e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Nəğd vəsaitlərin kassadan verilməsi

Nəğd vəsaitlərin kassadan verilməsi aşağıdakı hallarda baş verə bilər:

  • Əmək haqqının və ona bərabər olan ödənişlər(mükafat, məzuniyyət haqqı, müavinətlər);
  • Təhtəlhesab şəxslərə nəğd pulun verilməsi;
  • Bank hesabına pulun keçirilməsi;
  • Malgöndərənlərə ödənişlərin edilməsi;
  • Təsisçilrə ödənişlərin edilməsi

Nəğd vəsaitlərin kassadan məxarici

Nəğd vəsaitlərin kassadan məxarici Kassa məxaric orderi (Forma N KO-2) ilə sənədləşdirilir.

Əmək haqqının və ona bərabər olan ödənişlər(mükafat, məzuniyyət haqqı, müavinətlər) Hesablama-ödəmə cədvəli (Forma N-1HÖC) və ya Ödəmə cədvəli (Forma N-2ÖC) əsasında verilir.

Nəğd vəsaitlərin kassadan verilməsinə hazırlıq

Xəzinadar nəğd vəsaitləri kassa məxaric orderində (hesablama-ödəmə cədvəlində, ödəmə cədvəliində) qeyd edilən şəxsə verməlidir. Nəğd vəsaitləri kassadan alan şəxs şəxsiyyətini təsdiq edən sənəd və ya vəkalətnamə və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir.

Xəzinədar kassa məxaric orderini və ona əlavə edilən kassa sənədləri alan zaman aşağıdakıları yoxlamalıdır:

  • Ödəniş sənədlərində rəhbərin, baş mühasibin və ya onların səlahiyyətli nümayəndələrinin imzalarının mövcudluğunu və özündə olan imza nümunəsi ilə uyğunluğunu;
  • Yazı və rəqəm ilə qeyd edilən məbləğlərin uyğunluğunu;
  • Nəğd vəsaitləri alan şəxsin orderdə qeyd edilən SAA-nın şəxsiyyətini təsdiq edən sənəd ilə uyğun olub-olmadığını;
  • Kassa sənədlərində sadalanan əlavələrin mövcudluğunu.
Bu tələblərin hər hansı birinə riayət olunmadıqda, xəzinədar həmin sənədləri icra etmədən mühasibatlığa qaytarır.

Vəkalətnamə əsasında nəğd vəsaitlərin verilməsi

Xəzinadar kassa məxaric orderində qeyd edilən şəxsin SAA-nın vəkalətnamədə qeyd edilən şəxsin SAA ilə uyğunluğunu və vəkalətnamədə qeyd edilən şəxsin şəxsiyyətini təsdiq edən sənəddə qeyd olunan SAA ilə uyğunluğunu yoxlayır.

Hesablama-ödəmə cədvəlində və ya ödəmə cədvəlində nəğd vəsaitləri götürməyi həvalə edilən şəxsin imzasının qarşısında "vəkalətnamə ilə" yazısı edilir. Vəkalətnamə kassa məxaric orderinə (hesablama-ödəmə cədvəlinə, ödəmə cədvəlinə) tikilir.

Nəğd vəsaitlərin verilməsi zamanı xəzinadarın əməliyyatları

Nəğd vəsaitlərin kassa məxaric orderi əsasında verilməsi zamanı xəzinadar veriləcək nəğd vəsaitləri hazırlayır, və kassa məxaric orderini nəğd vəsaitləri alan şəxsə verir. Nəğd vəsaitləri alan şəxs kassa məxaric orderini imzalayır.

Xəzinadar veriləcək məbləği nəğd vəsaitləri alan şəxsin qarşısında bir-bir sayır, və kassa məxaric orderində qeyd edilən məbləği alan şəxsə verir.

Nəğd vəsaitləri alan şəxs aldığı əskinasları xəzinadarın qarşısında bir-bir sayır. Xəzinadar nəğd vəsaiti alan şəxsin heç bir şikayətlərini, alan şəxs pulları xəzinadarın qarşısında saymadan gəbul etmir.

Nəğd vəsaitlər verildikdən sonra kassa məxaric orderi xəzinadar tərəfindən imzalanır.

Nəğd vəsaitlərin təhtəlhesab şəxsə verilməsi

İnzibati-təsərrüfat məqsədlərinə lazım olan malların (məsələn, dəftərxana ləvazimatlarının) alınması üçün təhtəlhesab şəxsə pul verilə bilər.

Təhtəlhesab şəxs nəğd vəsaitləri almaq üçün müəssisə rəhbərinə Ərizə ilə müraciət edir. Müəssisə rəhbəri ərizəni imzaladıqdan sonra, o mühasibatlığa təqdim olunur. Mühasibatlıq bu ərizənin əsasında kassa məxaric orderini hazırlayır.

Təhtəlhesab şəxslər aldıqları avansların təyinatından asılı olaraq, 5 iş günü müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim etməlidirlər və xərclənməyən pul qalığını kassaya qaytarmalıdırlar. Eyni şəxsə yeni avans məbləği yalnız əvvəl verilmiş avans məbləği haqda hesabat təqdim edildikdən və pulun qalığı qaytarıldıqdan sonra verilir.

Ezamiyyə məqsədləri üçün verilən avans məbləğləri üzrə avans hesabatları isə təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra onun tərəfindən 3 iş günü müddətində mühasibatlığa təhvil verilməlidir.

Əmək haqqının və ona bərabər olan ödənişlərin (mükafat, məzuniyyət haqqı, müavinətlər) edilməsi

Əmək haqqının və ona bərabər olan ödənişlər(mükafat, məzuniyyət haqqı, müavinətlər) Hesablama-ödəmə cədvəli (Forma N-1HÖC) və ya Ödəmə cədvəli (Forma N-2ÖC) əsasında verilir.

Əmək haqqları veriləndən sonra Ödəniş cədvəlinin "Ödənilib" xanasında cəmi ödənilən əmək haqqları yazılır, "Deponentləşib" xanasında isə deponetləşdirilən və banka təhvil verilən məbləğin cəmi yazılır. Sonra Ödəniş cədvəlini xəzinadar imzalayır və mühasibatlığa Baş mühasibin imzası üçün təqdim edir.

Edilmiş ödənişə kassa məxaric orderi(KO-2) tərtib edilir. Ödənilməmiş əmək haqqı məbləği yenidən banka qayıdıb orada deponentləşdirilə bilər. Deponentləşdirilmiş məbləğə əlavə olaraq kassa məxaric orderi tərtib edilir.

Malgöndərənlərə ödənişlərin edilməsi

Nəğd pul vəkalətnamə əsasında malgöndərənin səlahiyyətli nümayəndəsinə ödənilir.

DİQQƏT!

Nağdsız hesablaşmalar haqqında AR Qanununa əsasən aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

3.3-1. Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir.

3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

3.4.1. vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;

3.4.2. “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;

3.4.3. dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;

3.4.5. stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;

3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;

3.4.7. dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

3.4.8. təhsil haqlarının ödənilməsi;

3.4.9. turagentlərə ödəmələr.

3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu;

3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

3.5.5. xam dərinin tədarükü (alışı).



Yazı sonuncu dəfə 2020-04-24 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.