e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Qiymətdən düşmə üzrə xərclər

Mühasibat uçotunda müəssisəyə məxsus olan bütün aktivlərin real bazar dəyər ilə əks etdirilə daim qiymətdən düşüb-düşməməsini yoxlamalıdır. Əgər aktivin balans dəyəri bərpa edilən dəyərdən çoxdursa, o zaman, aktiv qiymətdən düşmüş hesab edilir.

Aktivin balans dəyəri – yığılmış amortizasiya və qiymətdən düzmə zərərləri çıxıldıqdan sonra aktivin balans hesabatında tanınan dəyəridir.

Aktivin bərpa edilə bilən dəyəri - aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri ilə onun istifadə dəyəri müqayisə edildikdə, onların arasında daha böyük olan dəyər kimi müəyyən edilir.

Aktivlərin Qiymətdən düşməsi. IAS 36-na əsasən müəssisə, aktivin qiymətdən düşə biləcəyini göstərən hər-hansı daxili və xarici əlamətin mövcud olub olmadığını hər bir hesabat tarixində nəzərdən keçirməli və qiymətləndirməlidir. Bu əlamətlər aşağıdakılardır:

  • dövr ərzində aktivin dəyərinin gözləniləndən əhəmiyyətli dərəcədə daha çox aşağı düşməsi;
  • müəssisənin fəaliyyət göstərdiyi texnoloji, bazar, iqtisadi və ya hüquqi mühitdə və ya aktivin yönəldiyi bazarda dövr ərzində baş verən və ya yaxın gələcəkdə baş verəcək təsərrüfat subyekti üçün qənaətbəxş olmayan təsirə malik əhəmiyyətli dəyişikliklər;
  • bazar faiz dərəcələri və investisiya rentabelliyinin digər bazar dərəcələri dövr ərzində artmış və bu artım aktivin istifadə dəyərinin hesablanmasında istifadə olunan diskont dərəcəsinə təsir edə və aktivin bərpa edilə bilən məbləğini əhəmiyyətli dərəcədə aşağı sala bilər.
  • müəssisənin xalis aktivlərinin balans dəyəri onun bazar kapitallaşdırılmasından daha çoxdur.
  • aktivin mənəvi və ya fiziki köhnəlməsi əlamətləri;
  • aktivin iqtisadi göstəricilərinin aşağı düşməsi;

Bundan başqa, müəssisə öz mülahizəsinə görə uçot siyasətində başqa qiymətdən düşmə əlamətləri müəyyən edə bilər.

İstifadə müddəti qeyri-müəyyən olan qeyri-maddi aktivlər və qudvil qiymətdən düşmə əlamətlərin olub - olmasından asılı olmayaraq hər hesabat dövrünün sonunda qiymətdən düşmə halı üzrə yoxlanılmalıdır.

Aktiv, onun balans dəyəri bərpa edilə bilən dəyərindən artıq olduğu zaman qiymətdən düşmüş hesab edilir. Artıq olan məbləğ aktivin balans dəyərini azaldır və ya aktivlər arasında bərabər bölünür, zərər isə hesabat dövrünün zərərinə aid edilir.

Aktivin dəyəri bərpa dəyərinə qədər azaldıqdan sonra, aktivin amortizasiyası onun yeni balans dəyərinə və yeni istifadə müddətinə əsasən aparılmalıdır.

731-3 N-li "Qiymətdən düşmə üzrə xərclər" subhesabında mühasibat uçotu subyektinin aktivlərinin qiymətdən düşməsi nəticəsində yaranan xərcləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Qiymətdən düşmə üzrə xərclərə 731-3 №li subhesabın debeti və 102, 112 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

731-3 №li "Qiymətdən düşmə üzrə xərclər" subhesabında yığılmış məbləğlər hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debetində və 731-3 №li subhesabın kreditində əks etdirilməklə mühasibat yazılışı verilir.

Misal.

Telekommunikasiya sahəsində işləyən müəssisə abunəçilərinə mobil rabitə xidməti göstərir. Bu sahədə tez-tez yeni texnoloji kəşflər olduğundan müəssisə hər il onun balansında olan telekommunikasiya avadanlıqlarını qiymətdən düşmə üzrə test edir. Müəssisənin balansında 102 500 000 AZN dəyərində telekommunikasiya avadanlığı var. Bazarda olan rəqiblərin yeni texnoloqiyalardan istifadə etdiyinə görə müəssisə yeni kapital qoyuluşları edib bu yeni texnologiyaya keçmşdir. Nəticədə onun balansında olan 7 000 000 AZN dəyərində köhnə avadanlıq mənəvi köhnəlmiş hesab edilə bilər. Bu səbəbdən də müəssisənin aktivləri hesabat ilin sonuna yenidən qiymətləndirilmiş, və telekommunikasiya avadanlıqların bərpa dəyəri 7 000 000 azalmışdır.



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Telekommunikasiya avadanlıqların qiymətdən düşmə zərərləri əks olunur 731-3 "Qiymətdən düşmə üzrə xərclər" 112-2 "TTA üzrə qiymətdən düşmə zərərləri" 7 000 000
4 Hesabat dövrünün sonunda qiymətdən düşmə zərərləri ümumi zərərə silinir 801 "Ümumi mənfəət və zərər" 731-3 "Qiymətdən düşmə üzrə xərclər" 7 000 000

Vergi uçotu

Əsas vəsaitlərin qiymətdən düşmə nəticəsində yaranan xərclər müəssisənin vergi məqsədləri üçün mənfəətin hesablanması zamanı nəzərə alınmır. Belə ki, AR Vergi Məcəlləsinin 104.5 -ci maddəsinsə əsasən əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyildir.

Yazı sonuncu dəfə 2018-11-21 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.