e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

226 ƏDV sub-uçot hesabı

226 "ƏDV sub-uçot hesabı" ƏDV depozit hesabında olan ƏDV məbləğlərinin mövcudluğu və hərəkətini uçota almaq üçün nəzərdə tutulub.

ƏDV depozit hesabında olan əməliyyatları nizamlayan normativ-hüquqi akt:

Nazirlər Kabinetinin 30.12.2007 tarixində gəbul etdiyi 219 N-li Qərarı:"Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydalarının" təsdiq edilməsi haqqında.

Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı Dövlət Xəzinədarlığı Agentliyində açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir.

ƏDV sub-uçot hesabı – ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir.

226 "ƏDV sub-uçot hesabı" hesabının debeti üzrə ƏDV məbləğlərinin mədaxili, krediti üzrə isə məxarici əks etdirilir.

ƏDV depozit hesabına vəsaitlər mədaxil oluna bilər:

  • vergi ödəyicisinin bank hesabından;
  • digər vergi ödəyicisinin bank hesabından;
  • bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən.

ƏDV depozit hesabından vəsaitlər məxaric oluna bilər:

  • əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi üçün;
  • vergi ödəyicisinin rəsmi müraciətinə əsasən .
ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır:
  • dövlət büdcəsinə;
  • dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına;
  • ƏDV sub-uçot hesablarına.
Alınmış elektron qaimə-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər.

Misal. ƏDV ödəyicisi olan müəssisə müştərisi olan başqa bir müəssisəyə 23 600 manat (o cümlədən 3 600 manat ƏDV) xidmət göstərmişdir. Müştəri xidmət haqqının əsas məbləğini müəssisənin bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürmüşdür.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Xidmətlərin göstərilməsi. 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601 "Satış" 23 600
2 Göstərilən xidmətlərdən büdcəyə hesablanan ƏDV 601 "Satış" 521-3 "Vergi öhdəlikləri-ƏDV" 3 600
3 Müştəri tərəfindən əsas məbləğin bank hesabına ödənilməsi 223 "Bank hesablaşma hesabları" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 20 000
4 Müştəri tərəfindən ƏDV məbləğin ƏDV depozit hesabına köçürülməsi 226 "ƏDV sub-uçot hesabı" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 3 600

Misal. ƏDV ödəyicisi olan müəssisə başqa bir müəssisədən 11 800 manat (o cümlədən 1 800 manat ƏDV) məbləğində xammal almışdır. Müəssisə malların qymətinin əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə öz ƏDV depozit hesabından satıcının ƏDV depozit hesabına köçürmüşdür.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Xammalların alınması. 201 "Xammal və materiallar" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 10 000
2 Alınan xammallara görə ödəniləcək ƏDV-nin uçotu 241 "Əvəzləşdirilən ƏDV" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 1 800
3 Alınan xammallara görə əsas məbləğin satıcının bank hesabına ödənilməsi 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 10 000
4 Alınan xammallara görə ƏDV-nin müəssisənin ƏDV depozit hesabından satıcının ƏDV depozit hesabına ödənilməsi 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 226 "ƏDV sub-uçot hesabı" 1 800

Dövlət büdcəsinə vergilər üzrə borcların ödənilməsi əməliyyatı 226 "ƏDV sub-uçot hesabı" hesablnln krediti və 521 "Vergi öhdəlikləri" hesabın krediti üzrə əks etdirilir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Dövlət büdcəsinə ƏDV üzrə borcun ƏDV depozit hesabından ödənilməsi. 521-3 "Vergi öhdəlikləri-ƏDV" 226 "ƏDV sub-uçot hesabı" 1 800

Əgər alıcı olan vergi ödəyicisi öz bank hesabından satıcının ƏDV depozit hesabına pul köçürərkən ödəniş tapşırığının B2. Vəsaiti alan bölməsində satıcının VÖEN-i düzgün qeyd etməyibsə və vəsaiti ödəyən ƏDV qeydiyyatında deyilsə, həmin vəsait "ƏDV-nin naməlum sub-uçot hesabı"-na mədaxil edilməklə dövlət büdcəsinə köçürülür və həmin məbləğ vəsaiti ödəyən vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir. Həmin əməliyyat 226-1 "ƏDV-nin naməlum sub-uçot hesabı"ının debetində uçota alınır.

Misal. ƏDV ödəyicisi olan müəssisə başqa bir müəssisədən 11 800 manat (o cümlədən 1 800 manat ƏDV) məbləğində xammal almışdır. Müəssisə malların qymətinin əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə öz bank hesabından satıcının ƏDV depozit hesabına köçürmüşdür. Lakin, ödəniş sənədlərində satıcının VOEN-i düzgün göstərilmədiyindən ödənilən ƏDV məmləği müəssisənin naməlum sub-uçot hesabına daxil olmuşdur. Bir müddət sonra sistemdə satıcının VOEN-i bölməsində düzəliş edilmiş və ƏDV məbləği naməlum sub-uçot hesabından satıcının ƏDV depozit hesabına köçürülmüşdür.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Alınan xammallara görə əsas məbləğin satıcının bank hesabına ödənilməsi 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 10 000
2 Alınan xammallara görə ƏDV-nin müəssisənin bank hesabından satıcının ƏDV depozit hesabına ödənilməsi 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 1 800
3 Satıcının VOEN-i düzgün göstərilmədiyindən ƏDV məbləğinin naməlum sub-uçot hesabına mədaxil olunması 226-1 "Naməlum ƏDV sub-uçot hesabı" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 1 800
4 Satıcının VOEN-i düzgün göstərildiyindən sonra ƏDV məbləğinin naməlum sub-uçot hesabından satıcının ƏDV depozit hesabına köçürülməsi 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 226-1 "Naməlum ƏDV sub-uçot hesabı" 1 800


Yazı sonuncu dəfə 2020-01-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.