e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

131 Bioloji aktivlər - Dəyər

Bioloji aktivlər canlı heyvan və ya bitkilərdir. Onlar kənd təsərrüfatı fəaliyyətində istifadə edilirlər.

Kənd təsərrüfatı fəaliyyəti bioloji aktivlərin satışını, kənd təsərrüfatı məhsullarının istehsalını və ya əlavə bioloji aktivlərin yetişdirilməsini əhatə edir.

Kənd təsərrüfatı fəaliyyəti zamanı bioloji aktivlər bioloji transformasiyaya məruz qalırlar. Və bunun nəticəsində kənd təsərrüfatı məhsulları yaranır. Kənd təsərrüfatı məhsulları "Bioloji aktivlər" hesabında deyil, "Ehtiyatlar" hesabında uçota alınırlar. Misal üçün, meyvə ağacları bioloji aktivlərdir, yığılmış meyvələr kənd təsərrüfatı məhsullarıdır, meyvələrdən hazırlanmış şirələr isə kənd təsərrüfatı məhsulundan hazırlanmış məhsuldur. Və ya başqa bir misal, üzüm tənəyi - bioloji aktivdir, yığılmış üzüm kənd təsərrüfatı məhsuludur, üzümdən hazırlanmış sirkə isə kənd təsərrüfatı məhsulundan hazırlanmış məhsuldur.

Canlı heyvanları aşağıdakı kimi təsnifləşdirmək olar:

  1. İşçi heyvanlar: - atlar, öküzlər, dəvələr və başqa işçi heyvanlar (idman atları və bşqa nəqliyyat heyvanları da daxil olmaqla) işçi heyvanlara aiddir.
  2. Məhsuldar və damazlıq heyvanlar: - inəklər, döl öküzləri, camışlar, döl kəlləri, döl ayğırları, ilxıya qoşulmuş damazlıq madyanlar, damazlıq dəvələr,döl nərləri, ana marallar, döl üçün erkək marallar, döl qabanları, damazlıq donuzlar, damazlıq qoyunlar, damazlıq keçilər, dölük qoçlar, döllük təkələr və başqaları məhsuldar və damazlıq heyvanlara aiddir.

Bitkilər aşağıdakı kimi təsnifləşdirmək olar

Çoxillik əkmələr: - yaşından asılı olmayaraq mədəni çoxillik əkmələr, bütün növ meyvə və giləmeyvə çoxillik əkmələri (ağaclar və kollar) , küçələrdə, meydanlarda, parklarda, bağlarda, müəssisələrin ərazi baxçalarında, yaşayış binalarının həyətlərində və bu kimi başqa yerlərdə əkilən yaşıllaşdırma və dekarativ çoxillik əkmələr, qumsallığın və sahillərin bərkidilməsi məqsədilə əkilən çoxillik əkmələr elmi-tədqiqat institutlarında, botanika bağlarında və bu kimi başqa yerlərdə tədqiqat və başqa məqsədlər üçün əkilən çoxillik əkmələr.

131 N-li "Bioloji aktivlər - Dəyər" hesabında müəssisəyə məxsus və kənd təsərrüfatında istifadə edilən bioloji aktivlərin mövcudluğu və hərəkəti uçota alınır. Bioloji aktivlərin tanınması və uçotu 28 N-li "Kənd Təsərrüfatı Üzrə" Milli Mühasibat Uçotu Standartında açıqlanıbdır.

131 №li "Bioloji aktivlərin dəyəri" hesabına aşağıdakı subhesablar açılır:

  • 131-1 "Bitkilərin dəyəri";
  • 131-2 "Heyvanların dəyəri";

131-1 "Bitkilərin dəyəri" subhesabında müəssisənin mülkiyyətində olan və bioloji aktivlər kimi təsnifləşdirilən bitkilərin dəyəri əks etdirilir. Bioloji aktiv kimi təsnifləşdirilən bitkilərə kənd təsərrüfatı məhsullarının istehsalını təmin edən çoxillik əkmələr aiddir. Şalban istehsalı üçün plantasiyada əkilmiş ağaclar, çay yarpaqlarının yığılması üçün çay kolları, üzüm istehsalı üçün əkilmiş üzüm tingləri, meyvələrin istehsalı üçün əkilmiş meyvə ağacları və bu kimi çoxillik əkmələr bioloji aktivlərin bitkilər kateqoriyasına aid edilir.

"Heyvanların dəyəri" subhesabında müəssisənin mülkiyyətində olan və bioloji aktivlər kimi təsnifləşdirilən heyvanların dəyəri əks etdirilir. Bioloji aktiv kimi təsnifləşdirilən heyvanlara kənd təsərrüfatı məhsullarının istehsalını təmin edən heyvanlar, habelə işçi heyvanlar aiddir. Yun əldə etmək üçün saxlanılan dəvə, qoyun, həmçinin ət, süd istehsalını təmin etmək üçün mal-qara və bu kimi heyvanlar, habelə işçi heyvanlar bioloji aktivlərin heyvanlar kateqoriyasına aid edilir.

Bioloji aktivlər ilkin tanınma və hər maliyyə hesabatların təqdim etmə tarixlərində, satışa hazır olan zaman qiymətləndirilmiş dəyər çıxılmaqla, özünün ədalətli dəyərində qiymətləndirilir.

Ədalətli dəyər dedikdə bir-birindən asılı olmayan, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatları həyata keçirməkdə maraqlı olan tərəflər arasında əməliyyatların icrası zamanı aktivlə əvəz edilməsi və ya öhdəliklərin əvəzində ödənilməsi mümkün olan vəsaitlərdir.

Yazı sonuncu dəfə 2019-04-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.