e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Torpaq, tikili və avadanlıqların əvəzsiz olaraq verilməsi

Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi zamanı aşağıdakı mühasibat yazılışları verilir:

  • tam amortizasiya olunmuş torpaq, tikili və avadanlıqların silinməsi zamanı 112 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • tam amortizasiya olunmamış torpaq, tikili və avadanlıqların silinməsi zamanı 731-9 "Əvəzsiz olaraq verilmiş aktivlər" hesabının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti, eyni zamanda 112 №li hesabın müvafiq subhesablarının debeti və 731-9 "Əvəzsiz olaraq verilmiş aktivlər" hesabının krediti üzrə.
  • Əvəzsiz verilmiş aktivlərə görə qalıq və ya bazar dəyəri əsasında hesablanılmış əlavə dəyər vergisinə 801 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
  • Əvəzsiz verilmiş torpaq, tikili və avadanlıqlar üzrə zərərlər 801 №li hesabın müvafiq subhesablarının debeti və 731-9 "Əvəzsiz olaraq verilmiş aktivlər" hesabının krediti üzrə mühasibat yazılışı verilir.
  • aktivlər üzrə yenidən qiymətləndirmə üzrə ehtiyat məbləğinə 331 №li hesabın müvafiq subhesablarının debeti və 343 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi zamanı aşağıdakı mühasibat yazılışları verilir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi qərara alındıqda - ilkin dəyəri silnir 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" -
2 Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi qərara alındıqda - yığılmış amortizasiya məbləği silinir 112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" -
3 Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi ilə bağlı xərclərin əks olunması 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" -
4 Əvəzsiz verilmiş torpaq, tikili və avadanlıqlar üzrə zərərin əks olunması 801 "Ümumi mənfəət (zərər)" 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" -
5 Əvəzsiz verilmiş tikili və avadanlıqların dəyəri (qalıq və ya bazar dəyəri) üzrə ƏDV hesablanması 801 "Ümumi mənfəət (zərər)" 521 "Vergi öhdəlikləri" -

Vergi uçotu

Əmlakın əvəzsiz qaydada digər şəxsə verilməsi əmlak üzərində mülkiyyət hüququnun başqasına verilməsi olduğu üçün əmlakın təqdim edilməsi sayılır. AR Vergi Məcəlləsinin 142-ci maddəsinə əsasən aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri təqdim edilən aktivin bazar qiyməti və onun qalıq dəyəri arasındakı fərqdən ibarətdir.

Aktivlərin təqdim edilməsindən yaranan zərər aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin qalıq dəyəri arasındakı fərqdən ibarətdir.

Bu halda əvəzsiz verilmiş (təqdim edilmiş) tikili və avadanlıqlar AR Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən bazar qiyməti və ya qalıq dəyəri ilə təqdimetmənin həyata keçirildiyi vaxt ƏDV cəlb edilir.

Onu da qeyd etmək lazımdır ki, AR Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün torpaq mal sayılmır və əvəzsiz verildikdə (təqdim edildikdə) onun dəyəri ƏDV cəlb edilmir.

Yazı sonuncu dəfə 2020-02-23 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.