e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Fövqəladə gəlirlər və xərclər

Fövqəladə gəlirlər və xərclər adi fəaliyyəti zamanı yaranmayan, fövqəladə hadisələrin və halların ortaya çıxması nəticəsində yaranan gəlirlər və xərclərdir.

Fövqəladə hallar və onların təsnifatı

Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.

Fövqəladə hal - ətraf mühitə və insan səhhətinə ziyan vuran, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir!

Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür.

Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.). Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir.

Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.). Bunlardan - yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərmək olar.

Fövqəladə gəlirlərin uçotu

Fövqəladə gəlirlərə, misal üçün, fövqəladə hadisə zamanı yarasız hala düşmüş və ləğv edilən əsas vəsaitlərdən qalan materiallar aid edilə bilər, fövqəladə hadisə səbəbindən ödənilən siğorta ödənişləri və s.

Fövqəladə gəlirlərin uçotu Hesablar Planının 64-cü maddəsində əks etdirilir. Bu maddədə fövqəladə hadisə və əməliyyatların nəticələrinə əsasən əldə edilmiş fövqəladə gəlirlər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 641 №li "Fövqəladə gəlirlər" hesabı açılır.

Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən əldə edilmiş fövqəladə gəlirlər tanınma meyarlarına uyğun olaraq 177, 217 №li hesabların müvafiq subhesablarının debeti və 641 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

Fövqəladə gəlirlər üzrə yaranan məbləğə hesabat dövrünün mənfəəti kimi 641 №li hesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Anbar binasının sökülməsindən istifadəyə yararlı materiallar əldə edilmişdir. 201 "Xammal və materiallar" 641 "Fövqəladə gəlirlər" 1 000
2 Alınmış sığorta ödənişləri əks etdirilir 217 "Digər qısamüddətli debitor borcları" 641 "Fövqəladə gəlirlər" 2 000

Fövqəladə xərclərin uçotu

Fövqəladə hadisə və hallar zamanı (yanğın, istehsalatda qəza, təbii fəlakət və s.) aşağıdakı fövqəladə xərclər yarana bilər:

  • istehsalın dayandırılmasına görə itkilər;
  • fövəladə hadısələr zamanı müəssisənin əmlakının itkisi və ona dəyən zərər;
  • fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün çəkilən xərclər.

Fövqəladə xərclərin uçotu Hesablar Planının 76-cı maddəsində əks etdirilir. Bu maddədə fövqəladə hadisə və əməliyyatların nəticələrinə əsasən yaranmış fövqəladə xərclər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 761 №li "Fövqəladə xərclər" hesabı açılır.

Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən çəkilmiş fövqəladə xərclər tanınma meyarlarına uyğun olaraq 761 №li hesabın müvafiq subhesablarının debeti və 435, 445, 538, 545 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

Fövqəladə xərclər üzrə yaranan məbləğə hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 761 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Misal.

Müəssisənin anbarında yanğın baş vermişdir. Yanğın zamanı anbarda olan 4 000 AZN məbləğində hazır məhsula və anbara çiddi zərər dəymişdir. Anbarın təmiri ilə bağlı 1 000 AZN məbləğində xərc çəkilmişdir. Əməliyyatlar üzə müxabirləşmələr aşağıda göstərilmişdir

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Yanğın zamanı anbarda olan hazır məhsul yararsız hala düşmüşdür 761 "Fövqəladə xərclər" 204 "Hazır məhsul" 4 000
2 Anbarda yanğının nətiçələrini aradan qaldırmaq üçün çəkilən xərclər 761 "Fövqəladə xərclər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 1 000

Vergi uçotu

AR Vergi Məcəlləsi

159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Beləliklə, maddədən də göründüyü kimi, fövqəladə hallarda malların itməsi, əskik gəlməsi, xarab olması ƏDV-nə cəlb edilmir.

Bundan başqa, malların fövqəladə hal nəticəsində qismən və ya tam şəkildə yararsız hala düşməsi nəticəsində yaranmış zərər gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə gəlirdən çıxılan xərclərə aid edilmir.

Onuda qeyd etmək lazımdır ki müəssisənin fəaliyyəti zamanı mal-materiallarda yaranan təbii itki fiziki təsir nəticəsində mütəmadi olaraq baş verən bir təbii proses olduğundan yuxarıda qeyd olunan maddə ilə əhatə olunmur və müvafiq olaraq da ümumi qaydada ƏDV-yə cəlb olunur.

Lakin, təbii itki normaları daxilində nəzərdə tutulmuş əskikgəlmələr müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilə bilər. Müvafiq qaydada müəyyən olunmuş təbii itki normalarının həcmindən artıq baş vermiş itkilər isə hüquqi şəxsin rəhbərinin qərarına əsasən hüquqi şəxsin sərəncamında qalan mənfəətlə bağlana bilər.

İstehsal prosesi zamanı qanunvericiliklə müəyyən edilmiş itki normaları daxilində təbii itkiyə gedən malların maya dəyəri gəlirdən çıxıla bilər.

Xarab olma nəticəsində müəssisəyə dəymiş ziyan mənfəət vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərə, xarab olmuş materialların dəyəri isə müəssisənin gəlirinə daxil edilmir.

İnventarizasiya zamanı müvafiq qaydada təsdiqlənmiş malların əskik qəlməsi zamanı həmin malların dəyəri mənfəət vergisinin məqsədləri üçün gəlir kimi nəzərə alınmır, digər tərəfdən malların alış dəyəri də xərc kimi qəbul edilmir.

Malların əskik gəlməsi əsaslndırılmadıqda bu malların bazar qiymət gəlir, alş qiyməti isə xərc kimi nəzərə alınmalıdır.

Yazı sonuncu dəfə 2019-04-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.