e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Kreditlə satış

Bəzi hallarda alqı-satqı müqaviləsində nəzərə alına bilər ki, alınan mallara görə ödənişi alıcı bir müddət sonra və ya hissə-hissə ödəyəcəkdir (yani ki ona kommersiya krediti verlir). Burada kommersiya krediti faizsiz və ya faizli ola bilər.

Faizli kredit olduqda, alıcı həm aldığı malın dəyərini, həm də ödənişin gec və ya hissə-hissə edilməsinə görə əlavə faiz ödəməli olur. Faiz məbləği satışdan olan gəlirləri artırır.

Faiz gəliri – müəssisəyə məxsus olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin istifadəsinə görə ödənişlərdir.

Misal. Faizli kreditlə satış.

Müəssisə MMC Qayalı MMC-yə mal satır. Alqı-satqı müqaviləsinə görə malın qiyməti 4 130 AZN (ƏDV daxil) təşkil edir.

Müqavilənin şərtlərinə görə Qayalı MMC malın dəyərini mal ona çatdırılandan sonra 60 gün ərzində ödəyə bilər. Eyni zamanda, hər günə görə əlavə olaraq malın dəyərinin 0.1% miqdarında faiz ödəməlidir.

Beləliklə, cəmi hesablanmış faiz məbləği olacaqdır:

4 130 AZN * 0.1% * 60 gün = 247.80 AZN Müəssisə MMC-nin mühasibi mühasibat uçotunda aşağıdakı müxabirləşmələri edəcəkdir:


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Malların satışı 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601-1 "Malların satışı" 3 500
2 Malların satışı - ƏDV 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 521-3 "Vergi öhdəlikləri - ƏDV" 630
3 Gec ödənişə görə faiz gəliri 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 631-1 "Faiz gəliri" 247.80
4 Satılan mallara görə ödəniş + faizlərin ödənişi 223 "Bank hesablaşma hesabları" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 3 747.80
5 Satılan mallara görə ödəniş - ƏDV 226 "ƏDV sub-uçot hesabı" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 630

AR Mülki Məcəlləsi

Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi

600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi

601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət

449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.



Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.