e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Nəğd vəsaitlərin kassada saxlanılması

Nəğd vəsaitlərin kassada saxlanılması, daşınması, yoxlamaların tarix və qaydaları müəssisənin rəhbərliyi tərəfindən müəyyən edilir.

Kassa limiti 03 Mart 2006-cı ilə kimi "Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında" Azərbaycan Respublikasının Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarı ilə müəyyən edilirdi. Bu Qərarın 3-cü bəndinə əsasən müvəkkil banklarla bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında müqavilə əsasında kassa limiti müəyyən edilməli, müəssisə və təşkilatlar üçün kassa limitinin məbləği onların aylıq əmək haqqı fondunun 5 faizindən çox ola bilməz.

03 Mart 2006-cı il tarixindən etibarən bu Qərar qüvvədən düşüb. Və kassa limiti ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Lakin müəssisə, öz daxili uçot siyasətinə əsasən kassa limiti ilə bağlı hər-hansı məhdudiyyətlər qoya bilər. Və ya kassa limiti müəssisə ilə ona xidmət göstərən bank arasında bağlanılan müqavilədən asılı ola bilər. Müəssisəyə kredit verən bank müəssisəyə kassa limiti ilə bağlı öz şərtini qoya bilər.

AR Vergi Məcəlləsinin 71.4 maddəsinə əsasən mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Bu kassa sənədlərinə də aiddir.

Aşağıdakı qaydalar nəğd pul vəsaitlərinin kassada saxlanılmasının təhlükəsizliyini təmin etmək üçün məsləhət görülür:

  • Kassa otağı digər otaqlardan təcrid olunmaqla aşağıdakı tələblərə cavab verməlidir:
    • yanğın və təhlükəsizlik tələblərinə cavab verməli;
    • qorunan sistemli dəmir qapısı olmalı;
    • otaq oda davamlı dəmir seyflə təchiz olunmalı;
    • kassa otağının alt hissəsi boşluq və ya zirzəmi olmamalıdır;
    • kassa əməliyyatları aparılan zaman otaq içəridən bağlı olmalıdır.
  • Kənar şəxslərin kassaya daxil olması qadağan edilməlidir.
  • Seyflərin (şkafların) açarı və möhür xəzinədarda, açarların surəti isə təşkilatın və ya onun müvafiq struktur bölməsinin rəhbərində (xəzinədar tərəfindən möhürlənmiş paketlərdə, mücrülərdə və s.) saxlanılır.
  • Müvafiq təşkilata aid olmayan nağd pulun və başqa qiymətlilərin onun kassasında saxlanılmasına yol verilmir.
  • Kassanı və seyfi (şkafı) açmamışdan əvvəl xəzinədar qıfılın, qapının, pəncərənin və möhürün bütövlüyünü yoxlamalıdır.
  • Möhürün çıxarılması və ya zədələnməsi, qıfılın, qapının və ya pəncərənin sındırılması, kassa açarlarının itirilməsi hallarında xəzinədar təcili olaraq bu barədə təşkilatın və ya onun müvafiq struktur bölməsinin rəhbərinə, o isə öz növbəsində hüquq mühafizə orqanlarına xəbər verməlidir. Bu halda rəhbərin, baş mühasibin və ya onu əvəz edən şəxsin, həmçinin xəzinədarın iştirakı ilə (hüquq mühafizə orqanlarının razılığı alındıqdan sonra) müvafiq əmr əsasında kassada saxlanılan nağd pul vəsaitləri və digər qiymətlilər yoxlanılır. Bu yoxlama bitənədək kassa əməliyyatları aparılmır. Yoxlamanın nəticəsi haqqında yoxlamada iştirak edən bütün şəxslər tərəfindən imzalanan üç nüsxədən ibarət akt tərtib olunur. Aktın bir nüsxəsi hüquq-mühafizə orqanlarına, digər nüsxəsi yuxarı təşkilatlara verilir, üçüncü nüsxəsi isə müvafiq təşkilatda qalır.
  • Kassa açarlarının hər hansı bir nüsxəsi itirildikdə dərhal təşkilatın rəhbərinə məruzə edilərək, qıfılların yenisi ilə əvəz edilməsi həyata keçirilməlidir.
  • Pulların daşınması zamanı xəzinadar mühafizə və nəqliyyat vasitəsi ilə təmin edilməlidir.
  • Xəzinədar işə qəbul edildikdən sonra təşkilatın və ya müvafiq struktur bölmənin rəhbəri onu kassa əməliyyatlarının aparılması qaydaları ilə rəsmi tanış etməli və onunla müəyyən olunmuş qaydada tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlamalıdır.
  • Xəzinədar tərəfindən, ona həvalə edilmiş işlərin başqa şəxslərə etibar edilməsinə yol verilmir.
  • Təşkilatlarda xəzinədarın əvəz edilməsi zamanı onun vəzifəsinin icrası təşkilatının rəhbərinin əmri ilə başqa işçiyə həvalə edilir. Xəzinədar vəzifəsinin icrası həvalə edilmiş işçi ilə tam maddi məsuliyyət barədə fərdi müqavilə bağlanılır.
  • Xəzinədarın işdən çıxdığı, məzuniyyətə getdiyi, xəstəliyi və digər səbəblərlə əlaqədar işdə olmadığı hallarda təşkilat rəhbərinin əmri ilə xüsusi komissiya təşkil edilir. Xəzinədar vəzifəsini icra edəcək şəxsin də daxil olduğu bu komissiya təşkilatın və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbərinin seyfində xüsusi surğuclanmış paketdə (mücrüdə) saxlanan kassa açarları ilə (xəzinədardakı açarları əldə etmək çətinləşdikdə) kassanın qapısını açır, xəzinədarın öhdəsində olan pul vəsaitlərini və digər qiymətliləri sayır, kassa qalığını müəyyən edir və üç nüsxədən ibarət qəbul-təhvil aktı tərtib edir. Akt imzalanıb təsdiq edildikdən sonra kassa bütün sənədlərlə birlikdə xəzinədar vəzifəsini icra edəcək şəxsə təhvil verilir. Qəbul-təhvil aktının birinci nüsxəsi mühasibatda saxlanılır. Xəzinədar vəzifəsini icra edən şəxsə bu qaydalar izah edilir və onunla tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanır.
  • Xəzinədar ştatı olmayan təşkilatda kassa əməliyyatlarının yerinə yetirilməsi təşkilatın rəhbərinin əmri ilə başqa işçiyə həvalə edilir və onunla tam maddi-məsuliyyət barədə fərdi müqavilə bağlanır.
  • Rübdə bir dəfədən az olmayaraq, təşkilatların kassasında olan bütün pulların və başqa qiymətlilərin qəfləti yoxlaması aparılır. Yoxlamanın nəticəsi müvafiq aktla rəsmiləşdirilir. Kassanın yoxlanılması təşkilatların rəhbərləri və ya mühasibat xidmətlərinin rəhbərləri tərəfindən yaradılan və il ərzində daimi fəaliyyət göstərən komissiya tərəfindən aparılır.


Yazı sonuncu dəfə 2019-02-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.