e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Beynəlxalq Standartlara və Milli Standartlara əsaslanan ehtimallar (prinsiplər)

Mühasibat uçotunun aparılması zamanı Beynəlxalq Standartlara və Milli Standartlara əsaslanan ehtimallara (prinsiplərə), maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri və maliyyə hesabatları elementlərinin qiymətləndirmə metodlarına üstünlük verilir. Mühasibat uçotunu tənzimləyən qanunvericilik aktlarında əks olunan tələblərin və ya mühasibat uçotu subyektinin iş xüsusiyyətinin dəyişdirilməsi ilə əlaqədar, mühasibat uçotu subyektinin uçot siyasətinin müvafiq müddəalarında da düzəlişlər aparılmalı və istifadəçilərin diqqətinə çatdırılmalıdır.

Hesablama metodu.

Gəlirlər və xərclər təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı pul vəsaitlərinin və onların ekvivalentlərinin daxil olması və ya xaric olması zamanı deyil, bu əməliyyatların baş verdiyi anda tanınmalıdır.

Mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotu hesablama metodu əsasında aparılır və ona uyğun olaraq maliyyə hesabatları tərtib edilir. Bu metoda əsasən əməliyyatların və digər hadisələrin təsiri onların baş verdiyi (pul vəsaitləri və ya onların ekvivalentlərinin qəbul edildiyi və ya ödənildiyi vaxt deyil) zaman tanınır və uçot registrlərində qeyd edilir, habelə aid olduqları dövr üzrə maliyyə hesabatlarında təqdim edilir.

Hesablama metodu əsasında hazırlanan maliyyə hesabatları istifadəçiləri yalnız pul vəsaitlərinin ödənilməsi və alınması ilə bağlı keçmiş əməliyyatlar barədə deyil, eyni zamanda pul vəsaitlərinin gələcəkdə ödənilməsi üzrə öhdəliklər və gələcəkdə əldə edilməli olan pul vəsaitlərini ifadə edən resurslar barədə məlumatlandırır. Buna görə də, onlar iqtisadi qərarların qəbul edilməsi baxımından istifadəçilər üçün daha əhəmiyyətli olan keçmiş əməliyyatlar və digər hadisələr haqqında informasiyanı təmin edir.

Müəssisənin fəaliyyətinin fasiləsizliyi.

Müəssisənin fəaliyyətinin fasiləsizliyi konsepsiyası müəssisənin fəaliyyətinin davam edəcəyini və onun fəaliyyətinin dayandırılması və ya fəaliyyətinin həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin və ya niyyətinin olmadığını nəzərdə tutur.

Maliyyə hesabatları mühasibat uçotu subyektinin fəaliyyətinin davam etməsi və yaxın gələcəkdə fəaliyyətini davam etdirəcəyi ehtimalına əsaslanaraq hazırlanır. Mühasibat uçotu subyektinin fəaliyyətinin fasiləsizliyi konsepsiyası mühasibat uçotu subyektinin fəaliyyətinin davam edəcəyini və onun fəaliyyətinin dayandırılması və ya fəaliyyətinin həcminin əhəmiyyətli dərəcədə azaldılması (ixtisara salınması) zərurətinin və ya niyyətinin olmadığını nəzərdə tutur.

Maliyyə hesabatlarının hazırlanması zamanı aktivlərin və öhdəliklərin ilkin dəyəri onların qiymətləndirmə əsası kimi istifadə edildiyi halda, mühasibat uçotu subyektinin fəaliyyətinin fasiləsizliyi ehtimalı aktivlərin və öhdəliklərin ilkin dəyəri ilə qiymətləndirilməsinin tətbiq edilməsinə zəmin yaradır.

Əgər mühasibat uçotu subyektinin ləğv ediləcəyi ehtimal olunarsa, aktivlərin qiymətləndirilmə əsası kimi bu aktivlərin alınması üçün çəkilmiş məsrəflər deyil, onların ehtimal olunan satış dəyərindən (yəni, satış üzrə xərclər çıxılmaqla, satış qiyməti) istifadə olunur. Mühasibat uçotu subyektinin yaxın gələcəkdə ləğv olunacağı gözlənilərsə, aktivlərin ehtimal olunan satış dəyəri mühasibat uçotu subyekti tərəfindən onun öhdəliklərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin gözlənilən mədaxili barədə daha etibarlı məlumatı təmin edir.

Mühasibat uçotu subyektinin fəaliyyətində müəyyən sabitlik ehtimal olunduqda, onun uzunmüddətli aktivləri amortizasiya edilir. Əgər mühasibat uçotu subyektinin ləğv olunması labüddürsə, aktivlər qısamüddətli (dövriyyə) və uzunmüddətli (dövriyyədənkənar) kimi təsnifləşdirilmir. Bu zaman, bütün aktivlər ləğv olunması gözlənilən qısamüddətli aktivlər hesab olunur. Öhdəliklər isə, maliyyə hesabatlarının istifadəçiləri üçün bu öhdəliklərin kreditorlara ödənişlər prioritetləri əsasında təsnifləşdirilməsi, onların ənənəvi olaraq, qısamüddətli və uzunmüddətli öhdəliklər kimi təsnifləşdirilməsindən daha əhəmiyyətli hesab edilir.

Yazı sonuncu dəfə 2018-06-25 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.