e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tikili və avadanlıqların ləğv edilib silinməsi

Fiziki aşınması və ya texniki baxımdan köhnəlməsi səbəbindən tikili və avadanlıqların ləğv edilib silinməsi zamanı aşağıdakı mühasibat yazılışları verilir:

  • tam amortizasiya olunmuş torpaq, tikili və avadanlıqların silinməsi zamanı 112 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir
  • tam amortizasiya olunmamış torpaq, tikili və avadanlıqların silinməsi zamanı 731 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti, eyni zamanda 112 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

Silinmiş torpaq, tikili və avadanlıqlar üzrə hesablanmış xərclər 801 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Misal.

Müəssisəyə məxsus kompüter avadanlığı texniki baxımdan köhnəlməsi səbəbindən yenisi ilə əvəz edilmişdir. Köhnə kompüter avadanlığının daşınması və məhv edilməsi üçün - 500 manat xərclənmişdir.

1-ci halda: Köhnə kompüterlərin ilkin dəyəri - 23 000 manatdır, onlar tam olaraq amortizasiya olunublar.

2-ci halda: Köhnə kompüterlərin ilkin dəyəri - 23 000 manatdır, yığılmış amortizasiya məbləği isə 20 000 manatdır.


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1-ci halda - Tam amortizasiya olunmuş tikili və avadanlıqların yarasız hala düşməsi nəticəsində silinməsi
1 Yığılmış amortizasiya məbləği silinir 112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" 23 000
2 Köhnə kompüter avadanlığının daşınması və məhv edilməsi xərcləri 801 "Ümumi mənfəət (zərər)" 731 "Sair əməliyyat xərcləri" 500
2-ci halda - Tam amortizasiya olunmamış tikili və avadanlıqların yarasız hala düşməsi nəticəsində silinməsi
1 Kompüter avadanlığının ilkin dəyəri silinir 731 "Sair əməliyyat xərcləri" 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" 23 000
2 Yığılmış amortizasiya məbləği silinir 112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 731 "Sair əməliyyat xərcləri" 20 000
3 Kompüter avadanlığının qalıq dəyəri zərərə silinir 801 "Ümumi mənfəət (zərər)" 731 "Sair əməliyyat xərcləri" 3 000
4 Köhnə kompüter avadanlığının daşınması və məhv edilməsi xərcləri 801 "Ümumi mənfəət (zərər)" 731 "Sair əməliyyat xərcləri" 500
5 Kompüter avadanlığının qalıq dəyərinə ƏDV hesablanır 731 "Sair əməliyyat xərcləri" 521 "Vergi öhdəlikləri" 540

Vergi uçotu

Diqqət! Vergi uçotunda tam amortizasiya olunmamış tikili və avadanlıqlar silindikdə, onların qalıq dəyərinə ƏDV hesablanmalıdır.

AR Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Göstərilənlərə əsasən əsas vəsaitlər tam amortizasiya olunmadan cari vergi ili başa çatmadan uçotdan silindikdə, həmin əsas vəsaitə amortizasiya ayırmaları hesablanmır, bu əsas vəsait ƏDV ödənilməklə əldə edilmişdirsə və müvafiq əvəzləşdirmə aparılmışdırsa, belə əsas vəsaitlərin uçotdan silinməsi əməliyyatı qeyri-kommersiya məqsədi daşıyan əməliyyat hesab edilməklə, həmin əsas vəsaitin vergi ilinin əvvəlinə qalıq dəyəri (həmin vergi ilində amortizasiya ayırmaları hesablanmadan) ƏDV-nin vergitutma obyektini yaradır.

Yazı sonuncu dəfə 2020-02-23 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.