101 Qeyri-maddi aktivlərin dəyəri
Qeyri-maddi aktivlər - fiziki əsası olmayan, lakin sahibkarın imtiyazı və hüququ əsasında dəyər yaradan dövriyyədənkənar aktivlərdir.
Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, gəlir gətirən, torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, patentlər, lisenziyalar, "nou-hau", proqram məhsulları, inhisar və imtiyaz (üstünlük) hüququ (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla), təşkilati xərclər, ticarət markaları, əmtəə nişanları və s. aiddir.
Qeyri-maddi aktivlər uçot və hesabatda onların alınmasına və planlı məqsədlərə işlənməsi üçün düzəldilib yararlı hala salınmasına çəkilən xərclərlə (ilkin dəyərinə) əks etdirilir və istifadə edildikcə onların dəyəri istismar müddətindən asılı olaraq müəssisə tərəfindən müəyyən edilmiş xüsusi köhnəlmə normaları əsasında hər ay (bərabər miqdarda) köhnəlmə hesablanaraq məhsulun (xidmətin) dəyərinə, tədavül xərclərinə silinməklə ödənilir. Faydalı istifadə müddətini müəyyən etmək mümkün olmayan qeyri-maddi aktivlər üzrə köhnəlmə normaları 10 il müddətinə (müəssisənin fəaliyyət müddətindən çox olmayaraq) müəyyən edilir.
Qeyri-maddi aktivlər ayrıca olaraq 12 N-li Milli Mühasibat Uçotu Standartında açıqlanır.
Qeyri-maddi aktivlər hesablar planının 101-ci "Qeyri-maddi aktivlərin dəyəri" hesabında ilkin dəyər ilə uçota alınır.
Bu hesaba qeyri-maddi aktivlərin növündən asılı olaraq sub-hesablar açıla bilər:
- 101-1 "Təcrübə-konstruktor işlərinin dəyəri" subhesabında təcrübə-konstruktor işləri üzrə yaradılmış qeyri-maddi aktivlərin dəyəri əks etdirilir.
- 101-2 "Ticarət markalarının dəyəri" subhesabında mühasibat uçotu subyektinin malik olduğu ticarət markalarının dəyəri əks etdirilir.
- 101-3 "Proqram təminatının dəyəri" subhesabında mühasibat uçotu subyektinin mülkiyyətində olan əldə edilmiş və ya yaradılmış proqram təminatlarının dəyəri əks etdirilir.
- 101-4 "Patentlərin dəyəri" subhesabında mühasibat uçotu subyektinin sahib olduğu patentlərin dəyəri əks etdirilir.
- 101-5 "Müəllif hüquqlarının dəyəri" subhesabında mühasibat uçotu subyektinin malik olduğu müəllif hüquqlarının dəyəri uçota alınır.
- 101-6 "Lisenziyaların dəyəri" subhesabında mühasibat uçotu subyektinin əldə etdiyi lisenziyaların dəyəri əks etdirilir.
- 101-7 "Qudvilin dəyəri" subhesabında mühasibat uçotu subyektlərinin birləşdirilməsi nəticəsində yaranan qudvilin dəyəri əks etdirilir.
- 101-8 "Digər qeyri-maddi aktivlərin dəyəri" subhesabında 101-1-ci-101-7-ci subhesablarda göstərilməyən digər qeyri-maddi aktivlərin dəyəri uçota alınır.
Əməliyyatlar
Qetri-maddi aktivlərin daxil olması
Qeyri-maddi aktivlər aşağıda göstərilən maliyyə-təsərrüfat əməliyyatları nəticəsində aktiv kimi tanınır:
- ayrıca əldə edildikdə (alındıqda);
- mühasibat uçotu subyektləriın fəaliyyətlərinin birləşdirilməsi nəticəsində əldə edildikdə;
- hökumət subsidiyası hesabına əldə edildikdə;
- aktivlərin mübadiləsi nəticəsində əldə edildikdə;
- daxili imkanlar hesabına yaradıldıqda.
1. Ayrıca əldə edilmiş (alınmış) qeyri-maddi aktivlərin ilkin dəyəri onun alış qiymətindən satış endirimləri çıxıldıqdan sonra gömrük idxal rüsumları və alışla bağlı bərpa edilməyən (əvəzləşdirilməyən) vergilər də daxil оlmaqla, aktivdən məqsədyönlü istifadə edilməsi üçün lazımi vəziyyətə gətirilməsinə çəkilən birbaşa məsrəflərdən ibarətdir. Bu zaman aşağıdakı mühasibat yazılışları verilir:
- qeyri-maddi aktivlərin dəyərinə 103 №li hesabın müvafiq subhesablarının debeti və 244, 302, 431, 432, 434, 435, 521, 523, 531, 532, 537, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
- əldə edilmiş qeyri-maddi aktivlərlə əlaqədar əlavə dəyər vergisinin hesablanması üzrə 241-1 №li subhesabın debeti və 244, 431, 432, 435, 531, 532, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
- əldə edilmiş qeyri-maddi aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;
- qeyri-maddi aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda 103 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə.
N |
Əməliyyatın məzmunu |
Debet |
Kredit |
1.1 |
Alınmış QMA dəyəri |
103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" |
531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" |
1.2 |
QMA-lərin istismara verilməsi |
101 "Qeyri-maddi aktivlər-Dəyər" |
103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" |
1.3 |
Alınmış QMA-lərə görə ödənişin edilməsi |
531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" |
223 "Bank hesablaşma hesabları" |
2. Qeyri-maddi aktivlərin mühasibat uçotu subyektləriın fəaliyyətlərinin birləşdirilməsi nəticəsində əldə edilməsi:
- qeyri-maddi aktiv mühasibat uçotu subyektlərinin birləşdirilməsi zamanı alınıbsa, əldə etmə tarixində həmin qeyri-maddi aktivin ilkin dəyəri onun ədalətli dəyərini əks etdirir;
- birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayarkən mühasibat uçotu subyekti analoji aktiv, öhdəlik, kapital, gəlir və xərc maddələrini sətirbəsətir toplamaqla əsas mühasibat uçotu subyektinin və onun törəmə cəmiyyətlərinin maliyyə hesabatlarını birləşdirir. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında qrup haqqında maliyyə məlumatlarının vahid iqtisadi subyekt kimi təqdim edilməsi üçün aşağıdakı addımlar atılmalıdır:
- əsas müəssisənin hər bir törəmə müəssisəyə qoyduğu investisiyanın balans dəyəri və əsas müəssisənin hər bir törəmə müəssisənin kapitalındakı payı ləğv edilir;
- birləşdirilmiş (konsolidə edilmiş) törəmə müəssisələrin hesabat dövrü üzrə mənfəət və ya zərərində nəzarət hüququ olmayan payı (azlıqların payı) müəyyənləşdirilir;
- birləşdirilmiş (konsolidə edilmiş) törəmə müəssisələrin xalis aktivlərindəki azlıqların payı əsas müəssisənin onlarda olan səhmdar payından ayrıca olaraq müəyyənləşdirilir. Xalis aktivlərdəki nəzarət hüququ olmayan payı aşağıdakılardan ibarətdir:
- ilkin birləşmə tarixində hesablanmış həmin nəzarət hüququ olmayan payı;
- birləşmə tarixindən etibarən nəzarət hüququ olmayan payının kapitalda dəyişikliklər üzrə payı;
- investisiya qoyuluşu ilə mühasibat uçotu subyektinin xalis aktivlərinin dəyəri arasındakı müsbət fərq qudvil kimi uçota alınır;
- investisiya qoyuluşu ilə mühasibat uçotu subyektinin xalis aktivlərinin dəyəri arasındakı mənfi fərq Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda əks etdirilir.
3. Qeyri-maddi aktivlərin hökumət subsidiyası hesabına (əvəzsiz) əldə edilməsi:
Hökumət mühasibat uçotu subyektinin aktivlərinə hava limanında enmə hüquqları, radio və televiziya stansiyalarının fəaliyyəti üçün lisenziyalar, ixrac lisenziyaları və ya digər məhdud resurslardan istifadə hüquqları kimi köçürmələr və ya ayırmalar etdiyi hallarda, bu qeyri-maddi aktivlər hökumət subsidiyaları hesabına əvəzsiz və ya nominal ödənişlə alınmış hesab edilir. Mühasibat uçotu subyekti qeyri-maddi aktivi və qrantı ilk olaraq ədalətli dəyərlə tanımaq seçiminə malikdir. Əgər mühasibat uçotu subyekti aktivi ilk olaraq ədalətli dəyərlə tanımazsa, bu halda mühasibat uçotu subyekti aktivi nominal dəyəri və aktivin nəzərdə tutulan istifadəyə hazır vəziyyətə gətirilməsi üçün çəkilən bilavasitə aidiyyəti xərclər məbləğində tanıyır.
4. Aktivlərin mübadiləsi nəticəsində əldə edilməsi.
Bir və ya bir neçə adda qeyri-maddi aktivlər qeyri-monetar aktivin və ya aktivlərin və ya monetar və qeyri-monetar aktivlərdən ibarət olan aktivlərin mübadiləsi hesabına alındıqda, aşağıdakı hallar istisna olmaqla belə qeyri-maddi aktivlərin ilkin dəyəri ədalətli dəyərlə qiymətləndirilir:
- mübadilə əməliyyatı kommersiya məzmunlu olmadıqda;
- alınmış (və ya verilmiş) aktivin və ya aktivlərin ədalətli dəyərinin etibarlı əsasda müəyyənləşdirilməsi mümkün olmadıqda.
Mübadilə nəticəsində əldə edilmiş qeyri-maddi aktivin ədalətli dəyərini müəyyən etmək mümkün olmadığı hallarda, onun dəyəri təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyəri ilə qiymətləndirilir. Təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyərini müəyyən etmək mümkün olmadığı hallarda əldə edilmiş qeyri-maddi aktivin dəyəri təhvil verilmiş aktivin (aktivlərin) balans dəyəri ilə qiymətləndirilir.
Mübadilə nəticəsində əldə edilmiş qeyri-maddi aktivlərlə əlaqədar aşağıdakı mühasibat yazılışları verilir:
- mübadilə nəticəsində əldə edilmiş qeyri-maddi aktivlərin mühasibat uçotunda əks etdirilməsi üçün 103 №li hesabın müvafiq subhesablarının debeti və 431, 432, 433, 435, 531, 532, 535, 536, 538 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
- mübadilə nəticəsində əldə edilmiş qeyri-maddi aktivlərlə əlaqədar əlavə dəyər vergisinin hesablanması üzrə 241-1 №li subhesabın debeti və 431, 432, 433, 435, 531, 532, 535, 536, 538 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
- mübadilə nəticəsində əldə edilmiş qeyri-maddi aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;
- mübadilə edilmiş aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda 113 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;
- əldə edilmiş qeyri-maddi aktivlərin mübadiləsi məqsədi ilə təqdim edilən aktivlərin dəyərinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 601, 611 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
- əldə edilmiş qeyri-maddi aktivlərin mübadiləsi məqsədi ilə təqdim edilən aktivlərə görə hesablanılmış əlavə dəyər vergisinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
- mübadilə nəticəsində əldə edilmiş qeyri-maddi aktivlər üzrə yaranmış kreditor borc məbləğləri mübadilə məqsədi ilə təqdim edilmiş aktivlərin dəyərinə görə yaranan debitor borc məbləğləri ilə əvəzləşdirildikdə 431, 432, 433, 435, 531, 532, 535, 536, 538 №li hesabların müvafiq subhesablarının debeti və 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının krediti üzrə.
Mübadilə üçün verilmiş aktivlər üzrə yığılmış amortizasiya məbləği olduğu hallarda həmin amortizasiya məbləği mübadilə üçün verilmiş aktivin ilkin dəyərindən çıxılır.
5. Daxili imkanlar hesabına yaradıldıqda.
Mühasibat uçotu subyektinin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlərin tanınma meyarlarına cavab verdiklərini qiymətləndirmək məqsədi ilə mühasibat uçotu subyekti aktivin yaradılmasını tədqiqat və təcrübə-konstruktor işləri mərhələlərinə bölür. Əgər mühasibat uçotu subyekti qeyri-maddi aktivi yaratmaq üçün daxili layihənin tədqiqat mərhələsini təcrübə-konstruktor işləri mərhələsindən fərqləndirə bilmirsə, bu zaman mühasibat uçotu subyekti bu layihə üzrə məsrəfləri yalnız tədqiqat mərhələsi zamanı yaranmış məsrəflər kimi uçota alır.
Tədqiqat mərhələsi üzrə (və ya daxili layihənin tədqiqat mərhələsindən) qeyri-maddi aktiv yaranmır. Bu zaman tədqiqat mərhələsi üzrə məsrəflər (və yaxud daxili layihənin tədqiqat mərhələsi zamanı yaranmış məsrəflər) yarandığı andan etibarən hesabat dövrünün xərcləri kimi uçotda əks etdirilir. Belə ki, 731 №li hesabın müvafiq subhesablarının debeti və 102, 112, 201, 204, 207, 241-1, 244, 432, 434, 435, 521, 522, 523, 531, 532, 533, 537, 538 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Təcrübə-konstruktor işləri zamanı yaranmış qeyri-maddi aktivlər (və yaxud daxili layihənin təcrübə-konstruktor işləri mərhələsi çərçivəsində yaranmış qeyri-maddi aktivlər) üzrə məsrəflər qeyri-maddi aktivlərin kapitallaşdırılması kimi uçotda əks etdirilir. Bu zaman 103 №li hesabın müvafiq subhesablarının debeti və 102, 112, 201, 204, 207, 241-1, 244, 431, 432, 434, 435, 521, 522, 523, 531, 532, 533, 537, 538 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Əldə edilmiş qeyri-maddi aktivlər istifadəyə verildikdə 101 №li hesabın müvafiq subhesablarının debeti və 103 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
6. Qeyri-maddi aktivlər əvəzsiz olaraq alındıqda.
Qeyri-maddi aktivlər əvəzsiz olaraq alındıqda 101 №li hesabın müvafiq subhesablarının debeti və 611 №li hesabın müvafiq subhesablarının kreditində göstərilir. Qeyri-maddi aktivlər satış məqsədi ilə saxlanılan digər aktivlərə keçirildikdə 206 №li hesabın müvafiq subhesablarının debeti və 101 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Eyni zamanda 102 №li hesabın müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının krediti ilə müxabirləşir. Satış məqsədi ilə saxlanılan qeyri-maddi aktivlərin satılması və ya əvəzsiz verilməsi ilə bağlı xərclər 731 №li hesabın müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının kreditində uçota alınır. Satılmış qeyri-maddi aktivlər üçün hesablanmış gəlirlər 211, 212, 217 №li hesabların müvafiq subhesablarının debeti və 611 №li hesabın müvafiq subhesablarının kreditində uçota alınır. Həmin gəlirlər üzrə 611 №li hesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Satılmış, əvəzsiz verilmiş və silinmiş qeyri-maddi aktivlər üzrə hesablanmış xərclər 801 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır.
QMA-rin alınması zamanı hesablarda yazılışlar ilkin sənədlər əsasında edilir: müqavilə, elektron qaimə-faktura.
N |
Əməliyyatın məzmunu |
Debet |
Kredit |
1 |
Qeyri-maddi aktivlərin alışı |
1.1 |
Alınmış QMA dəyəri |
103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" |
531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" |
1.2 |
QMA-lərin istismara verilməsi |
101 "Qeyri-maddi aktivlər-Dəyər" |
103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" |
1.3 |
Alınmış QMA-lərə görə ödənişin edilməsi |
531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" |
223 "Bank hesablaşma hesabları" |
2 |
Təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan QMA |
2.1 |
Təsisçilər tərəfindən QMA daxilolması |
101 "Qeyri-maddi aktivlər - Dəyər" |
302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" |
3 |
Müəssisənin daxili imkanları hesabına və ya kənar şəxslərin vasitəsi ilə QMA-rin yaradılması |
3.1 |
QMA yaradılması ilə bağlı əmək haqqı xərcləri |
103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" |
533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" |
3.2 |
QMA yaradılması ilə bağlı əmək haqqı xərcləri |
103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" |
533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" |
3.2 |
QMA-lərin istismara verilməsi |
101 "Qeyri-maddi aktivlər-Dəyər" |
103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" |
4 |
Əvəzsiz alınmış QMA |
4.1 |
Təsisçilər tərəfindən QMA daxilolması |
101 |
302 |
5 |
QMA dəyişmə yolu ilə əldə edilməsi |
5.1 |
Təsisçilər tərəfindən QMA daxilolması |
101 |
302 |
Yazı sonuncu dəfə 2020-01-05 tarixində yenilənib.
|