111 Torpaq, tikili və avadanlıqlar - Dəyər111 "Torpaq, tikili və avadanlıqların dəyəri" hesabı istifadə müddəti bir ildən artıq olan və istehsalda və ya mal-materialların çatdırılmasında, xidmətlərin göstərilməsində, habelə inzibati məqsədlər üçün istifadə edilməsi və digər tərəflərə icarəyə verilməsi üçün nəzərdə tutulan maddi aktivlərlə bağlı ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Torpaq, tikili və avadanlıqların tanınma meyarına cavab verən aktivlər ilkin olaraq ilkin dəyəri ilə uçota alınır. Torpaq, tikili və avadanlıqların ilkin dəyəri onun alış qiymətindən satış endirimləri çıxıldıqdan sonra gömrük idxal rüsumları və alışla bağlı bərpa edilməyən (əvəzləşdirilməyən) vergilər də daxil оlmaqla, ümumi sərf edilən məsrəflərdən, aktivdən mühasibat uçotu subyektinin rəhbərliyi tərəfindən müəyyən edilmiş tərzdə istifadə edilməsi üçün onun lazımi istismar yerinə və vəziyyətə gətirilməsinə çəkilən bütün birbaşa məsrəflərdən, obyektin alınması zamanı və ya onun ehtiyatlar yaratmaq məqsədi ilə deyil, digər məqsədlər üçün müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində demontajı və ləğvi, habelə onun yerləşdiyi sahənin bərpası kimi işlərin görülməsi üzrə mühasibat uçotu subyektinin öz üzərinə götürdüyü öhdəlik ilə əlaqədar çəkiləcək məsrəflərin ilkin smeta həcmindən ibarətdir. Torpaq, tikili və avadanlıqlar 7 N-li Milli Mühasibat Uçotu Standartında açıqlanmışdır. Torpaq, tikili və avadanlıqlar dövriyyədən kənar maddi aktivlər olaraq, müəssisə tərəfindən aşağıdakı məqsədlər üçün istifadə olunur:
Bu hesaba aşağıdakı subhesablar açıla bilər
111-1 "Torpağın dəyəri" subhesabında mühasibat uçotu subyektinin mülkiyyətində olan torpaq sahələrinin dəyəri əks etdirilir. 111-2 "Tikililərin dəyəri" subhesabında mühasibat uçotu subyektinin mülkiyyətində olan tikililərin (binalar və onların struktur komponentləri, qurğular (tikililər) və onların struktur komponentləri, ötürücü qurğular və onların struktur komponentlərinin) dəyəri əks etdirilir. 111-3 "Maşın və avadanlıqların dəyəri" subhesabında mühasibat uçotu subyektinin sahib olduğu, habelə istehsal və xidmət prosesində iştirak edən bütün növ maşın və avadanlıqlarının dəyəri əks etdirilir. 111-4 "Nəqliyyat vasitələrinin dəyəri" subhesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş hava nəqliyyatı vasitələrinin, dəmiryol nəqliyyatı vasitələrinin, su nəqliyyatı vasitələrinin, xidmət nəqliyyatlarının, istehsalat nəqliyyatlarının, avtomobil nəqliyyatlarının və idman nəqliyyatlarının dəyəri uçota alınır. 111-5 "Digər torpaq, tikili və avadanlıqlarının dəyəri" subhesabında mühasibat uçotu subyektinin sahib olduğu, habelə istehsal və xidmət prosesində iştirak edən digər torpaq, tikili və avadanlıqların dəyəri əks etdirilir. Torpaqların yaxşılaşdırılması üzrə əsaslı məsrəflər - kapital qoyuluşu hesabına aparılan torpaq sahələrinin əkin üçün planlaşdırılması, ərazinin kötükdən təmizlənməsi və əkinə hazırlanması, sahələrin daşlardan, kəsəklərdən, alaqlardan və başqa lüzumsuz bitkilərdən təimzlənməsi, kiçik təpəciklərin düzəldilməsi, nohurların təmizlənməsi və s. bu kimi torpaqların yaxşılaşdırılması işləri (tikinti əv quraşdırma işləri ilə əlaqəsi olmayan işlər) əsaslı məsrəflərə aiddir. Torpaq, tikili və avadanlıqların uçota alınması, onlarda yeni tikinti işləri aparıldıqda, onlara yeni avadanlıqlar quraşdırıldıqda və rekonstruksiya nəticəsində ilkin dəyərinin dəyişməsi 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" hesabının debetində və 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" hesabının kreditində əks olunur. Torpaq, tikili və avadanlıqların ilkin dəyərinin yenidənqiymətləndirmə nəticəsində dəyişməsi 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" hesbının 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat" hesabı ilə müxabirləşməsi ilə əks etdirilir. 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" hesabı üzrə analitik uçot Torpaq, tikili və avadanlıqların dəyəri növləri və ayrı-ayrı inventar obyektləri üzrə aparılır. Analitik uçotun qurulması Torpaq, tikili və avadanlıqların mövcud olması və hərəkəti haqqında məlumatların əldə edilməsini təmin etməlidir. Bu məlumatlar müxtəlif mühasibat uçotu hesabatlarının hazırlanması üçün (Torpaq, tikili və avadanlıqlar növlər, yerləşdiyi ünvanlar üzrə və s.) istifadə edilə bilər.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2020-03-29 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.