e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tikili və avadanlıqların amortizasiyası

Amortizasiya - istismara yararlı müddətdə aktivlərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm olaraq (sistematik) paylaşdırılmasıdır (bölüşdürülməsidir). Tikili və avadanlıqlar amortizasiya vasitəsi ilə dəyərlərini istehsal edilmiş məhsula(işlərə, xidmətlərə) hissə-hissə keçirirlər.

Amortizasiya olunan dəyər – aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq (likvidasiya) dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir.

Son qalıq (likvidasiya) dəyəri – torpaq, tikili və avadanlıqlara aid aktiv faydalı istismar müddətinin sonunda nəzərdə tutulan vəziyyətə uyğun olduqda, onun satışı ilə bağlı ehtimal olunan xərclər çıxıldıqdan sonra, müəssisə tərəfindən əldə oluna biləcək qiymətləndirilmiş məbləğdir.

Torpaq, tikili və avadanlıqların amortizasiyası - Mühasibat uçotu

Tikili və avadanlıqların amortizasiya olunan dəyəri onun istifadə müddəti üzrə sistematik bölüşdürülür. Tikili və avadanlıqlar üzrə tətbiq edilən amortizasiya metodu müəssisə tərəfindən aktivdən gözlənilən gələcək iqtisadi səmərənin istehlak sxemini əks etdirməlidir. Aktivin amortizasiya edilmiş dəyərinin onun faydalı istismar müddəti üzrə ardıcıl olaraq bölüşdürülməsi üçün müxtəlif amortizasiya metodlarından istifadə edilə bilər. Belə metodlara aiddir:

  • düz xətt metodu,
  • azalan qalıq metodu,
  • istehsal vahidi metodu.

Tikili və avadanlıqlar üzrə seçilən amortizasiya metodu müəssisənin "Uçot siyasətində" öz əksini tapmalıdır.

Düz xətt metodu, aktivin son qalıq dəyərinin dəyişmədiyi təqdirdə, onun faydalı istismar dövrü ərzində daimi ayırmaların həyata keçirilməsi ilə nəticələnir. Düz xətt metodunda amortizasiya ayırmalarının obyektin faydalı istismar müddəti ərzində onun ilkin dəyərindən bərabər hissələrlə hesablanmasını nəzərdə tutur.

Azalan qalıq metodu aktivin faydalı istismar dövrü ərzində ayırmaların azalması ilə nəticələnir. İllik amortizasiya ayırmaları düz xətt metodundakı kimi müəyyən edilir, lakin, amortizasiya ayırmaları ilkin dəyərdən deyil, obyektin qalıq (balans) dəyəri əsasında müəyyən edilir.

İstehsal vahidi metodu isə aktivin istehsal gücü və ya ehtimal olunan istifadəsinə əsaslanan ayırmalar ilə nəticələnir.

Müəssisə aktivlə bağlı gələcək iqtisadi səmərənin istifadəsi üzrə ehtimal olunan istehlak sxemini daha dəqiq əks etdirən metodu seçir. Bu metod, gələcək iqtisadi səmərələrin istifadəsi üzrə ehtimal olunan istehlak sxemi dəyişməyənə qədər dövrdən dövrə müntəzəm olaraq tətbiq edilir.

Faydalı istismar müddəti - müəssisə tərəfindən aktivin istifadəyə yararlı olması gözlənilən dövrdür, və ya müəssisənin aktivin istifadəsindən əldə edəcəyi ehtimal olunan məhsul vahidlərinin miqdarıdır.

Misal. Düz xətt metodu.

Müəssisə əsas istehsalda istifadə üçün 120 000 manat dəyərində dəzgah almışdır. Dəzgahın faydalı istifadə müddəti 5 il, son qalıq (likvidasiya) dəyəri isə 20 000 manatdır.

Düz xətt metodundan istifadə edərkən hər il amortizasiya olunan dəyərin 1/5 hissəsi amortizasiya edilməlidir, və ya amortizasiya dərəcəsi olacaqdır 20% (100% / 5 il).

Beləliklə, düz xətt metodu əsasında illik amortizasiya ayırmaları aşağıdakı kimi hesablanacaq:

(İlkin dəyər - Son qalıq (likvidasiya) dəyəri) / Faydalı istismar müddəti

(120 000 - 20 000) / 5 = 20 000

İlİlkin dəyəriAmortizasiya dəyəriAmortizasiya dərəcəsiAmortizasiya ayırmalarıİlin sonuna qalıq dəyəri
1120 000100 00020%20 000100 000
2120 000100 00020%20 00080 000
3120 000100 00020%20 00060 000
4120 000100 00020%20 00040 000
5120 000100 00020%20 00020 000
Misal. Azalan qalıq metodu.

Müəssisə əsas istehsalda istifadə üçün 120 000 manat dəyərində dəzgah almışdır. Dəzgahın faydalı istifadə müddəti 5 il, son qalıq (likvidasiya) dəyəri isə 20 000 manatdır.

Azalan qalıq metodundan istifadə edərkən dəqgahın illik amortizasiya dərəcəsi olacaqdır 20% (100% / 5 il).

Beləliklə, azalan qalıq metodu əsasında illik amortizasiya ayırmaları aşağıdakı kimi hesablanacaq:

Qalıq (balans) dəyəri * 20%

İlQalıq dəyəriAmortizasiya dərəcəsiAmortizasiya ayırmalarıİlin sonuna qalıq dəyəri
1120 00020%24 00096 000
296 00020%19 20076 800
376 80020%15 36061 440
461 44020%12 28849 152
549 152*29 15220 000

*Qeyd. Sonuncu 5-ci il amortizasiya ayırması qalıq dəyərindən son (likvidasiya) dəyərinin çıxılmasından sonra qalan fərq kimi hesablanacaq.

Misal. İstehsal vahidi metodu.

Müəssisə inzibati şöbədə istifadə üçün 25 000 manat dəyərində avtomobil almışdır. Müəssisənin texniki şöbəsinin hesablamalarına görə avtomobil 100 000 km qət edəndən sonra tam olaraq amortizasiya olunacaq.

Avtomobildən 1-ci il istifadə edilərək 25 000 km qət edilmişdir. 1-ci ilin amortizasiya ayırmaları avtomobil üzrə olacaqdır:

25 000 km / 100 000 km * 25 000 manat = 6 250 manat

Avtomobildən 2-ci il istifadə edilərək 30 000 km qət edilmişdir. 2-ci ilin amortizasiya ayırmaları avtomobil üzrə olacaqdır:

30 000 km / 100 000 km * 25 000 manat = 7 500 manat

Beləliklə, 100 000 km qət edilənədək, avtomobil üzrə amortizasiya ayırmaları qət edilən məsafəyə uyğun olaraq proporsional hesablanacaq.

Daş karxanası və zibilin tökülməsi üçün ayrılmış torpaq sahələri kimi bəzi istisnalardan başqa torpaq sahələri məhdud olmayan faydalı istifadə müddətinə malikdirlər və bu səbəbdən də amortizasiya olunmurlar.

Hər dövr üzrə amortizasiya məsrəfləri aşağıdakı kimi uçotda əks etdirilir:

  • digər aktivin balans dəyərinə daxil edilmədiyi hallarda Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda tanınır. Bu zaman 202, 203, 711, 721, 731 №li hesabların müvafiq subhesablarının debetində və 112 №li hesabın müvafiq subhesablarının kreditində;
  • aktivdə ifadə olunmuş gələcək iqtisadi səmərələr digər aktivin istehsalına yönəlmiş olduqda, amortizasiya məsrəfləri digər aktivin dəyərinin bir hissəsini təşkil edir və onun balans dəyərinə əlavə olunur. Bu zaman 103, 113, 202, 203 №li hesabların müvafiq subhesablarının debetində və 112 №li hesabın müvafiq subhesablarının kreditində.


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Məhsul istehsalında istifadə edilən dəzgahın amortizasiyası 202-4 "İstehsalat aktivlərinin amortizasiya məsrəfləri" 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" 20 000
2 İnzibati şöbədə istifadə edilən avtomobilin amortizasiyası 721-2 İnzibati məqsədləri üçün istifadə edilən aktivlərin amortizasiya xərcləri; 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" 6 250

Tikili və avadanlıqlar üzrə tətbiq edilən amortizasiya metodu ən azından hər maliyyə ilinin sonunda yenidən nəzərdən keçirilməlidir. Əgər aktivdə təcəssüm olunmuş gələcək iqtisadi səmərənin gözlənilən istehlak sxemində əhəmiyyətli dəyişikliklər baş verərsə, tətbiq edilən amortizasiya metodu həmin dəyişiklikləri əks etdirmək üçün dəyişdirilməlidir. Tikili və avadanlıqların amortizasiyası üzrə uçot qiymətləndirmələrində aparılan dəyişikliklərlə əlaqədar olaraq əvvəlki dövrlərdə artıq hesablanmış amortizasiya məbləğinə 112 №li hesabın müvafiq subhesablarının debeti və 342 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Vergi uçotu

Vergi uçotunda tikili və avadanlıqlar əsas vəsaitlər kimi tərif olunur.

AR Vergi Məcəlləsinə görə əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır. Amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

  • torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular — 7%-dək;
  • maşınlar və avadanlıq — 20%-dək;
  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə — 25%-dək;
  • nəqliyyat vasitələri — 25%-dək;
  • iş heyvanları — 20%-dək;
  • geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər — 25%-dək;
  • qeyri-maddi aktivlər — istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
  • digər əsas vəsaitlər — 20%-dək;

Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını yuxarıda qeyd edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər

Kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını yuxarıda qeyd edilən amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Lakin, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək nəzərdə tutulan amortizasiya normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.

Misal

Binalar, tikililər və qurğular (bundan sonra tikililər) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.

İlin sonuna əsas vəsaitlərin qalıq dəyəri aşağıdakı üsul ilə müəyyən edilir:

İlin sonuna ƏV qalıq dəyəri = İlin əvvəlinə ƏV qalıq dəyəri + cari ildə daxil olmuş ƏV dəyəri - təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olan ƏV dəyəri

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Misal

İlin əvvəlinə müəssisədə 100 000 manatlıq qalıq dəyəri olan bina, 5 000 AZN qalıq dəyəri olan avonəqliyyat vasitəsi var idi. İl ərzində müəssisə köhnə avtonəqliyyat vasitəsini sataraq 7 000 manata yenisini almışdır və 50 000 AZN yeni mağaza binasını almışdır. Beləliklə, ilin sonuna bina, tikililər və qurğular kateqoriyası üzrə müəssinin 150 000 AZN və nəqliyyat vasitələri kateqoriyası üzrə 7 000 AZN qalıq dəyərində əsas vəsaitləri olacaqdır.

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Binalar, tikililər və qurğular üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.

Amortizasiya olunmur.

Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:

  • elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;
  • məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);
  • heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;
  • istismar vaxtı çatmayan çoxillik əkmələr;
  • kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);
  • tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;
  • konservasiya edilmiş əsas vəsaitlər;
  • ümumi istifadədə olan avtomobil yolları;
  • ümumi istifadədə olan parklardakı avadanlıqlar;
  • istismara verilməmiş anbarda olan əsas vəsaitlər.


Yazı sonuncu dəfə 2020-01-02 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.