e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Kаpitalda dəyişikliklər hаqqındа hеsаbаt

"Kаpitalda dəyişikliklər hаqqındа hesаbаt"-da (statement of changes in equity) hesabat dövrünün sonuna müəsissənin kapitalının hər bir komponentinin miqdarı və və bu komponentlərdə olan dəyişikliklər əks olunur. Hesabatın hazırlanması və təqdim edilməsi qaydaları "Maliyyə hesabatlarının təqdimatı" adlı 1 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartında (IAS 1) əks olunubdur.

Ümumi olaraq "Kаpitalda dəyişikliklər hаqqındа hesаbаt"-ın strukturu aşağıdakı kimidir:

1. Hesabat dövrünün əvvəlinə qalıq

  • Əvvəlki hesabat dövrünün əvvəlinə olan qalıq
  • Hesabat dövründə uçot siyasətində dəyişikliklər və ya əhəmiyyətli səhvlərlə bağlı düzəlişlər
  • Səhvlərin düzəldilməsindən sonra hesabat dövrünün əvvəlinə qalıq

2. Dövr ərzində nizamnamə kapitallındə dəyişikliklər

  • Hesabat dövründə xalis mənfəət (zərər)
  • Mülkiyyətçilərin kapital qoyuluşları
  • Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)
  • Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar
  • Kapitalın maddələri arasında köçürmələr
  • Sair məcmu gəlir

3. Hesabat dövrünün sonuna qalıq.

Faktiki olaraq "Kapitalda dəyişikliklər haqqında hesabat" "Maliyyə vəziyyəti haqqında hesabat"-ının "Kapital" böllməsinin hesabat dövrü üzrə dəyişikliklərinin detallı izahıdır.

Kapitalda dəyişikliklər haqqında hesabatda təqdim ediləcək məlumat.

Müəssisə kapitalda dəyişikliklər haqqında hesabatda aşağıda qeyd olunanları açıqlamalıdır:

  1. əsas müəssisənin səhmdarlarına və ya azlığın payına aid olan yekun məbləğləri ayrıca təqdim etməklə, hesabat dövrünün gəlir və xərclərinin cəmini hesablanmış; və
  2. kapitalın hər bir komponenti üzrə 8 No-li MUBS-a uyğun olaraq tanınmış uçot siyasətlərində dəyişikliklərin və səhvlərin düzəldilməsinin nəticələri;
  3. [çıxarılmişdir]
  4. hər bir dəyişikliyi ayrıca açıqlamaqla (ən azı), hesabat dövrünün əvvəlində və sonunda qoyulmuş kapitalın və kapital ehtiyatlarının hər bir sinfi üzrə balans dəyərlərinin tutuşdurulması:
    1. mənfəət və ya zərər;
    2. sair məcmu gəlir; və
    3. səhmdarlara edilən bölüşdürmələri ayrıca açıqlamaqla, səhmdar statusu çərçivəsində fəaliyyət göstərən səhmdarlarla əməliyyatların məbləğləri.

Kapitalda dəyişikliklər haqqında hesabatda və ya qeydlərdə təqdim olunacaq məlumat.

Kapitalın hər bir komponenti üzrə dəyişikliklərin və səhvlərin düzəldilməsinin nəticələri kapitalda dəyişikliklər haqqında hesabatda və ya qeydlərdə sair məcmu gəlirin təhlili maddəsində (bax. maddə 106 (d) (ii) bax) təqdim edilməlidir.

Müəssisə, kapitalda dəyişikliklər haqqında hesabatda və ya qeydlərdə dövr ərzində səhmdaralr arasında bölüşdürülməmiş dividendlərin məbləğini və hər bir səhm üzrə dividendlərin məbləğlərini təqdim edir.

Birbaşa kapitalda tanınmış hesabat dövrünün mənfəət və zərərinin hər bir maddəsini və bu maddələrin cəmini təqdim edilməlidir.

İki hesabat tarixi arasında müəssisənin kapitalında baş verən dəyişikliklər dövr ərzində onun xalis aktivlərinin artımı və ya azalmasını əks etdirir. Səhmdar statusu çərçivəsində fəaliyyət göstərən səhmdarlarla əməliyyatlar (kapital qoyuluşları, müəssisənin öz kapital alətlərinin yenidən alınması və dividendlər kimi) nəticəsində yaranan dəyişikliklər və belə əməliyyatlarla birbaşa əlaqəli olan əməliyyatların məbləğləri istisna olmaqla, hesabat dövrü ərzində kapitalda ümumi dəyişiklik bu dövr ərzində müəssisənin əməliyyatları nəticəsində yaranmış mənfəət və zərər (gəlir və xərc maddələrinin mənfəət və zərərdə və ya birbaşa kapitalda dəyişiklik kimi tanınmasından asılı olmayaraq) daxil olmaqla, gəlir və xərclərin ümumi məbləğini əks etdirir.

MHBS keçid müddəalarında fərqli tələb irəli sürdüyü hallar istisna olmaqla, 8 No-li MUBS, bunun mümkün olduğu dərəcədə uçot siyasətində dəyişiklik üzrə retrospektiv düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, 8 No-li MUBS, bunun mümkün olduğu dərəcədə buraxılmış səhvlər üzrə retrospektiv düzəlişlərin edilməsini tələb edir. MHBS-nın tələblərinin retrospektiv düzəlişin kapitalın digər komponentinə tətbiq edilməsini tələb etdiyi hallar istisna olmaqla, retrospektiv düzəlişlər və yenidən təqdim edilmə bölüşdürülməmiş mənfəətin qalığına tətbiq edilir. Bu Standartın 106-cı maddəsinin (b) bəndi kapitalda dəyişikliklər haqqında hesabatda uçot siyasətlərinin dəyişdirilməsi və səhvlərin düzəldilməsi nəticəsində kapitalın hər bir komponentinə edilən ümumi düzəlişlərin ayrıca açıqlanmasını tələb edir. Bu düzəlişlər təqdim olunan hər keçmiş dövr və hesabat dövrünün əvvəli üçün açıqlanmalıdır.

"Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları"nın 3 nömrəli əlavəsində "Kapitalda dəyişikliklər haqqında hesabat" forması verilibdir.

"Kapitalda dəyişikliklər haqqında hesabat" formasını buradan yükləyə bilərsiniz.

Yazı sonuncu dəfə 2019-02-14 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.