e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Keçmiş illərin zərərlərinin bağlanması

Müəssisənin təsisçilərinin və ya səhmdarlarının yığıncağının qərarı ilə hesabat ilinin xalis mənfəətini keçmiş illərin zərərləri ilə bağlaya bilərlər.

343 №li "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" hesabında mühasibat uçotu subyektinin keçmiş illər ərzində əldə edilmiş xalis mənfəəti (zərəri) barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman əldə edilmiş xalis mənfəət 341 №li hesabın müvafiq subhesablarının debetində və 343 №li hesabın müvafiq subhesablarının kreditində, əldə edilmiş zərər isə 343 №li hesabın müvafiq subhesablarının debetində və 341 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) hesabına ehtiyatlar yaradıldıqda 343 №li hesabın müvafiq subhesablarının debeti və 333, 334, 335 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) hesabına yaradılmış ehtiyatlar geri qaytarıldığı hallarda 333, 334, 335 №li hesabların müvafiq subhesablarının debetində və 343 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

Misal. Müəssisənin hesabat ilinin sonuna 350 000 AZN xalis mənfəəti yaranmışdır. Müəssisə sahiblərinin (təsisçilərinin) illin yığıncağında verilən qərara görə cəmiyyətin Nizamnaməsinə edilən dəyişikliyə əsasən hər ilin sonunda xalis mənfəətin 50% dividend kimi ödənilsin, 30% keçmiş illərin zərərinin bağlanmasına, 20% -da əlillərin yardım fonduna yönləndirilsin. Əməliyyatlar üzə müxabirləşmələr aşağıda göstərilmişdir

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Xalis mənfəətin yaranması 801 "Ümumi mənfəət (zərər)" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 350 000
2 Dividendlərin elan edilməsi 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 344 "Elan edilmiş dividentlər" 175 000
3 Keçmiş illərin zərərinin bağlanması 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" 105 000
4 Əlillərə yardım fondunun yaradılması 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 335 "Digər ehtiyatlar" 70 000

Vergi uçotu

Mənfəət vergisinin ödəyicisi olan müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi 5 ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

Gəlir vergisinin ödəyiciləri olan fiziki şəxsin sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin belə ümumi gəlirdən artıq olan hissəsi digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün 3 ilədək davam edən sonrakı dövrə keçirilə bilər.

Misal

Müəssisə 2012-ci ildə fəaliyyətə başlamışdır. Növbəti illərdə müəssisənin nəticələri aşağıdakı kimi olmuşdur:

2012-cü ildə - 30 000 AZN (zərər)

2013-cü ildə - 3 000 AZN (mənfəət)

2014-cü ildə - 4 000 AZN (mənfəət)

2015-cü ildə - 3 000 AZN (mənfəət)

2016-cü ildə - 8 000 AZN (mənfəət)

2017-cü ildə - 10 000 AZN (mənfəət)

2018-cü ildə - 8 000 AZN (mənfəət)

2012-ci ildə yaranan 30 000 AZN məbləğində zərər növbəti beş ildə olan mənfəətlər (2013-2017 illər) ilə kompensasiya edilir və bu səbəbdən müəssisə mənfəət vergisi ödəməyəcəkdir.

Lakin, 2018-ci ildə kompensasiya edilməmiş qalan 2 000 AZN (2012-ci ilin zərəri), 5 il keçdiyindən 2018-ci ildəki mənfəət ilə kompensasiya edilməyəcəkdir.



Yazı sonuncu dəfə 2018-11-21 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.