e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

601 Satış

Əsas əməliyyat gəliri müəssisənin əsas fəaliyyət növündən əldə olunan gəlirdir. Bu gəlirin tanınması və qiymətləndirilməsi 6 N-li Milli Mühasibat Uçotu Standartına əsasən həyata keçirilməklə, "Satış" adlı 601 nömrəli hesabda göstərilməlidir. Əsas əməliyyat gəliri malların satışından, xidmətlərin göstərilməsindən, royaltilərdən, həmçinin 16 N-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq tikinti müqavilələrindən, 14 N-li Milli Mühasibat Uçotu Standartının tələbləri əsasında isə əməliyyat icarəsindən və digər satış əməliyyatlarından əldə oluna bilər.

601 "Satış" hesabına aşağıda qeyd edilən sub-hesablar açıla bilər:

  • 601-1 Malların satışı
  • 601-2 Xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir
  • 601-3 Tikinti müqavilələri üzrə gəlir
  • 601-4 Royalti gəliri
  • 601-5 Əməliyyat icarəsi üzrə gəlir
  • 601-6 Digər əməliyyat gəliri

Sənaye müəssisələri yüklənmiş məhsul, yerinə yetirilmiş iş və göstərilmiş xidmətlər üçün hesablaşma sənədlərini ödəmək üçün alıcılara (sifarişçilərə) təqdim etdikcə, orada göstərilən məbləğləri 601 "Satış" hesabının kreditində və 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının debetinə əks etdirilir. Eyni zamanda yüklənmiş məhsulun, iş və xidmətlərin maya dəyəri 701 "Satışın maya dəyəri" və başqa hesabların kreditindən 801 "Ümumi mənfəət (zərər)" hesabının debetinə silinir.

Məhsul (mal, iş, xidmətlərin) satışından əldə edilən nəticələr hər ay 601 "Satış" hesabından 801 "Ümumi mənfəət (zərər)" hesabına silinir.

Məhsulların (iş və xidmətlərin) və malların satışından mənfəət (zərər) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş vergilər və digər məcburi ödənişlər nəzərə alınmadan qüvvədə olan qiymətlərlə məhsulların (iş və xidmətlərin) satışından gələn gəlirlərlə onların istehsalına və satışına çəkilən xərclər arasındakı fərq kimi müəyyən edilir.

Misal.

Müəssisə parfumeriya mallarının satışı ilə məşğuldur, və ay ərzində müştərilərinə 35 400 manat (ƏDV daxil) dəyərində mallar satıb.



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Ay ərzində parfumeriya mallarının satışı (ƏDV-siz) 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601 "Satış" 30 000
2 Satılan parfumeriya mallarının ƏDV-si 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 521 "Vergi öhdəlikləri" 5 400
3 Satılan parfumeriya mallarının maya dəyəri müəyyən edilir 701 "Satışın maya dəyəri" 205 "Mallar" 24 000
4 Satılan parfumeriya mallarının maya dəyəri silinir 801 "Ümumi mənfəət (zərər)" 701 "Satışın maya dəyəri" 24 000
5 Kommersiya xərcləri silinir 801 "Ümumi mənfəət (zərər)" 711 "Kommersiya xərcləri" 2 000
6 Keçirilən satış əməliyyatlarından gəlir silinir 601 "Satış" 801 "Ümumi mənfəət (zərər)" 30 000


Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.