e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

TTA-ın digər müəssisələrə pay qoyuluşu şəklində verilməsi

Torpaq, tikili və avadanlıqların maliyyə qoyuluşu qaydasında digər müəssisələrin kapitalında iştirak payı kimi qoyulması zamanı aşağıdakı mühasibat yazılışları verilir:

  • torpaq, tikili və avadanlıqlar üzrə 112 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • asılı müəssisələrə qoyulan investisiya kimi 151 "Asılı müəssisələrə investisiyalar" hesabının debeti və 111 "Torpaq, tikili və avadanlıqlar" hesabının krediti üzrə.
  • birgə müəssisələrə qoyulan investisiya kimi 152 "Birgə müəssisələrə investisiyalar" hesabının debeti və 111 "Torpaq, tikili və avadanlıqlar" hesabının krediti üzrə.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Digər müəssisələrin kapitalında iştirak payı kimi qoyulan torpaq, tikili və avadanlıqların amortizasiyasının silinməsi 112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" -
2 Asılı müəssisələrə qoyulan investisiya 151 "Asılı müəssisələrə investisiyalar" 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" -
3 Birgə müəssisələrə qoyulan investisiya 152 "Birgə müəssisələrə investisiyalar" 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" -
4 Başqa bir müəssisələrin nizamnamə kapitalına qoyulan torpaq tikili və avadanlıqlar 183 "Digər uzunmüddətli investisiyalar" 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" -

Vergi uçotu

AR Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-dən azaddır.

Torpaq, tikili və avadanlıqların digər müəssisələrin nizamnamə kapitalına pay qoyuluşu şəklində qoyulması təqdim etmə əməliyyatı hesab edilir. Lakin, AR Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-dən azad olunan əməliyyat hesab edilir.

Beləliklə, TTA-ların pay şəklində hər-hansı şirkətin nizamnamə kapitalına verilməsi ƏDV-dən azaddır.

Misal

Rabitə MMC İnterkonnekt MMC ilə birlikdə Rabitə-konnekt MMC müəssisəsini təsis edirlər. Rabitə MMC yeni təsis edilən müəssisənin nizamnamə kapitalına pay kimi balansında olan 1 500 000 manatlıq telekommunikasiya avadanlıqlarını qoymalıdır.

Yeni yaradılan müəssisənin nizamnamə kapitalına pay kimi avadanlığın qoyulması AR Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən ƏDV-dən azaddır.

İştirak payı və ya səhmlərin təqdim edilməsindən yaranan gəlirlər

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə:
faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir.

İştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə:
alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir.

İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Onu da qeyd etmək lazımdır ki, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir vergisindən azaddır.

Misal.

"AqroMaş" ASC-nin səhmdarlarından birisi ona 5 il məxsus olan 1 əd səhmini 350 000 manata 05.01.2019 tarixində satmışdır.

"AqroMaş" ASC-nin nizamnamə kapitalı 1 000 000 manatdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 200 000 manat olan 5 səhmdən ibarətdir. Bundan başqa, "AqroMaş" ASC-nin 2018-ci ilin sonuna bölüşdürülməmiş mənfəəti 250 000 manat təşkil etmişdir. Səhmin satışından nə qədər gəlir vergisi hesablanacaqdır?

İlk öncə müəssisənin xalis aktivləri müəyyən edilməlidir. Xalis aktivlər olacaqdır:

Nizamnamə kapitalı + Bölüşdürülməmiş mənfəət = 1 000 000 + 250 000 = 1 250 000

Bundan sonra xalis aktivlərin səhmlərə mütənasib dəyərini tapaq:

1 250 000 / 5 ədəd = 250 000 manat

Səhm satışından əldə edilən gəlir və gəlir vergisini hesablayaq:

Səhm xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 100 000 manat yuxarı qiymətə satılmışdır (350 000 - 250 000). Belə olduqda, gəlir səhmin faktiki satış dəyəri ilə nominal dəyəri arasındakı fərq kimi hesablanır:

350 000 - 200 000 = 150 000

Səhm səhmdara artıq 5 il məxsus olduğu üçün əldə olunan gəlirlərin 50 faizi gəlir vergisindən azaddır.

Gəlir vergisi olacaqdır

150 000 * 50% * 14% = 10 500 manat

2- ci variant. Səhmdar ona məxsus səhmi 200 000 manata satmışdır. Belə olduqda, səhm satışından əldə edilən gəlir və gəlir vergisini hesablayaq:

Səhm xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 50 000 manat aşağı qiymətə satılmışdır (250 000 - 200 000). Belə olduqda, gəlir xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyəri ilə səhmin nominal dəyəri arasındakı fərq kimi hesablanır:

250 000 - 200 000 = 50 000

Səhm səhmdara artıq 5 il məxsus olduğu üçün əldə olunan gəlirlərin 50 faizi gəlir vergisindən azaddır.

Gəlir vergisi olacaqdır

50 000 * 14% * 50% = 3 500 manat



Yazı sonuncu dəfə 2020-01-27 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.