e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Məzuniyyət

AR Əmək Məcəlləsinin 112-ci Maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:

Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.

İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir.

İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqının hesablanması ilə excel faylda tanış ola bilərsiniz. Mezun_hesablama.xls

İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı işçi tərəfindən alınan bəzi ödənişlər nəzərə alınan, bəziləri isə nəzərə alınmır. Nəzərə alınan və alınmayan ödənişlərin siyahısı.

Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.

Məzuniyyət vaxtı üçün ödənlən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır:

Orta aylıq əmək haqqı = ((ƏH1*Ə1+ƏH2*Ə2+...)+ƏH)/N

Burada, ƏH1, ƏH2, ... - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əmək haqqının cəmi;

ƏH - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;

Ə1, Ə2, ... - son kütləvi artımından sonra tarif (vəzifə) maaşının əvvəlki artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətdən alınan təshih əmsalları;

N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.

Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.

Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması

Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı, vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.

Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.

İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır.

M<#601;zuniyyət haqqlarının ödənilməsi və hesablanması mühasibat uçotunda iki üsul ilə aparıla bilər: ehtiyatlardan istifadə etməklə və ya ehtiyatlarsız. Ehtiyat fondu yarandıqda məzuniyyətlər üzrə ödəmələr ehtiyat fondu hesabına hesablanır. Ehtiyat fondunun yaradılması nəzərdə tutulmayıbsa, məzuniyyət üzrə ödəmələr hər ay xərclər hesabında qeyd edilir.

Hesablanmış məzuniyyət üzrə ödəmələr, əmək haqqı kimi, müvafiq vergilərə cəlb edilir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Məzuniyyət haqqının hesablanması 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 10 000
2 Hesablanmış məzuniyyət haqqından gəlir vergisinin tutulması 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 521-2 "Vergi öhdəlikləri" 1 400
3 Hesablanmış məzuniyyət haqqından sosial sığorta haqqlarının tutulması 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 300


Yazı sonuncu dəfə 2018-10-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.