hesabına və ya kassasına daxil olur. Bundan sonra komitent agentə(vasitəçiyə) onun komissiyasını köçürür.

Sənədləşmə

Malların komissiyaya verilməsi malların təqdim olunması hesab edilmir. Belə ki, "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın 3.9-cu bəndində qeyd edilmişdir ki, pərakəndə ticarət fəaliyyəti göstərən şəxslər tərəfindən komissiyaya qəbul edilmiş mallar "Malların təhvil-qəbul aktı" ilə sənədləşdirilir və malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanılır.

Bundan başqa, malların komissiyaya verilməsi malların təqdim olunması hesab edilmədiyindən, komitent tərəfindən komisyonçuya verilmiş mallara görə elektron qaimə-faktura təqdim edilmir.

Komisyonçu komissiyaya götürdüyü malların dəyərinə ƏDV daxil edilib-edilməməsindən asılı olmayaraq, malların alıcısına elektron vergi hesab-fakturasını verə bilməz.

Bunlarla yanaşı, malların komissiya qaydasında satışı zamanı həmin malların alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura və elektron vergi hesab-faktura komitent tərəfindən təqdim edilir. Bu zaman təqdim edilmiş elektron vergi hesab-fakturası üzrə ödənilən ƏDV məbləğləri AR Vergi Məcəlləsininin 175-ci maddəsinin müddəalarına uyğun olaraq əvəzləşdirilir.

Agent (komisyonçu) tərəfində uçot.

Hər bir halda agent(vasitəçi) ƏDV-ni yalnız qazandığı komissiya məbləğindən hesablayır və ödəyir. Agentin komissiyası agent müqaviləsində göstərilən dəyişməz məbləğ, satış məbləğindən olan faiz, komissiyaya verilən malların qiyməti ilə satış qiyməti arasındakı fərq ola bilər. Agentin komissiyası 18% ƏDV cəlb edilir.

Agent(vasitəçi) ƏDV-ni öhdəliklərini yerinə yetirdiyi hesabat dövründə hesablamalı və bəyan etməlidir.

Adətən agentin(vasitəçinin) öhdəlikləri komitentin və agentin ikitərəfli aktı imzaladıqları gün yerinə yetirilmiş hesab edilir. Agentin(vasitəçinin) öz öhdəlikləri yerinə yetirdiyi vaxt barədə şərt agent müqaviləsində mütləq əks olunmalıdır.

Agentin hesablaşmalarda iştirakı olmadıqda uçot.

Agentin(vasitəçinin) satışdan gəliri və ƏDV hesablaması uçotunun qaydasını aşağıdakı misalda baxaq.

Misal.

"A" MMC və "B" MMC agent müqaviləsi bağlayıblar. Müqaviləyə əsasən "B" MMC (komissiyonçu) "A" MMC-dən (komitentdən) 118 000 AZN (ƏDV daxil) dəyərində aldığı malları satmalıdır.

Müqaviləyə əsasən bu satışdan "B" MMC-nin (komissiyonçunun) komissiyası 11 800 AZN (ƏDV daxil) təşkil edir. Satılmış mallara görə ödənişlər "A" MMC-nin (komitentin) hesablaşma hesabına daxil olur.

"B" MMC hesablaşmalarda iştirak etmir.

Agent müqaviləsində qeyd edilibdir ki, komissiyonçunun qazandığı komissiyon haqqı tərəflər arasında akt imzalandıqda yaranır.

Tutaq ki, akt komitent tərəfindən iyul ayında imzalanıb, 11 800 AZN (ƏDV daxil) məbləğində komissiyon haqqı isə komissiyonçunun hesablaşma hesabına oktyabr ayında daxil olub.

Komissiyonçunun mühasibatlığında aşağıdakı müxabirləşmələr aparılacaqdır:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Aktın imzalanması və göstərilmiş agent(vasitəçilik) xidmətinə görə hesablanan komissiya 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" 601-2 "Xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir" 10 000
2 Göstərilmiş agent(vasitəçilik) xidmətinə görə hesablanan komissiyanın ƏDV-si 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" 521-3 "Vergi öhdəlikləri-ƏDV" 1 800
3 Komitentdən pulun daxil olması 223 "Bank hesablaşma hesabları" 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" 10 000
4 Komitentdən pulun daxil olması-ƏDV 226 "ƏDV depozit hesabı" 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" 1 800

Agent hesablaşmalarda iştirak etdikdə uçot.

Agent hesablaşmalarda iştirak edirsə diqqətli olmaq lazımdır.

Satılmış mallara görə agentin hesabına və ya kassasına daxil olan pullar agentin(vasitəçinin) pulu deyildir. Ona görə də bu pullara görə agent(vasitəçi) ƏDV hesablamamalıdır. Mühasibat uçotunda bu pullar 538 n-li "Digər qısamüddətli kreditor borcları" hesabında uçota alınır.

Misal.

Yuxarıdakı misalın şərtlərini götürək. Tutaq ki, "B" MMC hesablaşmalarda iştirak edir və satdığı komissiyaya götürülmüş mallara görə ödənişlər onun hesablaşma hesabına daxil olur. Və "B" MMC ona düşən komissiya məbləğini "A" MMC-yə aid olan məbləğdən çıxıb, qalan məbləği köçürür "A" MMC-yə (komitentə, mal sahibinə).

Komissiya müqaviləsində qeyd edilib ki, agentin (komisyonçunun) göstərdiyi agent xidmətləri "Üzləşmə aktının" imzalandığı tarixdə tamamlanmış hesab edilir, və ona komissiya hesablanır.

Tutaq ki, "Üzləşmə akt"-ı iyul ayında imzalanmışdır və həmin ayda da müştərilərdən komissiyon qaydasında satılan mallara görə ödənişlər "B" MMC-nin hesablaşma hesabına daxil olmuşdur.

Belə olduqda, "B" MMC iyul ayı üzrə komissiya məbləğinə - 11 800 AZN (ƏDV daxil), ƏDV hesablamalıdır.

Komissiyonçunun mühasibatlığında aşağıdakı müxabirləşmələr aparılacaqdır:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Alıcılardan pulun daxil olması 221 "Kassa" 538 "Digər qısamüddətli kreditor borcları" 118 000
2 Aktın imzalanması və göstərilmiş agent(vasitəçilik) xidmətinə görə hesablanan komissiya 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" 601-2 "Xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir" 10 000
3 Göstərilmiş agent(vasitəçilik) xidmətinə görə hesablanan komissiyanın ƏDV-si 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" 521-3 "Vergi öhdəlikləri-ƏDV" 1 800
4 Komisyon haqqının agent tərəfindən ona müştərilərdən daxil olan ödənişlərdən tutulması 538 "Digər qısamüddətli kreditor borcları" 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" 10 000
5 Komisyon haqqının ƏDV-nin komitentdən daxil olması 226 "ƏDV depozit hesabı" 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" 1 800
6 Alıcılardan daxil olan pulun qalan hissəsinin komitentə köçürülməsi 538 "Digər qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 108 000
Eyni zamanda, agent (komisyonçu) komitentdən görülməli olan işlər üçün müqavilə əsasında pul alarsa, misal üçün, reklam aksiyasının keçirilməsi üçün ("əvəzləşdirlən xərclər"), o zaman, bu pulların uçotu da 538 "Digər qısamüddətli kreditor borcları" hesabında aparıla bilər. Bu pullardan da agent ƏDV hesablamır. Gələcəkdə vergi uçotu cəhətdən anlaşılmazlıqların aradan qaldırılması üçün bu xərclərin müqavilədə qeyd edilməsi məqsədəuyğundur.

Komitent tərəfində uçot.

Malların komitentdən komisyonçuya verilməsi zamanı mallara olan mülkiyyət hüququ komitentdə qalır. Bu səbəbdən də malların təqdim edilməsi əməliyyatı baş vermir. Təqdim etmə əməliyyatı və ya satış yoxdursa, deməli vergi də hesablanmamalıdır. Lakin, AR Vergi Məcəlləsinin 172.5.4 maddəsinə əsasən malların komisyon qaydada satışı zamanı komitent üçün vergitutma bazası komisyonçuya verilmiş malların dəyəridir (komisyon haqları çıxılmadan). Əməliyyatın vaxtına gəldikdə isə, komitentin üçün vergi tutulan əməliyyatların vaxtı malların (işlərin, xidmətlərin) agentə verildiyi vaxt sayılır.

Beləliklə, komitent komisyonçuya malları satış üçün verdikdə, bu mallar ƏDV cəlb edilməlidir.

Komisyonçu komitentə ona hesablanan komissiyaya görə komitentə elektron vergi-hesab faktura təqdim edir. Komisyonçuya ödənilən komissiya məbləğinin ƏDV-ni komitent əvəzləşdirməyə verə bilər.

Misal.

"A" MMC və "B" MMC agent müqaviləsi bağlayıblar. Müqaviləyə əsasən "B" MMC (komissiyonçu) "A" MMC-dən (komitentdən) 118 000 AZN (ƏDV daxil) dəyərində aldığı malları satmalıdır.

Müqaviləyə əsasən bu satışdan "B" MMC-nin (komissiyonçunun) komissiyası 11 800 AZN (ƏDV daxil) təşkil edir. Satılmış mallara görə ödənişlər "B" MMC-nin (komisyonçunun) hesablaşma hesabına daxil olur.

Agent müqaviləsində qeyd edilibdir ki, komissiyonçunun qazandığı komissiyon haqqı tərəflər arasında akt imzalandıqda yaranır.

Tutaq ki, akt komitent tərəfindən iyul ayında imzalanıb, 11 800 AZN (ƏDV daxil) məbləğində komissiyon haqqı isə komissiyonçunun hesablaşma hesabına oktyabr ayında daxil olub.

Komitentin mühasibatlığında aşağıdakı müxabirləşmələr aparılacaqdır:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Malların agentə komissiyaya verilməsi 217 "Digər qısamüddətli debitor borcları" 205 "Mallar" 100 000
2 Malların agentə komissiyaya verilməsi - hesablanan ƏDV 217 "Digər qısamüddətli debitor borcları" 521-3 "Vergi öhdəlikləri-ƏDV" 18 000
3 Agentdən(komsiyonçudan) satılmış mallara görə pulların daxil olması 223 "Bank hesablaşma hesabları" 217 "Digər qısamüddətli debitor borcları" 118 000
1 Aktın imzalanması və göstərilmiş agent(vasitəçilik) xidmətinə görə hesablanan komissiya xərcləri 711 "Kommersiya xərcləri" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 10 000
2 Göstərilmiş agent(vasitəçilik) xidmətinə görə hesablanan komissiyanın ƏDV-si 241-1 "Əvəzləşdirilən əlavə dəyər vergisi" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 1 800
3 Komisyonçunun komissiya haqqının ödənilməsi 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 10 000
4 Komisyonçunun komissiya haqqının ödənilməsi-ƏDV 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 226 "ƏDV depozit hesabı" 1 800
5 ƏDV-sinin əvəzləşdirilməsi 521-3 "Vergi öhdəlikləri-ƏDV" 241-1 "Əvəzləşdirilən əlavə dəyər vergisi" 1 800

Vergi uçotu

Digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi vəkalət verənin həyata keçirdiyi əməliyyat sayılır.

Komitent tərəfində

ƏDV hesablanması. AR Vergi Məcəlləsinin 172.5.4-cü maddəsinə əsasən, malların komisyon qaydada satışı zamanı komitent üçün ƏDV üzrə vergitutma bazası komisyonçuya verilmiş malların dəyəridir (komisyon haqları çıxılmadan).

Mənfəət vergisi. AR Mülki Məcəlləsinə əsasən komissiya müqaviləsi əsasında satışlar zamanı agentə(komisyonçuya) verilən mallara olan mülkiyyət hüququ komitentdə qalır. Mallar son alıcıya agent(komisyonçu) tərəfindən satıldıqdan sonra onlara olan mülkiyyət hüuqu alıcıya keçir. Bu səbəbdən də, satış(təqdim etmə) alıcının bu malları komsiyonçudan aldığı vaxt hesab edilir. Mənfəət vergisi məqsədləri üçün malların satışı vaxtı komisyonçu və komitent arasında ikitərəfli aktın imzalandığı vaxt hesab edilir. Satışın dəyəri aktda göstərilən faktiki satılan malların dəyəri olacaq.

Komitent komissiya xərclərinə görə ƏDV-ni nə vaxt əvəzləşdirə bilər

Vergi uçotunda vacib qeydi diqqətinizə çatdırmaq istərdik. Belə ki, əgər agent(komisyonçu) alacağı komissiyanı "Üzləşmə akt"-ı əsasında komitentdə ödəniləcək puldan çıxarsa, o zaman, komitent komissiya xərclərinə görə hesablanan komissiyanı əvəzləşdirə bilməyəcək. Səbəb:

AR Vergi Məcəlləsinin 175.1 maddəsinə əsasən :
... əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır

"Nağdsız hesablaşmalar haqqında" AR Qanununun 3.1 maddəsinə əsasən:

3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:

3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;

3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.

Gördüyümüz kimi nağdsız qaydada edilən ödəmə bir vergi ödəyicisinin bank hesabından digər vergi ödəyicisinin bank hesabına köçürmələr hesab edilir. Ona görə əgər komissiya məbləği "Üzləşmə aktı" əsasında əvəzləşərsə, o zaman, bu əvəzləşmə nağdsız qaydada ödəmə hesab edilməyəcək, və komitent komissiya haqqının ƏDV-ni əvəzləşdirə bilməyəcək.

Yazı sonuncu dəfə 2020-02-19 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.