e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İstehsalat məsrəfləri

İstehsalat məsrəflərinin uçotu və hazır məhsulun maya dəyərinin kalkulyasiyası Ehtiyatlar. IAS 2 ilə tənzimlənir. Standartda cari hesabat dövrünün mənfəətinə təsir edən kalkulyasiya metodlarının seçimi qaydaları müəyyən edilir. Bundan başqa, standartda dolayı istehsal məsrəflərinin bölüşdürülməsi ilə bağlı tövsiyələr də verilir.

İstehsalat uçotunda məhsulun maya dəyərinin müəyyən edilməsi üçün müxtəlif metodlardan istifadə edilə bilər:

  • mərhələ metodu;
  • proseslər metodu;
  • sifariş metodu;
  • normativ metod (Standart kostinq);
  • birbaşa məsrəflər əsasında kalkulyasiya metodu (Direkt kostinq);
  • tam maya dəyərinin kalkulyasiya metodu (Abzorbşn kostinq).

Müəssisədə istehsal edilən məhsulların maya dəyərinin hansı metodlardan istifadə edilərək müəyyən edilməsi müəssisənin uçot siyasətində əks olunmalıdır.

"Ehtiyatlar. IAS 2" adlı BMUS-tın 10-cu bəndində məhsulların maya dəyərinin kalkulyasiyası üçün tam maya dəyəri metodu (absorption costing) qeyd edilibdir. "Direkt-kostinq" metodundan fərqli olaraq, bu metoda görə məhsulun maya dəyərinə həm dəyişən, həm də sabit məsrəflər daxil edilir. "Direkt-kostinq" metodundan maliyyə hesabatlarının hazırlanması üçün istifadə edilmir. "Direkt-kostinq" metodu yalnız idarəetmə məqsədləri üçün istifadə edilir.

Bundan başqa, İAS 2. Ehtiyatlar standartında normativ metodundan istifadə də öz əksini tapıbdır. Misal üçün, standartın 14-cü bəndinə əsasən xammal, əmək haqqı və digər istehsal məsrəfləri üzrə normadan artıq sərf edilən məbləğlər ehtiyatların ilkin dəyərinə daxil edilməməli və yarandığı dövrdə xərc kimi tanınmalıdır. Material, bitməmiş istehsal və hazır məhsul ehtiyatları normativ metod ilə qiymətləndirilə bilərlər.

Bundan başqa, İAS 2. Ehtiyatlar standartının 12-ci bəndində məhsulun maya dəyərinə daxil edilən 3 qrup məsrəflər qeyd edilibdir:

  • birbaşa dəyişən istehsal məsrəfləri;
  • dolayı dəyişən istehsal məsrəfləri;
  • dolayı daimi istehsal məsrəfləri;

Birbaşa istehsal məsrəfləri istehsal olunan hazır məhsulların dəyərinə birbaşa, dolayı məsrəflər isə istehsal olunan hazır məhsulların dəyərinə müəyyən edilən üsul ilə bölüşdürülür.

Birbaşa dəyişən istehsal məsrəflərinə aiddir məhsulun istehsalı zamanı istifadə edilən xammal və materiallar, istehsal işçilərinin əmək haqqları, istehsal işçilərinin əmək haqqlarına hesabalanılan sosial sığorta ayırmaları və s.

Dolayı dəyişən istehsal məsrəflərinə isə istehsal həcminin dəyişməsi ilə dəyişən, lakin, texnoloji prosesin xüsusiyyətləri səbəbindən hazır məhsula birbaşa aid edilə bilməyən istehsal məsrəfləri aiddir. Bu tip məsrəflərin bariz nümunəsi kompleks istehsalda sərf edilən xammal və materiallardır.

Misal üçün, südün separasıyası zamanı süd təmizləyicinin separatorundan turşulaşması üçün xüsusi tutuma göndərilir, qaymaqlar isə nasoslar vasitəsilə qaymaqlar üçün nəzərdə tutulmuş separatora köçürülür və sonra soyudularaq qaymaq saxlanmaq üçün tutuma ötürülür. Beləliklə, südün separasiyası zamanı yağsız süd və qaymaq alınır. Xammal kimi istifadə edilmiş südün dəyərini istehsal edilən süd məhsullarına yalnız dolayı yolla bölüşdürmək olar.

Dolayı sabit(daimi) istehsal məsrəflərinə istehsal həcmindən asılı olmayaraq, nisbətən dəyişməz qalan məsrəflər aiddir. Misal üçün, istehsal tikili və avadanlıqlarının amortizasiyası, istehsal tikili və avadanlıqların işlək vəziyyətdə saxlanılması üçün texniki xidmət məsrəfləri, inzibati-idarəetmə istehsal məsrəfləri kimi tanınan istehsalat rəhbərlərinin və sair istehsalat işçilərinin əmək haqqları. Bu tip məsrəflər mühasibat uçotunda, adətən, istehsal olunan hazır məhsullara dolayı yolla, müəyyən edilmiş baza əsasında bölüşdürülür.

"IAS 2. Ehtiyatlar" standartının 13-cü bəndinə əsasən dolayı dəyişən məsrəflər istehsal olunan məhsulun maya dəyərinə faktiki istehsal həcminə proporsional olaraq bölüşdürülür. Yanı ki, bölüşdürmə bazası "faktiki istehsal gücü" olacaqdır. Müəssisənin faktiki istehsal gücü, bölüşdürmə bazası kimi, onun normal istehsal gücünə təxminən uyğun olduğu halda istifadə edilə bilər.

"IAS 2. Ehtiyatlar" standartının 13-cü bəndinə əsasən dolayı sabit(daimi) məsrəflərin istehsal olunan məhsulun maya dəyərinə bölüşdürülməsi müəssisənin normal iş şəraitində mövcud olan istehsal gücünə əsasən həyata keçirilir. Normal istehsal gücü - planlı texniki qulluğun göstərilməsi nəticəsində istehsal gücü üzrə itkilər nəzərə alınmaqla, normal fəaliyyət zamanı bir neçə dövr və ya iş mövsümü üzrə orta göstəricilər əsasında hesablanaraq əldə edilməsi gözlənilən istehsal həcmidir. Standartda həmçinin alternativ variant olaraq "faktiki istehsal həcmi" gösəricisindən də istifadə edilməsi nəzərdə tutulub. Lakin, qeyd edilibdir ki, faktiki istehsal həcmi, onun normal istehsal gücünə təxminən uyğun olduğu halda istifadə edilə bilər.

Beləliklə, məhsulların maya dəyərinə dolayı məsrəfləri, istehsal olunan ayrı-ayrı məhsul növləri arasında hər hansı bir əlamətə mütənasib olaraq, onların məbləğini şərti üsullarla bölüşdürürlər. Məsələn, faktiki istehsal həcminə, avadanlıqların iş vaxtına, istehsalat fəhlələrinin əmək haqqına, sərf edilən materialların dəyərinə və s. mütənasib olaraq.

Bölüşdürülməmiş məsrəflər yarandığı dövr üzrə xərc kimi tanınır.

İstehsal prosesi nəticəsində eyni vaxtda bir neçə məhsul istehsal edilə bilər. Belə hal, məsələn malların birgə istehsalı zamanı və ya əsas məhsulun istehsalı əlavə məhsulun istehsalı ilə əlaqəli olduqda yarana bilər. Hər bir məhsulun emal məsrəfləri ayrıca müəyyənləşdirilə bilmədikdə, onlar məhsullar arasında rasional və ardıcıl surətdə bölüşdürülür. Bölüşdürmə, məsələn hər məhsulun ya istehsal prosesinin məhsulların eyniləşdirilə bilən mərhələsində ya da istehsalın bitməsi mərhələsində nisbi satış dəyərinə əsaslana bilər. İkinci dərəcəli məhsullar, maddi dəyər baxımından təbiətcə əhəmiyyətli olmurlar. Belə hallarda, onlar adətən mümkün xalis satış dəyəri ilə qiymətləndirilir və bu məbləğ əsas məhsulun ilkin dəyərindən çıxılır. Nəticədə, əsas məhsulun balans dəyəri onun ilkin dəyərindən əhəmiyyətsiz dərəcədə fərqlənir.

Sair məsrəflər

Sair məsrəflər ehtiyatların ilkin dəyərinə yalnız onların hazırki vəziyyətə və əraziyə gətirilməsi zamanı yarandıqda daxil edilir. Məsələn, ehtiyatların ilkin dəyərinə qeyri-istehsal qaimə məsrəflərinin və ya konkret müştərilər üçün məhsulların hazırlanması üzrə məsrəflərin daxil edilməsi məqsədə müvafiq ola bilər.

Aşağıda qeyd olunmuş məsrəflər ehtiyatların ilkin dəyərinə daxil edilməməli və yarandığı dövrdə xərc kimi tanınmalıdır:

  1. xammal, əmək haqqı və digər istehsal məsrəfləri üzrə normadan artıq sərf edilən məbləğlər;
  2. istehsal prosesində növbəti mərhələyə keçid üçün lazım olan məsrəflər istisna olmaqla, saxlama (anbar) məsrəfləri;
  3. ehtiyatların hazırki vəziyyətə və əraziyə gətirilməsi ilə heç bir əlaqəsi olmayan inzibati qaimə xərcləri; və
  4. satış məsrəfləri.

"Borclar üzrə məsrəflər" adlı 23 No-li MUBS borclarla bağlı məsrəflərin ehtiyatların ilkin dəyərinə daxil edilməsini çox nadir hal kimi müəyyən edir.

Müəssisə ehtiyatları sonradan ödəmək şərti ilə əldə edə bilər. Müqavilə faktiki olaraq maliyyə elementini daxil etdikdə, bu element, məsələn normal kredit şərtlərinə əsaslanan alış qiyməti ilə ödənilmiş məbləğ arasındakı fərq, maliyyələşdirmə dövrü üzrə faiz xərci kimi tanınır.

İstehsal (xidmət, iş) məsrəfləri sənədləri

Bura müəssisənin anbarından (və ya xammal və materiallara görə maddi-məsul şəxsdən) müəssisənin istehsalat (xidmət, iş) sahəsinə verilən (ötürülən) xammal və materiallara dair müəssisədaxili qaimələr, tələbnamələr, aktlar, hesabatlar, xammal və materialların hazır məhsul vahidi üzrə məsrəf normasını təsdiq edən daxili sənədlər (şablonlar), kalkulyasiya cədvəlləri, təbii itki normalarını təsdiq edən daxili sənədlər, xüsusi hallarda materialların (azqiymətli əşyaların) silinməsi aktları, istehsalatdan çıxan hazır məhsulun satış anbarına və ya aidiyyəti maddi-məsul şəxsə təhvil verilməsi barədə müəssisədaxili qaimə və ya təhvil-qəbul aktı, cari göstərilən xidmətlərin və görülən işlərin tərkibini əks etdirən daxili aktlar və smetaların aid edilməsi məsləhət görülür.

Qeyd:

Nəzarət-kassa aparatının çeki və ya qəbz (notariuslar və müştərilərin hesabları üzrə bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.



Yazı sonuncu dəfə 2019-03-25 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.