e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mənfəət və zərər haqqında hesabat

"Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat"-da (statement of comprehensive income) hesabat dövrü ərzində yaranan gəlirlər, zərərlər və digər məcmu gəlirlər barədə məlumat əks olunur. Hesabatın hazırlanması və təqdim edilməsi qaydaları "Maliyyə hesabatlarının təqdimatı" adlı 1 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartında (IAS 1) əks olunubdur.

"Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat" iki hissədən ibarətdir:

  • Mənfəət və ya zərər haqqında hesabat
  • Digər məcmu gəlir haqqında hesabat (bölüşdürülməmiş mənfəətə təsir edən, lakin mənfəət və ya zərər haqqında hesabatda əks olunmayan gəlirlər, misal üçün, elan edilmiş dividendlər, yenidənqiymətləndirmə ehtiyatlarının dəyişməsi və s.)
"Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat"-da xərclər xarakteri və ya funksiyaları üzrə sinifləşdirilə bilərlər.

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat "Xərclərin funksiyaları üzrə" hazırlanırsa, o zaman, onun maddələri aşağıdakı kimi olacaqdır:

  • Əsas əməliyyat gəlirləri
  • Satışın maya dəyəri üzrə xərclər
  • Ümumi mənfəət (zərər)
  • Sair əməliyyat gəlirləri
  • Kommersiya xərcləri
  • İnzibati xərclər
  • Vergiqoymadan əvvəl mənfəət (zərər)

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat "Xərclərin xarakteri üzrə" hazırlandıqda, hesabat forması tam anlaşılan görsənmir, çünki xərclər funksiyalarına görə qruplaşdırılmır ırsa, o zaman, onun maddələri aşağıdakı kimi olacaqdır:

  • Əsas əməliyyat gəlirləri
  • Sair əməliyyat gəlirləri
  • Bitməmiş istehsalat və hazır məhsul ehtiyatlarındakı artımlar (azalmalar)
  • Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər
  • İstifadə edilmiş material ehtiyatları
  • İşçi heyəti üzrə xərclər
  • Amortizasiya xərcləri
  • Digər əməliyyat xərcləri
  • Vergiqoymadan əvvəl mənfəət (zərər)
Qeyd etmək lazımdır ki, hesabatda ana şirkətinin və qeyri-nəzarət payları üzrə mənfəət (zərər) və digər məcmu gəlir ayrı-ayrılıqda göstərilir.

MHBS (IAS) 1-də "Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat"-da əks olunası gəlir və xərclərin maddələrinin siyahısı verilir. Müəssisə, ehtiyac yarandıqda, bu maddələrə açıqlamalar verməlidir.

"Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları"nın 2 nömrəli əlavəsində "Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat" forması verilibdir.

"Maliyyə vəziyyəti haqqında hesabat" formasını aşağıdakı linklərdən yükləyə bilərsiniz.

Mənfəət və zərər hаqqındа hеsаbаt (Xərclərin funksiyaları üzrə);

Mənfəət və zərər hаqqındа hеsаbаt (Xərclərin xüsusiyyatı üzrə).

Yazı sonuncu dəfə 2019-02-14 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.